Xəbər lenti



Bakı Dövlət Universitetində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə təşkil olunan “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Kuveyt,  Polşa, Qazaxıstan,  Özbəkistan və digər ölkələrdən 70-dək elm adamının qatıldığı üçgünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Rektor, akademik Abel Məhərrəmov giriş nitqi ilə çıxış edərək, konfransın müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verib, həmin dövrün Azərbaycan tarixinin parlaq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycan Respublikasının  AXC-nin varisi olduğu fikrini səsləndirib. Qeyd edib ki,1918-ci il mayın 28-də qurulmuş, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Cümhuriyyətin tarixi xidmətləri haqqında məlumat verən rektor, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsinə xüsusilə diqqət çəkib və universitetin AXC –nin oğul yadigarı olduğunu bildirib.

Plenar iclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı və ABŞ-ın Prinston universitetinin professoru Maykl Reynolds çıxış ediblər. Bildirilib ki,  Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət daşıyan və bu gün xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.

Çıxışlardan sonra BDU-nun tarixini əks etdirən film nümayiş olunub, tədbir bədii hissə ilə davam edib.

Sonra bölmə iclasları başlayıb. Konfransın bölmə iclaslarında 30-a yaxın ölkədən gəlmiş iştirakçılar tərəfindən 300-dən artıq elmi məruzə dinləniləcək.



Tədricən müəyyən münasibətlərin bünövrəsi qoyulduqdan sonra ölkələr arasındakı qarşılıqlı əlaqələr daha da genişlənəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Müdafiə naziri Sergey Şoyqunun Özbəkistana səfərini şərh edərkən deyib. O bildirib ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin, bundan öncə də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ səfəri çox səmərəli olub:

"Üstəlik Özbəkistan öz ərazisindən Əfqanıstana yük daşınması üçün ABŞ-a baza statuslu yer verib. Yəni Əfqanıstana gedən təyyarələrin Özbəkistan ərazisində dayanması və yanacaq doldurması məsələsində də Mirziyayev ABŞ-la razılaşıb. Qazaxıstan Prezidenti də bu məsələdə ABŞ-a eyni razılığı verib. Bakı-Aktau-Özbəkistan–Əfqanıstan xətti Əfqanıstanda yerləşən ABŞ qoşunları üçün yemək, silah, ərzaq və s. daşınması üçün istifadə edilir".

Politoloq qeyd edib ki, görünür, birdən-birə Rusiya ilə ciddi əlaqələri olan iki türk dövlətinin ABŞ-a bu cür iltifatlı münasibəti Rusiyanı çox qıcıqlandırır:

“Qazaxıstana hələ ki, birbaşa söz deyə bilməyən Rusiya öz mətbuatında, müxtəlif kütləvi informasiya vasitələrində Xəzər dənizinin Qazaxıstana aid hissəsindən daha aktiv istifadə edilməsinin vacibliyi barədə müxtəlif təkliflər səsləndirmişdi. Bu zaman Rusiya burada Qazaxıstanın dənizin çox dərin qatlarından neft çıxarmasını, Kaşaqan neft yataqlarının istifadə edilməsinə mane olmağın lazım olduğunu vurğulamışdı. Amma Nazarbayevə birbaşa Putin, yaxud hər hansı siyasi xadim tərəfindən söz söylənməsini hələ ki, Rusiya arzuolunmaz hesab edir. Çünki Nazarbayev hazırda kifayət qədər nüfuzlu, dünya siyasətinə təsir etmək imkanları olan bir siyasi xadimdir. Mirziyayevin isə Özbəkistanda hakimiyyətə gəldiyi bir neçə aydır. O, ilk səfərini də Moskvaya etmişdi. Bu zaman yəqin ki, Rusiyaya da müəyyən güzəştlər və ikili əlaqələr barədə söz verib”.

Politoloq vurğulayıb ki, Mirziyayev türk ölkələri yönümlü siyasət yürüdür:

"Eləcə də daxildə Kərimovun qoyduğu anti-konstision qanunların aradan qaldırılmasında cəsarətli addımlar atır. Bu addımlara, eyni zamanda, ABŞ ilə ikitərəfli ticarət əlaqələrinin yaradılması və daha da genişləndirlməsi barədə razılığa gəlinməsi də aiddir.

Mirziyayevin Vaşinqtonda ikili münasibətlərdə, xüsusilə ticarət əlaqələrində daha böyük rəqəmlər arzusunu dilə gətirməsi ABŞ-da ruh yüksəkliyi ilə qarşılansa da, görünür, Rusiyada müəyyən qəzəb hissi ilə qarşılanıb. Ona görə də bu səfərdən sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu Özbəkistana göndərilib. Onun da bu istiqamətdə Özbəkistanla danışıqlar apardığını istisna etmirəm. Güman edirəm ki, Özbəkistan tərəfi Şoyquya lazımi cavab verib”.

Politoloq bildirib ki, əlbəttə, Rusiya türkdilli respublikaların ABŞ-la yaxınlaşmasını istəməzdi:

“Amma artıq bu münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müqavilələr imzalanıb və imzalanmış müqavilələr hüquqi qüvvəyə malikdir”.

Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu ötən gün Özbəkistanda bəzi görüşlər keçirib.



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq etdiyi cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən həmin Nazirliyin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin II hissəsində nəzərdə tutulan hesabına köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb edilən əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olacaq.

ABŞ prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında görüş keçirilib.i KİV-ə istinadən xəbər verir ki, görüş Trampın dəvətilə Ağ Evdə baş tutub. Görüşdə tərəflər əsasən Koreya yarımadasındakı son vəziyyəti müzakirə ediblər.

Daha sonra prezidentlər mətbuat konfransı keçiriblər. Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inla iyunun 12-ə planlaşdırılan görüşü ertələnə bilər.
BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Cenevrədə Azərbaycanın milli məruzəsinə baxılıb.
Ədliyyə Nazirliyində, dövlət başçısının 2018-ci il 7 may tarixli Sərəncamına uyğun olaraq ölkəmiz sessiyada yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə nümayəndə heyətinin üzvü, ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak edib.

Sessiyada Azərbaycanın milli hesabatı təqdimat olunub, ötən müddətdə insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məruzə dinlənilib, sonra interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən BMT-yə üzv 106 dövlətin nümayəndələri ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair münasibət bildiriblər. Konstruktiv və səmimi şəraitdə keçən müzakirələr zamanı iştirakçı dövlətlərin nümayəndələrinin sualları ətraflı məlumatlarla və şərhlərlə cavablandırılıb.

Nazir müavini Toğrul Musayev çıxış edərək insan hüquqlarının qorunmasına xidmət edən məhkəmə-hüquq islahatlarından, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, müstəqil məhkəmə özünüidarə orqanlarının səmərəli fəaliyyətindən, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsindən və elektron məhkəmə sisteminin tətbiqindən, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən bəhs edib. Bildirilib ki, bu sahədə islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Eyni zamanda, vəkillik təsisatının islahatı, Vəkillər Kollegiyasının müstəqilliyinin təmin olunması, bu qurumun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi və vəkillərin sayının artırılması ilə bağlı görülən konkret işlər diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının hüquqi sahədə islahatların yeni mərhələdə intensiv davamına təkan verdiyi vurğulanaraq bu mühüm sənədin icrası üzrə həyata keçirilən tədbirlərdən danışılıb, probasiya xidmətinin yaradıldığı, elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı qeyd olunub.

Həmçinin, işgəncə və pis rəftara qarşı mübarizə və bununla bağlı dözümsüzlüyün nümayiş etdirilməsi, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi barədə məlumat verilib.

Nazir müavini çıxışında vətəndaş cəmiyyətinin inkişafını, bu sahədə qanunvericilik və institusional islahatların aparılmasını qeyd edib.

Sessiyada Azərbaycanın milli məruzəsinin dolğun məzmuna malik olduğu və məruzə ətrafında məhsuldar müzakirələrin aparıldığı bildirilib, təqdim olunan məruzəyə böyük maraq göstərilərək respublikamızda insan hüquqlarının təmin olunmasına dövlət səviyyəsində ciddi münasibət bəslənildiyi vurğulanıb, çıxış edənlərin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu təcrübənin davam etdirilməsini tövsiyə ediblər.

Ölkəmizin milli məruzəsi ilə bağlı aparılan müzakirələr demokratik hüquqi dövlət quruculuğu yolu ilə inkişaf edən Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən mütərəqqi islahatlara bir daha beynəlxalq marağın artdığını göstərib.

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasından, ölkə prezidentinin yeni kadr  təyinatlarından sonra hazırda ali qanunverici orqanda - Milli Məclisdə (MM) altı yer boşdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar millət vəkillərindən dördü hökumətə cəlb olunublar.

Yəni, millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev “Qaçqınkom”un , Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar. 

Qanunvericiliyə görə, ölkə Konstitusiyana görə, hökumətdə yer alan millət vəkillərinin səlahiyyətlərinə xitam verilməlidir. 

Xatırladaq ki, ötən ilin yazında ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq fəaliyyətinə xitam verilmişdi.

Hazırda onun Xəzər rayonundakı deputat yeri boşdur.

Eyni zamanda, bir müddət öncə millət vəkili Astan Şahverdiyev qəflətən urək tutmasından dünyasını dəyişdi və onun Cəbrayıl rayonu üzrə deputat yeri boşdur.

Azərbaycan iki il müddətinə, təxminən növbəti - altıncı çağırış parlament seçkilərinə (2020-ci ilin yazına - red.) kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rəhbərsiz qalacaq.

Belə ki, adıçəkilən qurum bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyətinə iki illik sanksiya tətbiq edib.

Belə olan halda, yəni, mövcud durumda Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin oluna bilərmi, təyin olunmalıdırmı? 

Və ya adıçəkilən şəxslərin yerinə təkrar seçkilər keçiriləcəkmi, bu, gözləniləndirmi?

Bununla bağlı açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, parlament üzvü kimi hökumətdə vəzifə alanların mandatı ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həll ediləcək.

Onun bildirdiyinə görə, Konstitusiyanın tələbi bundan ibarətdir:

“Çünki icra orqanlarında təmsil olunanlar digər hakimiyyət qolunda yer tuta bilməzlər. Əks halda, maraqların konfliktinə yol açılardı.

Üstəlik, hakimiyyətin bölgüsü prinsipinə görə, Nazirlər Kabineti Milli Məclis tərəfindən formalaşan, hesabat verən və istefaya göndərilən bir orqandır.

Məsələnin yaxın zamanlarda həll olunacağına və həmin ərazilər üzrə yeni seçkilərin keçiriləcəyinə ümidvaram. 200 minədək seçici təmsilçisiz qala bilməz. Növbədənkənar parlament seçkilərinə gəlincə, millət vəkili bunu istisna edib

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.

 məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış bəyannamədə qubernator qeyd edib:

“Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanı təbrik etməkdən şərəf duyuram”.

E. Braun sənəddə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələrini, ölkəmizdə müsəlman, xristian və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayır.

Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırır.

O, həmçinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra öz azadlığını və müstəqilliyini gücləndirdiyini, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edir.

Sonda qubernator Azərbaycan xalqını bir daha bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da uğurlar arzulayır.

Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhali və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2.7 trilyon dollarlıq ÜDM-ə malik bu ştat ötən ay Böyük Britaniyanı qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. Bir milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı yerlərdəndir.

Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.

, bunu ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisdə (MM) olan Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Azərbaycanda olmaqdan məmnunluq ifadə edən prezident Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu deyib.

O əlavə edib ki, iki ölkənin ən yüksək səviyyədə münasibətlərinin möhkəmləndirıməsi üçün imkanlar var və bu istiqamətdə lazımi addımlar atılır. 

Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsinə göstərdiyi dəstəyə görə təşəkkürün bildirən prezident qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək. 

“İnanıram ki, bu səfər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yeni təkan verəcək”. 

Bunu isə MM-in sədri Oqtay Əsədov deyib.

Parlamentlərarası münasibətləri yüksək qiymətləndirən spiker beynəlxalq qurumlardakı əməkdaşlıqdan da razılıq edib. 

O əlavə edib ki, həlli vacib məsələlərdə ölkələrimizin bir-birini dəstəkləməsi mühüm amillərdəndir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov