Əslində Azərbaycan hərbiyyəsinin tarixi çox-çox qədimlərə gedib çıxır. Azərbaycan əsgərləri lap qədim dövrlərdən cəsur döyüşçülər kimi tanınıblar. Tarixən Azərbaycan əsgəri regionda güclü dövlətlər quran, geosiyasi vəziyyəti dəyişən bir qüvvə olub.
1918-ci ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının ilk ordusu yaradılan kimi dərhal bir neçə uğurlu əməliyyat keçirildi. İyun-avqust aylarında Gəncədə qiyam qaldırmaq istəyən ermənilər tərksilah edildilər; Qaraməryəm,
Kürdəmir,
Ağsu,
Şamaxı,
Salyan döyüşlərində yenicə yaradılmış ordumuz Cümhuriyyətə qarşı döyüşən düşmən qüvvələri üzərində qələbələr qazandı.
Azərbaycan Ordusuna Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlınski, Feyzulla Mirzə Qacar kimi cəsur, peşəkar və vətənpərvər generallar rəhbərlik edirdilər. Onlardan bəzilərinin şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmışdı.
1918-ci il, dekabrın 25-də Səməd bəy Mehmandarov xalqa müraciətlə deyir: “Qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və istər kasıb, istər dövlətli olsun, cəmi vətəndaşları əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını azad etsə, böyük cəzaya düçar olacaqdır. Əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmasına mən çox çalışıram”.
1919-cu ilin sentyabrında general Həbib bəy Səlimovun başçılığı ilə keçirilən
Lənkəran əməliyyatı zamanı dövlətə tabe olmaq istəməyən qiyamçı dəstələr zərərsizləşdirildi, ölkənin ərazi bütövlüyünə yaranmış təhlükə aradan qaldırıldı.
Azərbaycan Ordusunun ən böyük əməliyyatı 1920-ci ilin mart-aprel aylarında həyata keçirilmiş Qarabağ hərəkatıdır. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün Novruz bayramı ərəfəsində başladıqları təxribat və hücumları əsl müharibəyə çevirirlər. Amma Azərbaycan ordusu iki ayı ərzində onlara qalib gəlir və Qarabağı xilas edir.
Həmin vaxt Əsgəran qalasının müdafiəsinə rəhbərlik edən general Cavad bəy Şıxlınski
Bakıya, baş nazirə göndərdiyi teleqramda “Ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq!” yazmış və sözünə əməl edərək, Əsgəranı qorumuşdu.