Xəbər lenti



Ukraynada hərbi vəziyyət elan olunub.

 

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Biz hərbi vəziyyət elan edirik”, - deyə V.Zelenski qeyd edib.

Mənbə: RİA Novosti



Ukraynanın müxtəlif şəhərlərində partlayış səsləri eşidilir.

 

Xarkovda fasiləsiz güclü partlayışlar qeydə alınır.

Həmçinin Ukrayna paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

Partlayışların səsləri Ukraynanın Mariupol, Odessa şəhərlərində də qeydə alınıb.  

Mənbə: CNN



“Bölgənin sülh, tərəqqi və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini başlatmaq üçün səmimi bir səy göstərdik”.

 

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev də bunu faydalı hesab edir. Ermənistanın da bizimlə münasibətləri normallaşdırmaq istiqamətində nümayiş etdirdiyi iradədən məmnunuq. Bu prosesi idarə etmək üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması kimi bəzi gözləntilərinin olduğunu da bilirik. Ermənistan hazırda xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, bizim üçün də qapıların bağlı qalması deyə bir şeydən söhbət getməz”, - deyə o bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesləri bir-birini dəstəkləyərək irəliləyə bilər.

“Çünki regional əməkdaşlıq fikrimiz də bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu proseslərdən qidalanacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək üçün hər kəs konstruktiv davranmalıdır. Biz bütün prosesləri bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanla sıx koordinasiya şəklində aparmağa davam edəcəyik”.



Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada TASS informasiya agentliyinin binası qarşısında “TASS və AzərTac kadrlarında Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi” adlı sərgi ilə tanış olublar.

 

Sözügedən sərgi TASS və AzərTacın birgə layihəsidir.

Sərgidə, həmçinin TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

 
Rüstəm Nağıyev: “Moskva Bəyannməsi Azərbaycanın mövqeylərini daha da gücləndirdi”

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. İlk növbədə qeyd olunmalıdır ki, bu sənədin imzalanması ilə Azərbaycan son dərəcə mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə özünün təhlükəsizliyini daha da artırmış, ərazi bütövlüyü və suverenliyinin qorunmasında əlavə güc əldə etmiş oldu. Məlumdur ki, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin sayəsində ölkəmiz hazırda Rusiya ilə yüksək münasibətlərə malikdir. Ölkələrimiz arasında bir çox sahələrdə çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin mətni ilə tanış olduqda isə, Azərbaycanın yeni mühüm nəticələr əldə etdiyi aşkar şəkildə görmək olar. Bu sənəd ilk növbədə Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda formalaşmış və regional proseslərdə əsas rol oynayan Azərbaycan-Türkiyə-Rusiya alyansının mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Bu proses Azərbaycanın müharibədə əldə etdiyi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsini və ölkəmizin regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsini qaçılmaz edir. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşırlar.

Əlbəttə ki, Azərbaycanın başlıca müttəfiqi qardaş Türkiyədir. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Bu gün isə Rusiya ilə imzalanmış analoji Bəyannamə ilə Azərbaycan təhlükəsizliyinə olan zəmanətləri daha da gücləndirdi.

Azərbaycanın xarici siyasət kursunda əsas prioritet region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır. Qoşulmama Hərəkatına üzv olmağımız və ölkəmizin hərəkata uğurla sədrlik etdiyi dövrdə qlobal sülh naminə irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr də bunu təsdiq edir. Eyni zamanda da Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı son dərəcə vacibdir.

Bununla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Həmçinin Azərbaycanın NATO ilə də münasibətləri uğurla inkişaf edir. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.

Moskva Bəyannaməsində xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Xüsusi olaraq bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında imzalanmı müttəfiqlik haqqında Bəyannamə Ermənistanın mövqelərinə böyük zərbə kimi qiymətləndirilir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

 
 


ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 Fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

 

 

 


 
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”



“Xocalı qətliamının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməli olduğunu bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Yalnız bu halda bəşəriyyət oxşar hadisələrin gələcəkdə yenidən baş verməsi ehtimalını minimuma endirə bilər. Məhz buna görə də Erməni faşizminin ən amansız və qanlı təzahürlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətləri olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan davam etdirməlidir. Ulu Öndər Heydər Əliyev Xocalı qətliamının ən düzgün tərifini verərək belə demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Bu gün Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında almışdır. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır.” Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Milli Məclisin deputatı bildirib ki, hələ 1988-ci ildə Ermənistan SSR-nin ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlının bu yerlərdən qovulması ilə Ermənistan monoetnik dövlətə çevrilib. Bundan sonra sovet dönəmində heç bir əsas və zərurət olmadan, süni şəkildə yaradılmış qondarma “Dağlıq Qarabağ” ətrafında başlanan hadisələr erməni ideoloqlarının xəstə təfəkkürünün məhsulu olan “dənizdən dənizə Ermənistan” adlı mifik bir ideyanın reallaşdırılmasına yönəldilib: “Bu hadisələrin faciəvi nəticəsi olaraq Azərbaycanın kənd və şəhərləri dağıdılıb, on minlərə günahsız insanımız ölüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Ermənistan tarixi Azərbaycan ərazilərini özünə birləşdirmək naminə hər cür qanlı cinayətə və istənilən vəhşiliyə hazır olduğunu hər zaman nümayiş etdirib. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş verib. Hər kəs bilməlidir ki, bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.”

Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, bu gün Ermənistanın işğalçı və terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünyaya qəbul etdirmək heç də asan məsələ deyil və bu həqiqətlərin artıq bir çox xarici dövlətlər tərəfindən qəbul olunması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi səyləri

nəticəsində baş vermişdir: “1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərinə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün isə bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atılır. Məhz bu səylərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bununla belə, erməni faşizminin ən amansız və qanlı təzahürlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətlərin olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan, usanmadan davam etdirməlidir. Bu gün Azərbaycan bir qalib dövlət olaraq işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Müharibə başa çatıb və regional sülhün möhkəm və davamlı olmasında ən çox maraqlı olan, bu istiqamətdə daha çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr mövcuddur. Lakin onların bütün səyləri əbəsdir və ilk növbədə Ermənistanın özü üçün son dərəcə təhlükəlidir. Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibələrinin birində bu məsələyə toxunaraq bir daha erməni faşizmini qidalandıran, onları dəstəkləyən qüvvələrə səslənərək qəti şəkildə bildirdi ki, Azərbaycan erməni faşizminin bundan sonra heç vaxt baş qaldırmasına yol verməyəcək. Bu bir reallıqdır və hər kəs bunu açıq-aydın dərk etməlidir.”

aia.az
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov