Xəbər lenti



TƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır.

Bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. 

Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.



Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik.

Hörmətli qonaqlar, əziz dostlar.

Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq.

Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.

Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi.

Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.

Mən xarici qonaqları səmimiyyətlə salamlayıram. Builki “Xarıbülbül” festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər.

Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun.

x x x

Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış etdi.

Salim bin Məhəmməd əl-Malikin
çıxışı

- Rəhimli və mərhəmətli Allahın adı ilə.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Məhəmməd Peyğəmbərə salam və dua olsun!

Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva.

Hörmətli iştirakçılar, hörmətli nazirlər, səfirlər, hörmətli qonaqlar.

Allahın salamı, rəhməti və bərəkəti sizə olsun.

O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?

Şuşa 1751-ci ildə banisi Pənahəli xan tərəfindən ümidlərlə salınıb. Dünya şəhərlərini qoynuna alaraq öz mədəniyyəti ilə onları tanış edib, öz ticarət əlaqələrini möhkəmləndirib. Onun tacirlərinin əks-sədası bütün dünyadan gəlib. Onlar oralara təkcə xalça, qumaş parçalar və mərmər deyil, həm də şeir, poeziya, fəlsəfə, gözəl tablolar göndəriblər. Göndərilənlər içərisində musiqi alətləri də var idi. Ustalar onları sevgi ilə hazırlayıb və nadir yaradıcılıq nümunələri kimi şəhərlərə paylayıblar.

Şuşa daim yüksəklikdə, ucalıqdadır. Onun mütəfəkkirləri, yaradıcı insanları Şuşanın Qafqaz müsəlman kimliyini öz qələmlərində və mürəkkəb qablarında daşımışlar. Onunla Azərbaycan insanının şəxsiyyətini, mədəniyyət hüdudlarını qoruyub saxlamışlar. Buna görə də şəhərin bayrağı daim uca olmuşdur. Qəddar düşmənlər onun şirinliyini ələ keçirmək üçün hər zaman pusquda durmuşlar, lakin şəhər çox keçməmiş öz əziz vətəninin qoynuna qayıtmışdır, qəlblərdə əbədi qalmışdır. Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu, ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini, dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, bəstəkar Fikrət Əmirovu, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Dünən böyük xanəndə Bülbülün evində olanda divarlar, mebellər, ağacların kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir, övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir, enməyən bir bayrağa işarə edir.

Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Belə ki, bu Fond, Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir.

Bu, hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təəccüblü deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir.

Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Şuşanın əzəmətini bilənlərdə iftixar hissləri coşdu.

Həmin dövrdə ICESCO uzaqda deyildi, Azərbaycan xalqını sevindirən onu da sevindirdi, cəmiyyətin sevincinə qoşuldu. Buna görə də təşkilat vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar.

ICESCO, həmçinin buraya irs missiyası göndərib və bu, azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Bu, tarix kitablarında və vəfa dəftərində qalacaq həqiqətdir. ICESCO bu işə dünən başlamışdır. Amma təşkilat bu gün və sabah da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək, sevinc və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğullarının və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin və saflıq müşkünün daşıyıcısı olan şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya eşq olsun!

Cənab Prezident, Sizə, Birinci vitse-prezidentə, hökumət və parlament üzvlərinə, bütün Azərbaycan xalqına mübarəkdir deyirəm. Allah Şuşanı hifz etsin. Allah Azərbaycanı qorusun. Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır! Sağ olun.

x x x

Çıxışlardan sonra açılış konserti keçirildi.

Konsertdə “Xarıbülbül”ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil oldu.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Açılış konsertində müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin “Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən “Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs qrupu və digərləri çıxış etdilər. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb.

Xatırladaq ki, festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam edəcək.

x x x

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatıb. “Xarıbülbül” festivalı 1990-cı ildə beynəlxalq status alıb. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdədə təşkil olunub.

Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı genişlənərək Laçını da əhatə edir.

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.



“Qarabağ Universitetinə qəbul planı təsdiqlənib”.

 “Report”xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: “Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq”.

E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: “Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb”.

Nazirin sözlərinə görə, universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq: “Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq”.



Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəıncam imzalayıb. Sərəncama əsasən,  “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

ağır cinayətlər məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

Kərimov Arzuyar Sadıq oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Vəliyeva Ayşən Umud qızı

hərbi məhkəmələr üzrə:

Füzuli Hərbi Məhkəməsi

İsmayılov Roman İsmayıl oğlu

inzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Tağıyeva Ruhiyə Nadim qızı

Sumqayıt İnzibati Məhkəməsi

Axundova Aynur Oqtay qızı

Şirvan İnzibati Məhkəməsi

Quliyeva Rəşidə Paşa qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Vəliyeva Elnarə Fəxrəddin qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Miriyeva Həbibə Novruz qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Məmmədli Samirə Məhəmməd qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Xəlil Ülkər Abdurahman qızı

Oruclu Aydan Adəm qızı

Seyidov Mirsadiq Mirsəttar oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Kərimova Firuzə Şahin qızı

Beyləqan Rayon Məhkəməsi

Cabbarlı Xatın Mahir qızı

Bərdə Rayon Məhkəməsi

Abdullayev Fərman Firidun oğlu

Abdullayev Ziya Yaşar oğlu

Biləsuvar Rayon Məhkəməsi

Rəsulova Mədinə Camal qızı

Cəlilabad Rayon Məhkəməsi

Vəliyev Osman Akif oğlu

Füzuli Rayon Məhkəməsi

Məmmədli Səkinəxanım Naib qızı

İmişli Rayon Məhkəməsi

Mahmud Orxan Əlövsət oğlu

Kürdəmir Rayon Məhkəməsi

Mehdiyev Rahid Baxşəli oğlu

Qax Rayon Məhkəməsi

Kərimov Taleh Etibar oğlu

Qazax Rayon Məhkəməsi

Mansırov Elçin Faxrəddin oğlu

Lerik Rayon Məhkəməsi

Zeynalov Yusif Səmədağa oğlu

Masallı Rayon Məhkəməsi

Abbasova Ellara Həsən qızı

Abdullayev Coşqun Şamil oğlu

Saatlı Rayon Məhkəməsi

Qasımov Vüqar İnqilab oğlu.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

Elnur Heydər oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilib;

Emin Ağamusa oğlu Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib;

Rahim Təşəkkül oğlu Həsənov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi təyin edilib;

Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi təyin edilib;

Günay Rövşən qızı Həşimova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib;

Qamət Mehman oğlu Əbilov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilib;

Sevinc Məhəmməd qızı Quliyeva Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib;

Mübariz İsfəndiyar oğlu Məmmədov Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilib;

Ülvi Oktay oğlu Qənbərov İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib;

Qalib Hidayət oğlu Paşayev Cəlilabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yevlax Rayon Məhkəməsinin hakimi təyin edilib.



“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır.  

“Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk”, - deyə T.Budaqov qeyd edib. 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə gün əvvəl verdiyi açıqlamada noyabrın əvvəli keçirilməli olan parlament seçkilərinin vaxtının irəli çəkiləcəyini bildirmişdi. 



Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Bundan məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

Layihəyə torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi daxildir.

Xatırladaq ki, 1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır. Daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmi-beton üzlüyü yenidən qurulub. Həmçinin birmərtəbəli gözətçi evi və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi, su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Qeyd olunub ki, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib. Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın, mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək.

Dövlət başçısı Köndələnçay su anbarları kompleksini işə salıb.

***

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Diqqətə çatdırılıb ki, yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Sonra dövlət başçısı ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışını edib.

Prezident İlham Əliyev işçilərlə birgə foto çəkdirib.

Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dördüncü tunelin giriş və çıxış hissəsinə baxış keçirilib.

Məlumat verilib ki, yolun 73,7-ci kilometrliyindəki tunelin sol hissəsi 679,8 metr, sağ hissəsi isə 680,6 metrdir. Tuneldə qazma işləri başa çatdırılıb. Hazırda daxili işlər görülür.

 

 




















 


Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) ölkənin müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.

Timur İvanov azı 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinir.

Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

 

 

 
 
 


“Azərbaycan ötən ilin sentyabrında öz ərazi bütövlüyünü tam bərpa edəndən və Qarabağın, həmçinin ətraf rayonların işğalına son qoyandan sonra Bakı və İrəvan sülh sazişinin bağlanılması üçün unikal imkan əldə ediblər. Çünki sülh yolunda ən böyük maneə - ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni hərbi mövcudluğu məsələsi - öz həllini tapdı. Bu səbəbdən bu gün tərəflər heç bir zaman olmadığı qədər sülhə daha yaxındırlar”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Bakı və İrəvanın sülh sazişinin bağlanmasına həmişəkindən daha yaxın olması ilə bağlı dediklərini şərh edib.

Onun sözlərinə görə, aprelin 19-da delimitasiya üzrə komissiyaların son iclasında Ermənistanın Qazaxın ötən əsrin 90-cı illərindən işğalda saxladığı dörd kəndindən qoşunlarını çıxarmasına razılaşması azı üç nöqteyi-nəzərdən çox vacibdir:

“Birincisi, qərar üçüncü tərəfin iştirakı olmadan, Bakı və İrəvan arasında birbaşa ikitərəfli danışıqlar əsasında verilib. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan siyasi iradə olacağı təqdirdə məsələləri həll etmək vəziyyətindədirlər. İkinci məsələ, Ermənistanın ilk dəfə Azərbaycanla müharibə nəticəsində deyil, diplomatik danışıqlarla işğala son qoymaq qərarına gəlməsidir”.

E.Əmirbəyov üçüncü məsələnin də mahiyyət etibarilə çox vacib olduğunu bildirib:

“Qərarla, həmçinin, Azərbaycanın Ermənistanın güc tətbiq etməklə qalan məsələləri həll etməyi planlaşdırmaları ilə bağlı əsassız iddiaların qəbuledilməz və əsassız olduğu sübuta yetirilib. Ermənistan və onu dəstəkləyənlər tərəfindən süni şəkildə yaradılan və hələ də davam etdirilən bu narrativ sülh prosesinin perspektivlərinə dağıdıcı təsir göstərir. Ona görə də ümid edirik ki, 19 aprel qərarı sübut edəcək ki, Azərbaycanın Ermənistana qarşı güc tətbiq etmək istəyi yoxdur və biz qalan məsələləri sülh danışıqları yolu ilə həll etməyə hazırıq”.

O vurğulayıb ki, sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələr aradan qaldırılmalıdır:

“Birincisi, Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipinə şəksiz hörmətə əsaslanmasından çıxış ediriksə, İrəvan sülh sazişinin mahiyyəti ilə hazırda Ermənistan qanunvericiliyində, o cümlədən Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarının yer aldığı, “Qarabağ Ermənistanın bir hissəsidir” sözlərinin qeyd olunduğu Konstitusiyası arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün lazımi addımlar atmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın özünün Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etdiyini nəzərə alsaq, bu uyğunsuzluq aradan qaldırılmalıdır.

Sülh yolunda ikinci çağırış ondan ibarətdir ki, biz, həqiqətən, ümid edirik ki, Ermənistan Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsinin açılmasına mane olmaqdan əl çəkəcək. Bu, sülh sazişinin dəyərini və onun effektivliyini artırar. Blokada hələ də davam edir və baş nazirin 3,5 il əvvəl üçtərəfli atəşkəs sazişini imzalayarkən üzərinə götürdüyü öhdəliyi pozur”.

Prezidentin nümayəndəsi sülh prosesinə mənfi təsir göstərən daha bir mühüm məqamın regiondankənar bəzi aktorların Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək, yeni ayırıcı xətlər çəkmək və bölgəni yeni nüfuz sahələrinə bölmək üçün sülh prosesini pozmaq və sülh perspektivlərini təhlükə altına atmaq cəhdləri olduğunu qeyd edib.

“Burada biz Qərb tərəfdaşlarının birtərəfli hərbi yardım, Ermənistanın tamamilə qeyri-şəffaf, eksklüziv, hətta deyərdim ki, ayrı-seçkilik yolu ilə hərbiləşdirilməsi yolu ilə İrəvanın hərbi potensialını gücləndirməyə yönəlmiş bəzi son təşəbbüslərini nəzərdə tuturuq. Çünki Azərbaycanın öz hərbi potensialını gücləndirməsi üçün eyni imkanlar verilmir. Müvafiq olaraq, ümid edirik ki, bu cəhdlərə son qoyulacaq, Cənubi Qafqaz regionuna, ən azı Azərbaycan və Ermənistana inklüziv, ayrı-seçkilikdən kənar yanaşma tətbiq olunacaq, tərəflərə eyni imkanlar veriləcək. Bu baxımdan, təbii ki, bəzi Aİ ölkələrinin silah tədarükü nəinki Cənubi Qafqazın hərbiləşdirilməsinə gətirib çıxarır, həm də növbəti silahlanma yarışına səbəb ola və sülhün əldə olunması perspektivlərini ciddi şübhə altına ala bilər”, - deyə Prezidentin nümayəndəsi əlavə edib.



Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstan və Azərbaycan Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək”.

Bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

“Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.



“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”, - deyə dövlət başçısı bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov