Xəbər lenti



Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

Bu bardə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.



artın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.



İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “A haber” telekanalı yayıb.

Bildirilib ki, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat başladılıb.

Əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

Hazırda İmamoğlu və Ongunun evində axtarış aparıldığı qeyd olunub. 



Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq, otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasına külli miqdarda ziyan vurulmuş və azərbaycanlılar böyük müsibətlərə düçar olmuşlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalmış və bölgədə qalıcı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranıb. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlayıb.

"Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul edib.

Lakin bu, kifayət deyil və Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir. Bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyası və qanunlarından çıxarmaq daxildir.

Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərini işğal etməsinə, ona külli miqtdarda ziyan vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırır", - deyə bəyanatda vurğulanır.



Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.





Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.

Frank-Valter Ştaynmayerin ölkəmizə ilk səfəri olacaq. Onu xanımı Elke Büdenbender də müşayiət edəcək.

Almaniya prezidenti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, Bakının tarixi mərkəzinə baş çəkəcək və xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı panel müzakirəsində iştirak edəcək.

Qeyd edək ki, Ştaynmayer martın 30-dan aprelin 2-dək baş tutacaq səfərində, həmçinin Ermənistana da gedəcək.

Xatırladaq ki, o, 2017-ci ildən bəri Almaniya Prezidenti vəzifəsini icra edir.


Belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Bildirib ki, hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır.

Ə.Əsədov qeyd edib  ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar  siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı. Ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident seçkiləri və növbədənkənar parlament seçkiləri keçirildi.

"Prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20-illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsinə çevrildi.
Tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına xalqımızın inamını növbəti dəfə nümayiş etdirdi".

Nəzərə çatdırıb ki, Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət 2024-cü ildə də müasir Azərbaycanın hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, ölkəmizin regional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına xidmət etmişdir.

Mina Mikayılova

 


“Ermənistanın siyasi rəhbərliyindən müharibə mesajının verilməsi birinci dəfə deyil və onlar regional proseslərdə Rusiya, İran və ya Qərb dövlətləri ilə aralarındakı konfliktlər pik nöqtəyə çatdığında maksimum dərəcədə Azərbaycan mövzusundan və müharibə amilindən yararlanmağa çalışırlar”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu, bir diplomatik, siyasi taktikaya çevrilib və bir neçə dividentlər hədəf olunur.

Deputat qeyd edib ki, bölgədə maraqları zərbə alan ölkələr, məsələn, Fransa, Amerika Birləşmiş Ştatları, o cümlədən bütövlükdə Avropa İttifaqı mümkün dərəcədə “Azərbaycan təhlükəsi” adı altında Ermənistanın hərbi cəhətdən himayəsi üçün addımlar atırlar:

“Sual oluna bilər. Axı bu müharibənin səbəbi nədir? Sülh müqaviləsi imzalanmadığı üçün savaş olası deyil ki. Onillərlə də belə vəziyyət hökm sürə bilər və dövlətimizin başçısı dəfələrlə bu məsələni vurğulayıb ki, sülh sazişi Ermənistana daha çox lazımdır. Çünki 1990-cı illərdə Birinci Qarabağ savaşından sonra onlar xeyli əraziləri ələ götürüb, amma onunla paralel istəyirdilər ki, bu izolyasiya ortadan qalxsın. İndiki halda torpaqlar da əllərində deyil. İndi xalqa nə cür izah edəcəklər ki, hazırkı vəziyyətdə təcrid olunmuş durumda yaşamalarının günahı, səbəbi kimdədir?”

Müsahibimizin fikrincə, onlar maksimum dərəcədə bu anlaşmaya gedərək bölgədə bütün kommunikasiyaların, əlaqələrin, ticarət mübadilələrinin serkulyasiya etməsini istəyərlər:

“Belə olan şəraitdə müharibənin səbəbi nə olmalıdır? Nə zaman biz onu bəyan etmişik ki, tarixi torpaqlar kontekstində, Qərbi Azərbaycan mövzusunda və yaxud Zəngəzur məsələsində bizim hərbi planlarımız var? Buna dair hazırlıq da mövcud deyil, hər hansı bir ortaya qoyacaqları görüntülər də. Halbuki həmin Avropa İttifaqının “mülkü”, hərbi casus şəbəkəsinin yetərincə texniki avadanlıq qurğuları var ki, həm peyk, həm də yerdə ortaya qoysunlar, fiksasiya etsinlər ki, bax harada, məsələn, Şərqi Zəngəzur zonasındamı, ya Göyçə dağlarındamı biz hansısa bir məsafələrdə öz mövqelərimizi irəli daşımışıq. Ordu birləşmələri tam ayağa qaldırılıb, bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib və s.”

Deputata görə, əgər belə bir informasiya olsa idi, onu ən böyük propaqanda alətinə çevirərdilər və maksimum dərəcədə ondan maliyyə, hərbi, siyasi qazanc götürərdilər ki, başqa dövlətlər, məsələn, Fransa orduları gəlib onları müdafiə etsin.

Zahid Oruc: Bizim tərəfdən Ermənistanın siyasi varlığına, dövlət mövcudluğuna bir təhlükə yoxdur

Z.Oruc hesab edir ki, belə açıqlamalar bundan sonrakı dövrlərdə də veriləcək.

Azərbaycan tərəfinin aydın mətnlə ortaya iki müddəa ilə bağlı iradə qoyduğuna diqqət çəkən deputat əlavə edib ki, biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə imzalayacağıq. Çünki əgər bir siyasi iqtidar dəyişəcəksə, yeni gələnlər prosesi əvvəlki məqama qaytarmasınlar:

“Müqayisə yerinə düşməyəcək. Amma hər halda o da bir arqumentdir ki, ABŞ-də, sistemi oturuşmuş bir dövlətdə Co Baydenin hakimiyyəti dövründə qəbul edilən qərarların mütləq əksəriyyəti Donald Tramp tərəfindən ləğv olunur. Hələ söhbət hüquqi aktlardan gedir”.

Həmsöhbətimiz yekun olaraq bildirib ki, bizim tərəfdən Ermənistanın siyasi varlığına, dövlət mövcudluğuna bir təhlükə yoxdur:

“Burada məqsəd bu mövzunu informasiya məkanına çıxararaq, bunu daim kultivasiya edərək, necə deyərlər, hər zaman müxtəlif formalarda beynəlxalq mediaya çıxararaq, müxtəlif ölkələrlə rəhbərlərlə görüşdə qabardaraq, qaldıraraq bölgəyə daha artıq dərəcədə hərbi qüvvələri, NATO ordularını gətirməkdir”.

Mina Mikayılova



Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.



“Minimum əməkhaqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. 

Onun sözlərinə görə, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir:
“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əməkhaqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.

Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb”.

Deputat bildirib ki, digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır:

“Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov