Xəbər lenti



Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və prokurorunun böyük köməkçisi Faiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Ardını oxu...



Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşları dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhərində vətəndaş Məmmədov Vüqar Cəlal oğluna məxsus mənzilə baxış keçiriblər.

Dövlət Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

 

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə gəlib.

Bizimaz.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra dövlətimizin başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolu artmaqdadır. Bölgələrimizdə bu sahənin inkişafı istiqamətində icra olunan layihələr Azərbaycanda həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məsələsinə böyük dərəcədə töhfə verir. Son illərdə yaradılan müasir müəssisələrdən biri də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Bu cür müəssisələrin yaradılması ölkəmizin ümumi iqtisadi inkişafına da töhfə verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir ki, bu da ölkədə aparılan iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafında şübhəsiz ki, son illərdə həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir.

Hazırda yüksək məhsuldarlığın təmin edilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına, kənd təsərrüfatının gəlirli sahələrinin inkişafına, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkilinə və ərzaq təhlükəsizliyinə nail olunmasına dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu məsələlər aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə cənub bölgəsində, o cümlədən Masallı rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət artırılıb.

Müəssisənin direktoru Ağamirzə Kərimov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Müəssisənin inşasına 2017-ci ilin noyabrında başlanılıb. 2018-ci ilin sentyabr ayında inşaat işləri tam başa çatdırılıb. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış olub.

Müəssisənin nəzdində hazır məsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanılması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb. Bundan başqa, “Made in Azerbaijan” brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir. Burada 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün 2 dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.

Masallı- Nemətləri MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır. Təsərrüfatda yeni texnologiyaların tətbiqi ilə çəltik əkini sahələrinin hazırlanması bir neçə mərhələdə həyata keçiriləcək. Onların arasında şumun frez və disklə yumşaldılması, ləklərin içinin lazerli qreyderlə hamarlanması, toxumların germetik vannalarda yetişdirilməsi, 48 saat müddətində qapalı yerlərdə saxlanılması, kasetlərə aqreqatla səpilməsi daxildir. Bundan başqa, toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması və kiçik texnikalar vasitəsilə əkilməsi də həyata keçiriləcək. Burada yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlıq orta hesabla bir hektara 40-50 sentner - əvvəlkindən 2 dəfə çox olacaq. Müəssisə şitiləkən traktorla və digər texnikalarla təchiz edilib.

Ərazidə 400 tonluq anbar da inşa olunub. Cari ildə rayon ərazisində ümumilikdə 301 hektar çəltik sahəsi əkilib. 25 hektar sahə isə Koreya Respublikasından gətirilmiş “Daydon” markalı texnikalar vasitəsilə ən müasir texnologiya əsasında əkilib.




Bunun ilk əlaməti olaraq əvvəlki tədris illəri ilə müqayisədə universitetə qəbul olan tələbələrin sayı və orta balın əhəmiyyətli dərəcədə artmasını göstərmək olar. Şübhəsiz ki, əldə olunan bütün müsbət nətcələrin əsasında Prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə qayğısı durur. Bu istiqamətdə həyata keçirilən tədbirlərə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, kənd təsərrüfatı ixtisaslarına yalnız dövlət sifarişi ilə və ödənişsiz əsaslarla tələbə qəbulunun aparılması, xüsusilə cari tədris ilində qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə əlavə təqaüdlərin verilməsini, şəffaf təhsil mühitinin formalaşmasını göstərmək olar. Dövlət Başçısının göstərişi ilə 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə 400-499 bal toplayan tələbələrə aylıq təqaüdlərindən əlavə 100 manat, 500 və daha çox bal toplayanlara 200 manat məbləğində təqaüdün verilməsi qəbulun nəticələrinə ciddi təsir göstərən amillərdən biri olmuşdur.

 


Professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Aqrar Universitetində (ADAU) 6 fakültə, 33 kafedra fəaliyyət göstərir. Tələbə kontingenti 5211, o cümlədən, bakalavriat səviyyəsində - 4840, əyani 3887, qiyabi 953, magistratura səviyyəsində - 371, doktorantura səviyyəsində - 197, o cümlədən, əyani 7, qiyabi 190, fəlsəfə doktorluğu proqramı üzrə 139, elmlər doktorluğu proqramı üzrə 58 nəfərdən ibarətdir. Bakalavriat səviyyəsi üzrə ixtisasların sayı - 33, Magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı - 30 (71), Doktorantura səviyyəsi üzrə ixtisasların sayı - 40-dır. Bakalavriat səviyyəsində 13 kənd təsərrüfatı ixtisası üzrə təhsil alan tələbələr təhsil haqqından tamamilə azaddırlar. Əksinə, dövlət büdcəsindən təqaüd alırlar.

2018/2019-cu tədris ilinin əvvəlinə ADAU-da bakalavriat səviyyəsində - Maşın mühəndisliyi; Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; Elektrik mühəndisliyi; Proseslərin avtomatlaşdırılması mühəndisliyi; Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi; Qida məhsulları mühəndisliyi; İstehlak mallarının ekspertizası və marketinqi; Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi; İnformasiya texnologiyaları; Torpaqşünaslıq və aqrokimya; Torpaqşünaslıq və aqrokimya (tədris ingilis dilində); Aqronomluq; Aqronomluq (tədris ingilis dilində); Zootexniklik; Yer quruluşu, torpaq və şəhər kadastrı; Aqromühəndislik; Balıqçılıq və balıqçılıq təsərrüfatı işi; Meşəçilik; Şərabçılıq; Mühasibat uçotu və audit; Maliyyə; İqtisadiyyat; İqtisadiyyat (tədris ingilis dilində); Menecment (alman proqramı);Marketinq; Marketinq (tədris ingilis dilində); Biznesin idarə edilməsi; Ekologiya; Baytarlıq ; Baytarlıq (tədris ingilis dilində); Su bioehtiyatları və akvabitkilər; Bitki mühafizəsi; Bağçılıq və tərəvəzçilik; Əczaçılıq ixtisasları tədris olunur. 

ADAU-nun tədris-laboratoriya bazası müasir standartlar
səviyyəsinə uyğunlaşdırılır

Son illərdə ADAU-nun tədris laboratoriya bazasının müasir standartlara uyğun yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetişdirmə laboratoriyası” yaradılmış və iki növdə 2 mindən çox balıq yetişdirilməsinə başlanmışdır. Bununla yanaşı baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində quşçuluq tədris-təcrübə və bildirçin yetişdirilməsi üzrə tədris mərkəzləri yaradılmışdır. Heyvandarlığın müxtəlif sahələri ilə yanaşı arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə arıçılığın iqtisadi əhəmiyyətini nəzərə alaraq baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyası qurulmuş və istifadəyə verilmişdir. Bundan başqa, anatomiya muzeyi-auditoriyası və pataloji anatomiya muzeyi-auditoriyası müasir standartlar çərçivəsində təmir edilmiş və istifadəyə verilmişdir. Bağçılıq kafedrasının nəzdində Kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə hər biri 160 m2 olmaqla 5 istixana yaradılmışdır. İstixananın istiqaməti tərəvəz və örtülü meyvəçiliyin becərmə texnologiyasının tələbələrə tədris etməklə yanaşı, təcrübə işlərinin yerinə yetirilməsini öyrətməkdən ibarətdir. Bu məqsədlə istixanalarda xiyar, pomidor və müxtəlif sitrus meyvə bitkiləri əkilmişdir. Kənd təsərrüfatı nazirliyinin maliyyə dəstəyi ilə universitetin nəzdində 20 baş iribuynuzlu qaramal və 4 baş atın saxlanılması məqsədilə eksperimental ferma və Süni mayalandırma mərkəzinin tikintisi başa çatmış və 2017/2018-ci tədris ilinin başlanğıcında istifadəyə verilmişdir. Fermanın tikintisi və tam təchizatı AR NK-nın Dünya Bankı ilə birgə layihələşdirdiyi və AR KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icrası təmin edilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq xidmətləri” subkomponenti çərçivəsində aparılmışdır. Bitki kilinikası, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və layihələndirmə laboratoriyaları, maşın-traktor parkı, beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiya Hökümətinin dəstəyi ilə yaradılmış toxumçuluq laboratoriyası, Çin Hökümətinin dəstəyi ilə alınmış kompyuter avadanlıqları və digər təsisatlar müasir dövrün əmək bazarının tələblərinə cavab verən aqrar mütəxəssis hazırlığına hərtərəfli şərait yaradır.




Dövlətimizin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır. Bu tipli laboratoriyanın biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır . Mühəndislik fakültəsində Nyu Holland və John Deere Təlim mərkəzləri, meliorasiya və hidrotexniki qurğular, alternativ energi mənbələrindən istifadə laboratoriyaları istifadəyə verilmişdir. Bundan başqa, fakültənin nəzdində yaradılmış Maşın-traktor parkında mövcud olan müasir kənd təsərrüfatı maşınları mühəndis kadrların hazırlanmasında müstəsna rol oynayır. Aqrotexnologiya fakültəsində mütəxəssis hazırlığının təkmilləşdirilməsi məqsədilə yerquruluşu və kadastr layihələndirmə, kimya, qida məhsullarının eskpertizası laboratoriyaları yaradılmışdır.



ADAU-da müasir informasiya texnologiyarının tətbiqi xeyli sürətləndirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, universitetdə kompyuter-tələbə nisbəti respublikanın digər ali təhsil müəssisələrinə nisbətən yüksəkdir. Hesablmalara görə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan hər 100 tələbəyə 15,2 kompyuter düşür. Tələbələrin 1 növbədə təhsil almasını nəzərə alsaq, onda hər 100 tələbəyə 30,4 kompyuter düşdüyü məlum olur.

Cari ildə ADAU-ya rekord sayda tələbə qəbul olunmuşdur


Son illərlə müqayisədə cari ildə rekord həddə-1296 nəfər ADAU-nun tələbəsi adını qazandı. Stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda 200-dən çox olmuşdur. Belə ki, bu göstərici “meliorasiya və su təsərrüfatı tikintisi” ixtisasında 296 (əvvəlki tədris ilində 294) bal, “torpaqşünaslıq və aqrokimya”da 267 (254), “aqronomluq”da 247 (236), “zootexniklik”də 211 (201), “aqromühəndislik”də 248 (238), “meşəçilik”də 212 (206), “şərabçılıq”da 213 , “ekologiya”da 257 (176), “baytarlıq”da 211 (167), “əczaçılıq”da 301 (182) bal olmuşdur. Diqqəti cəld edən məqamlardan biri də qəbulun strukturunda kənd təsərrüfatı ixtisasları üzrə təhsil alanların xüsusi çəkisi artmasıdır. Qeyd olunan göstərici 2016/2017-ci tədris ilində 41,5 faiz, 2017/2018-ci tədris ilində 54,5 faiz, 2018/2019-cu tədris ilində 59,4 faiz olmuşdur. Şübhəsiz ki, yeni kənd təsərrüfatı ixtisaslarının açılması bu göstəricinin gələcəkdə daha da artmasına səbəb olacaqdır. Artıq cari tədris ilindən etibarən bakalavriat səviyyəsində “bitki mühafizəsi”, “bağçılıq və tərəvəzçilik” və “şərabçılıq” kimi ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılmışdır ki, bu da aqrar sahədə əmək bazarının tələbləri baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetə tələbə axınının kütləvi xarakter almasının əsasında duran ən mühüm amillərdən biri dünya standartlarına cavab verən Tələbə evlərinin istifadəyə verilməsidir. Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərləri çərçivəsində açılışlarında iştirak etdiyi 2 Tələbə evi respublikamızın müxtəlif bölgələrindən olan 1040 tələbənin yaşayışını təmin edir. Aylıq yaşayış xərci 35 manat, bütün zəruri şəraitləri (akt zalları, idman zalları, valideyn otaqları, kitabxanalar, həkim otaqları, yeməkxanalar, mətbəxlər, mağazalar, bərbərxanalar, camaşırxanalar və s.) təmin olunan bu Tələbə evləri xüsusilə uzaq rayonlardan olan tələbələri üçün sevimli məkana çevrilmişdir. Hər bir tələbənin öz evi kimi münasibət bəslədiyi bu məkanda təmizlik, səliqə və səhman ən yüksək səviyyədədir.
Naxçıvan Muxtar Respublikası, Şəki, Qəbələ, Qax, Ağsu, İsmayıllı, Qobustan, Xızı, Siyəzən, Şamaxı, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Beyləqan, Biləsuvar, Masallı, Neftçala, Salyan, İmişli, Hacıqabul, Cəlilabad, Saatlı, Sabirabad, Lənkəran, Yardımlı, Lerik, Ağdam, Ağdaş, Fizuli, Gədəbəy və digər rayonlardan, Bakı və Sumqayıt şəhərlərindən olan tələbələrin Tələbə evlərində yaşayış yeri ilə təmin edilmələri bu bölgələr üzrə təhsil alan tələbələrin sayının ilbəil artmasına səbəb olur. Təqdirəlayiq haldır ki, tələbə evləri artıq beynəlxalq mübadilə proqramları çərçivəsində universitetdə təhsil alan, tədbirlərdə iştirak edən əcnəbi tələbələrə də xidmət göstərir. 2018-ci ilin 14-28 iyul tarixlərində universitetdə keçirilmiş “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci beynəlxalq yay məktəbinin 11 ölkədən olan 34 iştirakçısının yaşayışı məhz tələbə evlərində təmin olunmuşdur. ADAU-nun kitabxana fondunda 648454 nüsxə ədəbiyyat mövcuddur ki, ondan 444767nüsxə tədris, elmi, bədii və xarici nəşr ədəbiyyatı təşkil edir. Son beş ildə kitabxanaya orta hesabla 13572 adda elmi, elmi-texniki və ictimai-siyasi kitab və 594 jurnal alınmışdır. İstehsalat təcrübələri əvvəlcədən bağlanmış ikitərəfli müqavilələrə əsasən respublikanın bir neçə qabaqcıl müəssisələrində, o cümlədən Samux rayonu “Boz-Dağ heyvandarlıq” kompleksi, Bərdə rayonu Qarabağ Aqro Kompleksi, Qəbələ rayonu Aqro Kompleksi, Qəbələ Premium Quşçuluq kompleksi, Qəbələ rayon Heyvandarlıq Kompleksi , Ucar rayonu “Mərcan” broyler fabriki, Ağcabədi rayonu “AQAT-AQRO” MMC, “BMS-AQRO” MMC, Azərsun Holdinq (Biləsuvar rayonu), Kürdəmir rayonu və Bakı şəhərində yerləşən istehsal obyektləri, Gilan Holdinqin müəssisələri, Tovuz rayonu “Tovuz-Baltiya” şirkəti , Aqro Dayri şirkəti , AZƏR TOXUM MMC, Göyçay Süd zavodu, Ağsu Şərab zavodu, Göygöl şərab zavodu, “Gəncə Şərab-2” zavodu, Şabran rayonu Səba broyler, Grand Motors şirkəti, Hacıqabul Quşçuluq, Bərdə Yağ-Pendir zavodu və s. müəssisələrdir. Tələbələr eyni zamanda xarici ölkələrdə də təcrübə keçirlər.

Belə ki, Almaniyada GETEK proqramı çərçivəsində 8 tələbə (6 nəfər “menecment” (alman proqramı), 2 nəfər “baytarlıq ixtisası”), LOGO proqramı çərçivəsində “baytarlıq” ixtisası üzrə 2 tələbə, Sankt-Peterburq şəhərində “baytarlıq” ixtisası üzrə 3 tələbə, Türkiyədə müxtəlif ixtisaslar üzrə 11 tələbə istehsalat təcrübəsi keçmişlər. 2014/2015-ci tədris ilində Türkiyənin Ondokuz Mayıs Universiteti ilə ADAU arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən “əczaçılıq” ixtisası üzrə 14 nəfər III kurs tələbəsi 1 ay müddətində Türkiyədə istehsalat təcrübəsində olmuşlar. 2016/2017-ci tədris ilində “menecment” (alman proqramı) ixtisası üzrə 10 tələbə LOGO və PRAXX proqramları çərçivəsində Almaniya Respublikasında, “baytarlıq”, “aqronomluq” və “torpaqşünaslıq və aqrokimya” ixtisasları üzrə isə 7 tələbə İstanbul Universiteti ilə ADAU arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Türkiyədə istehsalat təcrübəsi keçmişlər.

 

Universitetdə insan resurslarının inkişaf etdrilməsi siyasəti uğurla davam etdirilir

Son illərdə universitetin pedaqoji heyətinin yaş tərkibində 40 yaşadək olan müəllimlərin xüsusi çəkisinin artmasını müşahidə olunur. Bütövlükdə univesitetdə gənc elmi-pedaqoji kadrların işə cəlb olunması müasir dünyanın əmək bazarının çağırışlarına adekvat cavab verə bilən mütəxəssislərin hazırlanmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Universitetdə çalışan gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yolları daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında gənc müəllimlərin əmək haqlarının artırılması, müvafiq vəzifələrə təyinatda müasir təfəkkürlü və kreativ düşüncəli, innovativ, xarici dilləri bilən gənclərə daha çox üstünlük verilməsi, beynəlxalq təhsil və elmi-tədqiqat layihələrində onlara hər şəraitin yaradılmasını göstərmək olar. ADAU-da son illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, universitetdə insan resurslarının inkişaf etdirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində universitetdə çalışan 40 yaşadək olan müəllimlərin sayı xeyli artmışdır. Bu prosesdə magistratura səviyyəsində təhsil alanların tədris prosesində və elmi-tədqiqat işlərində əldə etdikləri nailiyyətlərin müşahidə edilməsi mühüm yer tutur. ADAU-nun beynəlxalq əlaqələri genişlənir.

Son 5 ildə yeni əməkdaşlıq formalarının qurulması, aktual məsələlərə həsr olunanlayihələrin hazırlanması, müxtəlif beynəlxalq konfransların, simpoziumların, seminarların, görüşlərin və digər mədəni, elmi tədbirlərin təşkil olunması istiqamətində xeyli işlər görülmüşdür. Bu istiqamətdə ABŞ, Almaniya, Niderland, Macarıstan, Sloveniya, Polşa, Çexiya, Rumıniya, Bolqarıstan, Belarus, Finlandiya, İtaliya, İsrail, Belçika, Gürcüstan, Norveç, Rusiya, Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və sair ölkələrin tanınmış universitetləri ilə əməkdaşlıq sahəsində müqavilələr bağlanmışdır. Bu müqavilələrin bağlanması və nəzərdə tutulan müddəaların həyata keçirilməsi nəticəsində universitetlərarası müəllim və tələbə mübadiləsi artmış, habelə partnyor universitetlər formasında beynəlxalq layihələrə, o cümlədən ERASMUS+ proqramının növbəti mərhələlərinə müraciət etmək imkanları xeyli artmışdır. Son 5 ildə fəaliyyəti dövründə təhsil, elm və təcrübə sahələrində əməkdaşlıq üzrə Macarıstanın Dunayvaroş, Szent İstvan, Debrecen, Kapoşvar, Korvinus universitetləri, Türkiyənin İstanbul, Bartın, Namik Kemal, Girne, Yakın Doğu, Iğdır, Harran, İskenderun, Uşak, İnönü, Atatürk, Yüzüncü Yıl, Selcuk, Ondokuz Mayıs, Qazi Osman Paşa, Fırat universitetləri, Almaniyanın Bosch və Volksvagen fondları, Vaynştefan Triesdorf, Giessen, Qraysvald, Höttingen, Fraye, Münhen Texniki universitetləri və DEULA-Nienburq, LOQO, PRAXX, Apollo, Getex-Solutions, GIP, JD EAST təcrübə təşkilatları, Polşanın Poznan Təbiət Elmləri, Varşava Təbiət Elmləri, Bıdqoş Elm və Texnologiya, Krakov Dövlət Aqrar universitetləri, Hollandiyanın PETC+ təşkilatı, Sloveniyanın Nova Qoriça və İtaliyanın Florensiya Dövlət və Tuscia Universitetləri, Çin Xalq Respublikasının Şandun Kənd Təsərrüfatı Elmləri Akademiyası, Çexiyanın Mendel, Cənubi Bohemiya universitetləri, Rumıniyanın “İon İonescu de la brad” baytarlıq təbabəti, Buxarest aqronomluq və baytarlıq təbabəti, Banat Timişoara baytarlıq təbabəti, Pitesti universitetləri, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ, Qırğızıstan, Tacikistan, Özbəkistan, Finlandiya ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri, memorandumlar imzalanmışdır. Bu universitetlər arasında Avropa Universitetləri ilə Erasmus+ çərçivəsində əməkdaşlıq inkişaf etdirilir. Təhsil, tədqiqat və xidmət sahələri üzrə beynəlxalq əməkdaşlığın gücü və önəmini nəzərə alaraq, ADAU-da təhsil, sənaye və dövlət səviyyəsində potensial tərəfdaşlarla əməkdaşlıq müzakirələrinə daim şərait yaradılır. Təsadüfi deyil ki, dünyanın 50-yə yaxın universiteti ilə ADAU-nun əməkdaşlıq müqaviləsi var. Universitetdə hər il ənənəvi olaraq ərzaq təhlükəsizliyi, ətraf-mühitin qorunması, beynəlxalq əməkdaşlıq, elm, təhsil və sənayenin inteqrasiyası, regionlarda həyat şəraitinin yaxşılaşdırılmasına dair beynəlxalq elmi-praktiki konfranslar keçirilir. ADAU-da bir sıra xarici dövlətlərin nümayəndələri rəsmi səfərdə olmuşlar. Onlardan xarici ölkələrin Azərbaycandakı səfirlik nümayəndələrini (ABŞ, Hindistan, Macarıstan, Almaniya və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Türkiyənin konsulu, Fransa səfirliyinin universitetləri üzrə attaşesi, BMT-nin (UNESCAP) nümayəndə heyəti, ABŞ səfirlik nümayəndələri, hərbi işlər üzrə attaşesi), Niderland Krallığının aparıcı aqrobiznez şirkətlərinin rəhbərləri, İtaliyanın Ferrero şirkətinin nümayəndələri və s. göstərmək olar.


Son illərdə artan reytinqin nəticəsidir ki, ADAU Fəxri Doktorlarının sayı artmışdır. Fəxri Doktor adına layiq görülmüş şəxslər aşağıdakılardır: Vayra Vike Freyberqa – Professor, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri; İsmayil Serageldin – Professor, Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri; Yespolov Tlektes Isabayeviç - Akademik, Qazaxıstan Milli Aqrar Universitetinin rektoru; Mohammad Babadoost - ABŞ İllinois Universitetinin professoru; Vladimir Bautin - Rusiya Dövlət Aqrar Universitetinin professoru; Guy Smagghe - Belçika Ghent Universitetinin professoru; Cəlilov Fevzi Seyid-Umeroviç - K.A. Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin-MKTA-nın professoru.

 

ADAU-ya rektorların ən yaxşısı rəhbərlik edir

 Son illərdə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə universitetin alimlərindən 4 nəfərə “Əməkdar müəllim” fəxri adı verilmiş, 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bütövlükdə aparılan işlərin nəticəsi ictimaiyyət nümayəndələri tərəfindən də çox yüksək qiymətləndirilmiş, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sosial şəbəkələrdə və internet səhifələrində keçirilmiş sorğuların bir neçə dəfə qalibi olmuşdur. Instaqram sosial şəbəkəsində "Azerbaijani.studentss" səhifəsi tərəfindən keçirilən "ilin ən fəal və ən yaxşı rektoru" seçimi müsabiqəsi keçirilmişdir. Şərtlərə görə müsabiqə-yarışmaya 13 rektor qatılıb. Səsvermə isə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun xeyrinə yekunlaşıb və 2.495 bəyənmə toplayaraq “İlin rektoru” secilib. Məktəbgushesi.az internet portalının kollektivi ümumilikdə ölkənin 31 ali təhsil ocağını əhatə edən virtual sorğularının izi ilə ADAU-ya səfər edib və qeyd olunan saytda keçirilən sorğunun nəticələrinə əsasən birinci yerin diplomunu təqdim ediblər. Səsvermənin nəticələrində İlk beşlikdə yer alan universitetlər sırasına 1107 səslə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) liderlik edibdir. İkinci yerə 462 səslə Lənkəran Dövlət Universiteti (LDU), üçüncü yerə isə 290 səslə Qərb Universiteti yiyələniblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 227 səslə 4-cü, Gəncə Dövlət Universiteti isə 114 səslə 5-ci yerləri bölüşübdür.

 

ADAU təhsilin və idarəetmənin keyfiyyətinə görə birinci yerdədir

Məktəbgushesi.az internet portalı təhsil spektrini əhatə edən inkinci sorğusunda da ADAU birinci yerin qalibi olmuşdur. Belə ki, “Təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı növbəti sorğu cari ilin avqust-sentyabr aylarında reallaşdırılıb. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsini hədəfləyən və iki ay davam edən sorğu respublikamızda fəaliyyət göstərən 31 universitet arasında keçirilib. Ümumilikdə sorğuda 17.948 respondent iştirak edib və 4288 səslə ADAU birinci yerə layiq görülübdür.

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) tərəfindən 2016-ci il üzrə müəyyən edilmiş ali məktəblərin reytinq göstəricilərində ADAU-nun ilk sıralarda yer tutmasını da göstərmək olar. Belə ki, qeyd olunan təşkilat tərəfindən nəşr olunmuş “Azərbaycan Respublikasının ali məktəblərinin reytinqi-2016” adlı kitabda respublikanın 21 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində universitet 729 balla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, respublikada 5-ci yerə layiq görülmüşdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İctimai Təşəbbüslərin dəstəklənməsi layihəsi" çərçivəsində Azərbaycandan kənarda Təhsil Almış Məzunlar təşkilatı tərəfindən Azərbaycanda Ali Məktəblərin reytinq cədvəli hazırlanmışdır. Cədvəldə Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci, Respublika ali təhsil müəssisələri arasında 7-ci yeri tutub. Bunula əlaqədar layihə çərçivəsində “Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı çap olunub.

23-24 aprel 2015-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən Azərbaycan Dövlət Aqrar Universiteti təşkilata üzv qəbul olunmuşdur. Təşkiiat dünyanın 12 ölkəsinin 120

universitetini özündə birləşdirməklə, üzvlər arasında təhsil, elmi-tədqiqat və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi missiyasını yerinə yetirir. Hazırda Gəncə şəhərindən yalnız Azərbaycan Dövlət Aqrar Universiteti qeyd olunan təşkilatın tamhüquqlu üzvüdür.

 Ancaq çox təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi inbformasiya vasitələrində ADAU-nun fəaliyyətinə və onun rektorunun xidmətlərinə kölgə salmağa hesablanmış yazılar dərc olunur. Bu ilin iyun ayının əvvəlində Gəncədə baş vermiş məlum hadisələrdən sonra KİV-də ADAU-nu hədəfə götürən məqalələrin də sayında da çoxalma müşahidə olunurşBu da həmin media qurumlarının pozucu qüvvələrlə əlbir olduqlarından şübhələnməyə əsas verir. Lakin yayılan həmin informasiyalar ən vacib komponentdən.həqiqətdən məhrumdur deyə "ayaq tutub yeriyə" bilməzlər. Ölkəmizin tərəqqipərvər jurnalistləri ADAU-da görülən işləri və çox hörmətli rektor İbrahim Cəfərovun xidmətləri, bu ali təhsil müəssisəsinin respublikamızın aqrar sektorunun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirirlər.

Bütün bunlar Kənd Təsərrüfatı naziri İnam Kərimovun və Gəncə şəhər icra hakimiyyətinin başcısı Niyazi İbrahimovun yeni tədris ilində (2018/2019) 
ADAU-də etdiyi cıxışlarında bir daha öz əksini tapmışdır.

Zaur VƏLİYEV



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gəlib.

MN-dən Axar.az-a verilən məlumata görə, Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra general-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran Müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

***

Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan Müdafiə naziri, vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib.

Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb



Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km) – Masazır–Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km) – Masazır–Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon (bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) inkişafının təmin edilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri

Samir Nuriyev - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azər Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Süleyman Mikayılov - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Əkbər Hacıyev - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1. Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını;

2.2. Azad Zonanın ərazi sərhədləri, həmin sərhədlər daxilində ilkin mərhələdə inkişaf etdirilməli olan və perspektiv inkişaf üçün nəzərdə tutulan ərazi hissələrinin hüdudları, Azad Zona ərazisinin zonalaşdırılması (yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat, nəqliyyat infrastrukturu, mühəndis infrastrukturu, ehtiyat və digər zəruri zonalar) barədə təkliflərini;

2.3. Azad Zonanın təklif edilən ərazisində torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısını;

2.4. Azad Zonanın ilkin mərhələdə inkişaf etdirilməli olan ərazi hissəsinə münasibətdə:

2.4.1. beynəlxalq təcrübə nəzərə alınmaqla, Azad Zonanın ərazisini və həmin ərazidə yaradılması nəzərdə tutulan infrastrukturu, habelə yerləşdiriləcək digər obyektləri özündə əks etdirən ərazi planlaşdırılması layihəsini;

2.4.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi üçün görüləcək işlərin xərcləri proqnozunu;

2.5. Azad Zonanın perspektiv inkişafı üçün nəzərdə tutulan ərazi hissəsinə münasibətdə:

2.5.1. mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları;

2.5.2. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları;

2.5.3. əsas mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını və bunun üçün tələb olunan xərclər proqnozunu.

3. İşçi qrup bu Sərəncamın 2-ci hissəsində qeyd olunan işlərlə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi üçün sifarişçiləri müəyyən etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən tədbirlərin maliyyələşməsini təmin etsin.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırkı Sərəncamda göstərilən tapşırıqların yerinə yetirilməsi üçün İşçi qrupa tələb olunduğu halda kömək etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Fərmanlar:

Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə;

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə yollanıb.

Ərdoğanla birlikdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Sönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcan Soçiyə yollanıb.

Qeyd edək ki, Soçidə Ərdoğanın Vladimir Putinlə təkbətək görüşü ilə yanaşı, nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş də nəzərdə tutulub.

***

Bu dəqiqələrdə Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.

***

Hazırda sadəcə regionumuzun deyil, bütün dünyanın gözü Soçidədir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşdən əvvəl çıxışı zamanı deyib.

“Rusiya ilə siyasi, hərbi və iqtisadi sahələrdə aparılan fikir mübadiləmiz bir-birimizi gücləndirəcək miqyasdadır. Soçidə qəbul olunacaq qərar inanıram ki, bölgəyə çox fərqli bir ümid olacaqdır. Regional məsələlərdəki həmrəyliyimiz bölgəyə ümid verir”, - Ərdoğan bildirib.

Təkbətək görüşdən əvvəl həmçinin Rusiya Prezidenti Vladimir Putin də fikirlərini bölüşüb. Putin Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildirib:

“Münasibətlərimiz iqtisadi cəhətdən sürətli templə böyüyür. Bölgənin təhlükəsizliyi baxımından da münasibətlərimiz inkişaf edir. Müzakirə ediləcək çox mövzu var. Bəziləri qarışıq məsələlərdir. Bunları həm nəzərdən keçirəcək, həm də həll yollarını axtaracağıq”.

***

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşü başa çatıb.

Mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

***

Soçidə keçirilən zirvə görüşündə razılıq əldə olunub.

Tarixi zirvədə İdlibin silahlardan təmizlənməsi barədə qərar verilib.

Görüşdən sonra Putin və Ərdoğan mətbuat konfransı keçirib.

Putin bildirib ki, Rusiya İdlibdə təhlükəsizlik bölgəsini quran ölkələrdən biridir: "Bizim narahatlığımız İdlibdə savaşanların Hələb və Rusiya hərbi bazalarına təhlükəsinin olmasıdır. 15 oktyabrda silahlılar 15-20 kilometrə qədər geri çəkiləcək, bu ərazilər tərksilah bölgəsi olacaq. Cənab Ərdoğanın təklifi ilə bütün müxalif qrupların ağır silahları bölgədən çıxarılacaq. Regiona Türkiyə və Rusiya qoşunları birgə nəzarət edəcək".

Ərdoğan isə öz növbəsində deyib: "Dəyərli dostum ilə bu il 4-cü dəfə bir araya gəlmişik. Müxaliflər və rejimin nəzarətindəki ərazilər arasında təhlükəsizlik bölgəsinin yaradılması barədə razılaşdıq. Müxaliflər olduqları sahədə qalmağa davam edəcək. Rusiya və Türkiyə koordinasiyalı şəkildə patrul fəaliyyəti göstərəcək.

Radikal qruplar sözügedən ərazidə fəaliyyət göstərməyəcək



Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərara dəyişiklik edilib.
 
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov