Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi.
Bir necə il sonra burada yeni korpuslar tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edildi.Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxana istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından
ən müasir klinikalardan biridir.
Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Digər klinikalara nisbətən MNX-nın üstünlüyü daim inkişaf edən xəstəxana olmağındadır.
MNX-da baş direktor vəzifəsinin tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyliyə etibar edilməsi müəssisənin işində müsbət dönüş yaratmışdır. 2012-ci ilin mayınadək Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləmiş Leyla xanımın fəaliyyəti həmişə həm rəhbərlik, həm respublikanın səhiyyə ictimaiyyəti, həm də ona işi düşən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Onun haqqında ictimai rəy belədir ki, MNX-da rəhbər vəzifənin icrasına başladığı ilk vaxtlarda verdiyi vədləri, açıqladığı proqnozları davamlı surətdə yerinə yetirən baş direktor ona etibar edilmiş işin öhdəsindən layiqincə gəlmiş, göstərilən etimadı doğrultmuşdur.
Burada əsas məqsəd xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir. Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Türk Standartları İnstitutun mütəxəssisləri tərəfindən 2010-cu il 17-21 may tarixlərində müvafiq kurslar keçirilib. Həmin kurslarda xəstəxananın 19 nəfərlik tibb personalı iştirak edib. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir. Səhiyyə sistemində xidmətlərin elektronlaşdırılması çərçivəsində Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) fəaliyyətini tam rəqəmsallaşdırmışdır. Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir.
Belə ki, sistem müasir xəstəxana idarəetməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, "Ağıllı kart" sisteminin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb. "NFC xəstə biləkliyi" və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur. Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var. Sözügedən layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb.
Dünyanın bir sıra məşhur səhiyyə ocaqları, o cümlədən, İtaliyanın San Rafaello klinikası Mərkəzi Neftçilər Xəstəxanası ilə əməkdaşlıq edir. Məşhur kardiocərrah Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakıda 350-dən çox çox ürək əməliyyatını uğurla icra edib.
Dəfələrlə ilkə imza atan MNX - nın mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq hər bir xəstəliyin çarəsini tapmaq üçün digər ölkələrin klinikalarına deyil, məhz MNX-na üz tuta bilələr. Məhz bu səbəblərdən Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrlərə əsasən əhaliyə göstərilən tibb xidmətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”-ı ilə təltif edilmişdir.
MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır. Marketinq şöbəsinin vəzifələrinə həmçinin xəstəxanaya müraciət edən xəstələrin qəbulunun təşkili, tibbi xidmətlər və qiymətlər barədə ətraflı məlumatlandırılması və nəzarət edilməsi və s. kimi öhdəliklər daxildir. Burada korrupsiya üçün heç bir zəmin yoxdur. Təmin olunmuş tam şəffaflıq şəraitində həkimlər göstərdikləri xidmətin müqabilində müəssisənin hesabına köçürülmüş maliyyə vəsaiti və onlara düşən əmək haqqı barədə məlumat alır, plastik kartları ilə bankdan pul çıxara bilirlər. Səhiyyə Nazirliyinin balansında təsərrüfat hesabı ilə fəaliyyət göstərən müəssisənin maliyyə baxımından idarə edilməsində insan amilinə böyük önəm verildiyindən, xəstələrə yararlandıqları tibbi xidmətin haqqını müalicənin və ya əməliyyatın başa çatmasından sonrakı aylarda da tədricən ödəyə bilmələri üçün imkan yaradılır. MNX-da şəhid ailələrinin, qaşqın və məcburi köçkünlərin, müharibə əlilləri və veteranlarının müraciətlərinə həssas yanaşılır, güzəştlər tətbiq olunur.
Xəstəxananın Poliklinikasında bayram və əlamətdar günlər ilə əlaqədar "Açıq qapı" günləri keçirilir. İnanırıq ki, Mərkəzi Neftçilər Xəstəxanası sona yaxınlaşan 2017-cı ilin yekunlarına görə də Azərbaycanın ən yaxşı tibb müəssisələri sırasında öncül yerdə qərar tutacaqdır.
Qeyd edək ki, ötən il Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd olunub. Mərkəzi Neftçilər Xəstəxanası ən müasir müalicə-diaqnostika avadanlıqları və gündəlik fəaliyyəti üçün lazım olan hər cür dərman preparatları ilə təmin edilib. Xəstəxananın zəngin maddi-texniki bazası və güclü kadr potensialı burada mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Xəstəxanada üç tibb elmləri doktoru və 25 tibb elmləri namizədi çalışır.
Yubley tədbirində səhiyyə naziri Oqtay Şirəliyev xəstəxananın kollektivini təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. Nazir vurğulayıb ki, son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına təkan verib. Oqtay Şirəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışıb.
Yubiley mərasimində Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxunub. O.Şirəliyev təltif olunan şəxslərə medalları təqdim edib. Bundan başqa, xəstəxananın bir sıra əməkdaşları “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.
Zaur Vəliyev