Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanın ictimai-siyasi meydanında sabitsizlik elementidir. Amma bu, Ermənistan xalqının seçimidir.
Bizimaz.az xəbər verir ki, Bunu açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspertin fikrincə, Ermənistanın yeni hökuməti artıq başa düşməlidir ki, ölkənin ictimai və iqtisadi həyatının normallaşması üçün Azərbaycanla 30 ildir davam edən Dağlıq Qarabağ konfliktinin həllində qətiyyət göstərməlidir.
“Hər halda işğal olunmuş torpaqları qaytarmaq lazımdır. Bu problemin olmadığını nümayiş etdirmək bəsdir, bu problem var və Rusiya ekspertləri arasında da bu barədə danışmağa başlamışıq”, - Korotçenko bildirib.
Ekspertin sözlərinə görə münaqişənin həlli istiqamətindəki varinat axtarışlarını məhz Paşinyan istədiyi üçün yox, Dağlıq Qarabağ konfliktinin praktiki həlli mövqeyindən başlamaq lazımdır.
“Bir ekspert kimi problemin həllini ilk olaraq Azərbaycana işğal olunmuş 5 rayonun geri qaytarılmasında görürəm. Bundan sonra və ya bununla paralel olaraq təmas xəttinə KTMT sülhməramlıları yeridilir. Bu qüvvələr hərbi əməliyyatların yenidən alovlanmasının qarşısını alacaq”, - ekspert qeyd edib.
Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı əsas beynəlxalq sənədlərdə qeyd olunduğu kimi, işğal olunmuş ərazilərin qaytarılmasından sonra Azərbaycan və Türkiyə Ermənistanın və Dağlıq Qarabağın iqtisadi cəhətdən blokadasını aradan qaldırmağa başlayır.
“Aydındır ki, Dağlıq Qarabağın statusu növbəti formada həll edilməlidir. Qarabağ ərazisinə beynəlxalq zəmanət altında əvvəllər orada yaşayan azərbaycanlılar qayıtmalı və seçki prosesi keçirilməlidir. Bu seçkidə “Dağlıq Qarabağ Respublikası” ərazisini konfliktin başlanmasından sonra tərk edən azərbaycanlılar iştirak etməlidir. Bundan sonra Qarabağın statusu beynəlxalq ictimaiyyətin tanıdığı kimi Azərbaycanın ərazisinin bir hissəsi kimi tanınıb qeydə alınmalıdır.
Həll və Bakı ilə əlaqələrin qurulmasıyla paralel olaraq Ermənistanda qalan və erməni qüvvələrinin nəzarət etdiyi iki rayon Azərbaycanın nəzarətinə verilir. Öz növbəsində isə Bakı Ermənistanla Dağlıq Qarabağ arasında nəqliyyat kommunikasiyasının kəsilməyəcəyinə zəmanət verir.
Qaçqınlar işğal edilmiş rayonlara qaytarılır və dinc yaşayış prosesi bərqərar olur. Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi blokadasının götürülməsi qarşılığında iqtisadi üstünlüklər əldə edir. Gələcəkdə isə beynəlxalq zəmanət altında qaçqınların qayıtmasından sonra Dağlıq Qarabağın statusuna Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu və ya başqa formada baxılır”, – Korotçenko deyib.
Onun sözlərinə görə, konfliktin həlli yolu uzundur, amma bunun üçün ilkin addım Ermənistan tərəfindən 5 işğal olunmuş rayonun qaytarılması olmalıdır.
Rus ekspertin fikrincə, rusiyalıların çoxu Dağlıq Qarabağ probleminin qondarma DQR sərhədlərində olduğunu düşünürlər. O, əslində burada Azərbaycanın 7 rayonunun erməni ordusu tərəfindən işğalıyla bağlı çoxlarında təsəvvürün olmadığını deyib:
“Bu, məsələni kökündən dəyişir. Dağlıq Qarabağ problemi ayrıdır, Azərbaycanın işğal edilmiş rayonları isə ümumi problemin bir hissəsidir. Biz gərək bu mövqeni çatdıraq ki, bu, təkcə qondarma DQR problemi deyil, bu həm də Azərbaycanın 7 rayonunun həqiqətən beynəlxalq hüquq baxımından işğal edilməsidir. Danışıqlar danışıqlar dalınca, müzakirələr müzakirə dalınca olsa da, hələlik heç bir real nəticə yoxdur. Həll prosesini Azərbaycana beş işğal olunmuş rayonun verilməsindən başlamaq lazımdır”.