Xəbər lenti


Milli Məclisdə Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb.
 
Bizimaz.az:  zərfin müzakirəsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələri toplanıb.
 
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edir.
 
Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub.
 
2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.
 
Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
 
2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub.
 
2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırlır.
 
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 mln. manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 mln. manat və ya 95,9% çoxdur. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3% təşkil edəcəyi nəzərdə tutulub.
 
2019-cu il icmal büdcənin gəlirləri 29 724,6 mln. manat və ya cari ilə nisbətən 1 599,9 mln. manat və ya 5,7% çox, xərcləri 27 372,3 mln. manat və ya əvvəlki ilə nisbətən 797 mln. manat və ya 3,0% çox nəzərdə tutulub.
 
"2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
 
Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.
 
Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Fondun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.
 
2019-cu ildə də Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub.
 
2019-cu ildə Fondun xərcləri 3 928,1 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.
 
2019-cu ildə Fondun xərclərinin əhaliyə ödənişlər, AHİK xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdirilən xərclər, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, müvafiq icra hakimiyyəti orqanının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri və digər xərclər istiqamətlərində icra ediləcəyi nəzərdə tutulub.


Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib.

Bizimaz.az xəbər verir ki, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılmışdır. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişlər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilmişlər.

Hadisə yerindən 1 ədəd "Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd "F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanılmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Daxili işlər orqanlarında yeni təyinat olub.
 
Bizimaz.az Report-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Ağdamın polis rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək Tərtər rayon Polis Şöbəsinin rəisi təyin edilib.
 

Millət vəkili Tahir Kərimli Azərbaycan himinin qısaldılması ilə bağlı təklifinə görə kəskin tənqid olunub. Onu müqəddəs himni zədələməkdə ittiham ediblər və özü ilə bağlı bir çox ironik fikirlər irəli sürülüb.
 
Bizimaz.az xəbər verir ki, deputat T.Kərimli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, təklifinə verilən reaksiyalar onu həm sevindirir, həm də kədərləndirir: "Ona görə sevinirəm ki, xalq özünün müqəddəs hesab etdiyi dəyəri hiss edir, amma ona görə kədərlənirəm ki, bunu kor-koranə edir. Sanki Sabirin dövründəki xalq qiyafəsini dəyişib, başqa fərqi yoxdu.
 
Birincisi, bu müqəddəs dəyərdirsə, bundan əvvəl nə üçün dəyişilib. "Cümlə hazırız”, "Cümlə qadiriz” sözləri dəyişdirilib. Üç il əvvəl dövlət rəhbərliyinin razılığı ilə bəstəkar Rauf Əliyev himni aranjeman edib, xeyli dərəcədə qısaldıb və sürətləndirib.
 
Müqəddəs idisə, niyə dəyişdirdilər?
 
İkincisi, söhbət sözlərdən yox, müsiqidən gedir. Musiqinin həcmi azaldılmalıdır. İndiki xalq heç bilmir ki, "Cümlə hazırız”, "Cümlə qadiriz”, "Sənə bir çox məhəbbət” nə deməkdir. İndi pafosla, ritorika ilə deyirlər ki, müqəddəs dəyərə dəymək olmaz.
 
Üçüncüsü, mən məsələni belə qoymuşam ki, himndə "Üç rəngli bayrağınla məsud yaşa” təkrar olunur, iki dəfə "Azərbaycan” yazılır biz 4 dəfə oxuyuruq. Nəqarətlər götürülsün, minor notlar çıxarılsın. Mən musiqinin qısaldılmasını, minor notların götürülməsini, mübariz əhval ruhiyyədə fon verilməsini təklif etmişəm.
 
Bu müstəqil dövləti də, himni də biz qaytarıb xalqa vermişik. Müstəqilliyə qarşı çıxanlar indi məni tənqid edirlər. Biz vermişik, indi mükəmməl olmasını istəyirik. Güzgünü toz basıbsa, onu təmizləyənə deyirlər ki, niyə sındırırsan.
 
Mənə qarşı olan ittihamlara baxıram, bəziləri çox yaxşı izahlar verirlər. Amma 18-20 yaşlı adamlar ya da qocalar elə deyir ki, guya biz müstəqilliyə qəsd edirik. 23 ildir Konstitusiya qəbul olunub, ondan əvvəl sözümüzü deyə bilməmişik, bundan sonra da deyə bilməyəcəyik? İndi imkan var ikən bunu edək, düzəldək”.
 
Millət vəkili onun barəsində "Tahir Kərimli musiqini Üzeyir Hacıbəyovdan yaxşı bilir?” tənqidinə də cavab verib: "Mən heç Üzeyir Hacıbəyovun bildiyinin bir faizini bilmirəm, o dahidir. Amma Üzeyir bəy bu himni gəncliyində yazıb, sonradan musiqi təhsili alıb. Azərbaycan Sovet Respublikasının himnini yazanda minor notdan imtina edib, major notdan istifadə etdi.
 
Mən dəfələrlə tədbirlərdə görürəm, sonuncusunda Türkiyənin himni 1 dəqiqə 30 saniyəyə bitdi, bizimki 4 dəqiqə səsləndi. Əcnəbilər də, bizimkilər də himn səslənəndə artıq bir-biri ilə söhbət edirlər, fırlanırlar, gəzirlər. Bu da mənə pis təsir edir.
 
Mən xalqıma mat-məəttəl qalmışam. Özün eşşəyə minirsən deyirlər uşaq yerdə qalıb, uşağı mindirirsən deyirlər qoca kişi yerdə gedir, uşaqla birgə minirsən deyirlər eşşək yazıqdı, minməyəndə də deyirlər bunların başı xarabdı. Mən bilmirəm bu xalq üçün nə edəsən. Elə deputatsansa, deməli pissən. Hamımız üçün yazırlar ki, milyonerdi. Biz də sənin kimi sadə həyat yaşayırıq. Əbülfəz Elçibəy İsmayıllıda bizdə qalanda, uşaqlara bu mahnını oxutdururdu, özü də ayaq üstə dururdu, biz də dururduq. İndikindən fərqli olaraq o vaxt mən Əbülfəz bəyə inanırdım. İndi siz bu himni məndən çox sevəcəksiz? Qoyun bunu mükəməlləşdirək də. Himndə nikbinlik, mübarizlik, heyranlıq, cəngavərlik ruhu olmalıdır. Bu xalqa yüz faiz təhsillidir deməklə deyil, yazıb-oxumağı bilir deyə təhsilli deməliyik? Bizim on minlərlə alimimiz dövlətdən maaş alır, amma heç bir iş görmür. Adı alim olmaqla deyil ki... Mən Milli Məclisdə qanun qəbul edirəm deyə mənə cinayət işi açacaqsız? Mən başa düşmürəm insanlar nə istəyir”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov