Tovuz rayon Dondar Quşçu kənd sakini, 2-ci Qarabağ müharibəsi veteranı, döyüşlərdə göstərdiyi sücaətə görə Prezident tərəfindən 2 dəfə medalla təltif edilmiş Əliyev Kamran Əliş oğlunun Qida Təhlükəsizliyi Agentliyinin Tovuz rayon Bölməsinin əməlkdaşaları tərəfindən haqsız təzyiqlərə düçar olması utancverici bir hadisədir.
İkinci Qarabağ müharibəsindən sonra ailəsi üçün çörək pulu qazanmaq məqsədi ilə, rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən “Viktoriya” çay evini işlədən Kamran Əliyev 24 fevral 2022-ci il tarixdə sözügedən agentliyin Tovuz bölməsində çalışan Əhmədov Elçin Əhməd oğlunun və Feyzizadə Elvin Sahib oğlunun “yoxlamasına” məruz qalır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsindən tam kənara çıxan həmin şəxslər özlərinə məxsus kameraları sönmüş halda , hətta Elçin Əhmədovun da içkili vəziyyətdə obyektə daxil olaraq birbaşa 200 manat məbləğində cərimə yazacaqlarını bildirirlər. Kamran Əliyev həmin şəxslərin qanundan kənara çıxmaları haqqında onlara söyləsə də, agentin işçiləri deyilənləri eşitmədən, guya əsəbləşərək qərəzli şəkildə 4000 manat cərimə yazmalı olurlar. Əməli ilə işləri bir müstəvidə cəmləşməyən Elçin və Elvin müharibə veteranına onu da bildirirlər ki, “bu baş idarənin göstərişidir. Hər il tabeçiliyində olduğumuz agentlik Qarabağın inkişafı üçün 5 milyon pul ödəyir. Ona görə də, bizə tapşırıq var ki, obyektləri nöqsan oldu, olmadı cərimələməliyik”.
Bəli, dövlətin adından və vəzifəsindən sui istifadə edərək vətən üçün döyüşmüş bir müharibə veteranına bu cür əsassız təzyiq nə dərəcədə doğrudur?
Müharibə veteranı Kamran Əliyevin dediklərinə görə, 2-ci Qarabağ müharibəsi zamanı qida təhlükəsizliyinin əməkdaşları, Tovuz rayon sakinləri Elçin Əhmədov və Elvin Feyzizadə çağırış yaşlı olublar. Hər ikisinin müharibədən necə qaçıb gizlənməsi də sual doğurur. Bundan əlavə hər iki şəxs tutduqları vəzifədən digər adda da sui istifadə edənlərdir. Belə ki, Elvin Feyzizadənin əmisi oğlu Tovuz rayon mərkəzi xəstəxanasının yaxınlığında “Ləziz” kafesi işlədir. Əmisi oğluna havadarlığı şəxsən Elvinin özü edir. Elvinin həmin kafeyə cəriməni 4000 manat deyil, 300 manat yazması deiklərimizi sübuta yetirir.
Digər əməkdaş Elçin Əhmədovun bacısının adına Tovuz rayonunda “Həyat” restoranı fəaliyyət göstərir. Həmin restorana hələki 1 manat da olsun cərimə yazılmayıb. Ola bilər ki, yazıdan sonra həmin restorana köhnə tarixə cərimə yazılmış olsun.
Vətəndaş Kamran Əliyev Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Bölməsinin belə özbaşınalıqlarını və haqsızlıqlarını qəbul etməyərək, haqlı olaraq Prezident başda olmaqla aidiyyəti orqanlara ərizələrlə müraciət etmişdir. Bundan əlavə agentlik Kamran Əliyev tərəfindən Tovuz rayon Məhkəməsinə də verilib.
İnanırıq ki, Kamran Əliyevin haqq işi qanun naminə öz həllini tapacaqdır.
İlham Hacalı