Müsahibimiz Qazax Xeyriyyə Cəmiyyətinin
(hazırkı “Qazax Xeyriyyə” İctimai Birliyi) keçmiş sədri
Vidadi Mehrəli oğlu Bayramovdur.
Bu yaxınlarda 1992-ci ildən 2016-ci ilə qədər Qazax Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsini özünün ən böyük vəzifəsi hesab edən, sözün əsl mənasında Qazax mahalının sevdalısı olan Vidadi Bayramov “Dəli Kür”ə 24 il ərzində gördüyü işlərin ümümi icmalını xatırladan bir yazı təqdim etmişdi. Yazını “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, riyaziyyat elmləri doktoru,professor İlham Pirməmmədov da oxudu və belə məsləhət oldu ki, hörmətli Vidadi müəllimlə qəzetin redaksiyasında görüş keçirək və ondan gördüyü işlərlə bağlı geniş müsahibə alaq.Bu məqsədlə Vidadi müəllim redaksiyamızın qonağıdır.
-Vidadi müəllim,Qazax Xeyriyyə Cəmiyyətinə sədr seçilməyinizi necə xatırlayırsınız?
-Qazax Xeyriyyə Cəmiyyətinin yaradıcısı və ilk sədri görkəmli şairimiz Aslan Kəmərli idi.Bakıda,Sumqayıtda yaşayan eloğlularımız onun ətrafında sıx birləşmişdilər.Qazağın müdafiəsi üçün böyük işlər görülürdü.Hamı canı,qanı,malı,dövləti ilə vətənimizin və doğma mahalımız Qazağın müdafiəsinə,onun sərhədlərinin qorunmasına hazır idi.Mən özüm də məsul dövlət vəzifəsində çalışmağıma baxmayaraq,cəmiyyətin bütün işlərində fəal iştirak edirdim.1992-ci ilin oktyabr ayının 24-də Cəmiyyətimizin sədri,Qazağın erməni işgalçılarına qarşı mübarizəsinin əsas təşkilatçılarından biri olan Aslan Kəmərli avtomobil qəzasına düşərək həlak oldu.O,vaxtlar Aslan müəllim “Xalq” qəzetinin mahalımız üzrə bölgə müxbiri vəzifəsində çalışırdı,həm də xalqı erməni daşnaklarına qarşı amansız mübarizəyə səsləyirdi.
Aslan müəllimin ölümündən sonra cəmiyyətin ümumi yığıncağı keçirildi və məni sədr seçdilər. Cəmiyyətin özünün ofisi yox idi. İndiki Təhsil Problemləri İnsititunun binasında iki otaq ayırmışdılar. Sədr kimi ilk işim Azərbaycanın xalq şairi Mirvarid xanım Dilbazinin 80 illik yubileyinin keçirilməsi oldu. Cəmiyyətdə rəssam Qafar Sarıvəllinin çəkdiyi M.Dilbazinin şəkli divarda asılmışdı. Soruşdum ki, Mirvarid xanımın yubileyi keçirilmir? Dedilər ki, kim keçirəcək? Hamının başı qarışıqdır. Qərara aldıq ki, ilk xalq şairəsinin yubileyini filarmoniyada keçirək.Filarmoniyanın zalı ağzına qədər dolmuşdu. İnsanlara yer çatmırdı.Filarmoniyanın direktoru İsmayıl Şıxlı ilə mənə dedi ki, son 10 ildə burada belə əzəmətli tədbir keçirilməyib.Tədbiri görkəmli şairimiz Həmid Abbas aparırdı. Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlı, akademik Teymur Bünyadov, xalq şairi Nəriman Həsənzadə, görkəmli nasirimiz Vidadi Babanlı və dövlət rəhbərləri M.Dilbazi ilə bağlı ürək sözlərini dedilər, xalq şairəmizi təbrik etdilər. Mən də təbrik nitqi söylədim və öz evimdən gətirdiyim xalçanı Cəmiyyətin adından Mirvarid xanıma hədiyyə etdim. Tədbirin sonunu geniş tərkibdə restoranda qeyd etdik.O gecə çox təntənəli və yaddaqalan oldu. Tədbirdə Azərbaycanın və mahalımızın çox görkəmli ağsaqqallarından olan İsmayıl Şıxlı,İmam Mustafayev, Tofiq Bağırov, İsa Hüseynov, Yusif Səmədoğlu , Həmid Abbas, Fərman Eyvazlı, Vəfa Quluzadə, Mürsəl Həkimov, Əminə Dilbazi, Hüseyn Çəndirli, Omar Hüseynov, Həmzə Əliyev, Seyid Bayramov, Rəhim Qasımov (Allah onlara rəhmət etsin), Vidadi Babanlı, Teymur Bünyadov, Nəriman Həsənzadə, Arif Rəhimzadə və Qazax Xeyriyyə Cəmiyyətinin fəalları iştirak edirdilər.Təvazökarlıqdan uzaq olsa da, tədbirin bütün xərcini özüm çəkdim.
- Vidadi müəllim ölkəmiz üçün elə çətin dövrdə yubiley tədbirini belə təntənəli keçirməyiniz yadımıza Böyük Vətən Müharibəsi illərində blokadaya alınmış Leninqradda ulu N.Gəncəvinin 800 illik yubileyinin keçirilməsini salır.Bu təşəbbüsünüzə görə söz adamları həmişə sizə təşəkkür edir.Vidadi müəllim, o illər Sovet İmperiyasının dağıldığı dövr idi.Respublikamızda hakimiyyət zəifliliyi və hərcmərclik hökm sürürdü.Ermənistanla sərhəd rayonlarımızda Naxçıvanla müharibə gedirdi.Xalq erməni daşnaqlarının qarşısında əliyalın qalmışdı.Ordu təzə-təzə yaranırdı.Könüllülər arasında əlaqə zəif idi.Belə vaxtlarda Qazax Xeyriyyə Cəmiyyətinin işini necə qurması maraqlıdır.O, günləri necə xatırlayırsınız?
- O dəhşətli illəri xatırlamamaq olmaz. Bakıda yaşayan Qazaxlılar cəmiyyətimizə tez-tez gəlir,mahalımızda baş verən hadisələrlə yaxından maraqlanırdılar.Biz rayon rəhbərliyi və ordumuzun mahalımızda olan komandirləri ilə mütəmadi olaraq əlaqələr saxlayır və bizdən asılı olan hər şeyi edirdik ki, rayon əhalisi panikaya düşməsin,ordumuz düşmənə layiqli cavab versin.Mən təzə sədr seçilən günlərdən biri idi.Qazaxdan zəng vurub dedilər ki,hərbi hissələrdə akkumlyatorların yoxluğu üzündən heç bir texnika işləmir.Dedim ki, bununla bağlı İcra Hakimiyyətindən Nazirlər Kabinetinə rəsmi məktub göndərin.Məktuba əsasən 42 ədəd akkumlyator alıb Qazağa yola saldım.Bu işdə Bəhruz Əliyev mənə yaxından kömək etdi.
Yenə bir gün gecə saat 3 və ya 4 olardı,ev telefonuna zəng gəldi, Qazaxdan idi.Hərbi hissədən Rəşid adlı.Dedi ki,Vidadi qağa,Lökbatanda rus komandiri ayrı-ayrı adamlara tank verir.Onlara hörmət etmək lazımdı ki, bizə də tank versinlər.Səhəri gün Şirin Hacıkərimovla getdik.Rus polkovniki soruşdu ki,siz niyə gəlmisiniz? Dedim ki, Qazax və Ağstafa hərbi hissələri üçün tank almağa gəlmişik.Söhbətimiz baş tutdu və istədiyimizdən də artıq “hörmət” etdim.
Rus polkovniki həvəsləndi və mənə dedi ki, sizə 4 tank, 2 BTR və 2 BMP verəcəyəm. Bu texnikanı respublikanı Dəmiryolu İdarəsinin rəisi Elbrus Abdullayev və onun müavinləri İslam Əfəndiyev və Tofiq Mansurovun koməkliyi ilə Ağstafaya yola saldım.
- Vidadi müəllim, Siz həm də əslən Qazaxdan görkəmli ədəbiyyat və elm xadimlərimiz və ziyalılarımızla birlikdə doğma mahalda olur, əsgərlərimizə və sərhəd kəndlərimizdə yaşayan əhaliyə baş çəkir, onlara yardım aparır və bütövlükdə xalqı qələbəyə səsləyirdiniz.
- O illərlər Qazağa belə səfərlərimiz çox olurdu. İsmayıl Şıxlı, Vidadi Babanlı, Teymur Bünyadov, Nəriman Həsənzadə və digər görkəmli ziyalılar Qazax camaatını tək qoymurdular. Belə səfərlərin çoxunun təşkilatçılığını cəmiyyətin adından mən edirdim. Belə səfərlərin birində gecəni Daş Salahlıda qalası olduq. Kənd sovetinin sədri Sozalı Vəliyev və sovxoz direktoru Muxtar müəllim şikayət etdilər ki, əlimizdə bircə avtomatımız var onu da Şəmkirdən 80 000 rus rubluna almışıq. Daş Salahlı könüllülərdən ibarət hərbi dəstənin başçısı Hacıvəli dedi ki, bizə bir hərbi maşın lazımdır. Onlara söz verdim ki, istəklərinizi yerinə yetirəcəyəm. Bakıya qayıtdıqdan sonra Xətai rayon polis rəisi V.Kotova zəng etdim ki, mənə təcili avtomat lazımdır. O, mənə 5 ədəd avtomat, 3 min güllə gətirdi. Kabinetimdə ona 153 000 rus rublu ödədim. Hacıvəliyə isə dəyəri 17 000 rubl olan QAZ 66 maşını göndərdim. Qazaxda olanda Muxtarla Sozalı məndən soruşdular ki, Vidadi müəllim, bizim borcumuz nə qədərdir ? Dedim ki, Sizin borcunuz Qazağı və Daş Salahlını erməni daşnaklarından mərdliklə qorumağınızdır.
Ağstafada olarkən Poyluda yerləşən artilleriya batalyonunun komandiri Maqsud Aşurov dedi ki, qradımız olmadığı üçün çətinlik çəkirik. Söz verdim ki, kömək edəcəyəm.
- Vidadi müəllim, üzr istəyirəm, bu dedikləriniz gənc oxucularımız üçün təəccüblü görünəcəkdir. Sanki hamı silah alveri edir. Dedikləniz nə qədər inandırıcıdır ?
- Tamam doğru deyirsən. İndi hər şeyə dövlət nəzarət edir. Güclü ordumuz var. O vaxt belə deyildi axı. Hərcmərclik baş alıb gedirdi. Nə isə... Yaşlı nəsil yaxşı xatırlayır.. Hə, Bakıya qayıdandan sonra Səttərxan adına zavodun direktoru Əyyam Hüseynovu yanıma çağırdım və dedim ki, Qazağa 5 QRAD lazımdır. Onun əvəzində sənə 10 QAZ 66, 2 QAZ 31 maşın verəcəyəm.
- Vidadi müəllim, yenə üzr istəyirəm. Siz onda hansı vəzifədə işləyirdiniz ?
- Mən onda AZƏRMAŞ-ın baş direktoru idim. Bütün respublikaya maşın və traktorları biz bölüb verirdik. Bir həftəyə qradlar hazır oldu və onları Ağstafaya göndərdik. Həmin ərəfələrdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Cavanşir Carçıyev zəng vurub xahiş etdi ki, təcili iki top lazımdır : biri 120sm, digəri isə 8sm. O vaxtki Sərdarov adına zavodun direktoru Fazil müəllimi çağırdım yanıma və dedim ki, Qazax üçün 2 top düzəltdir. Ona lazım olan texnikanı ayırıb verdim .Top qurğularını Qazağa yolladım. Qəbələdən 1 ədəd Zenit qurğusu, 4 yeşik güllə alıb Cəmiyyətin adından Qazağa yolladım. Zenit qurğusunu göndərdikdən sonra Saqqalı Alik yanıma gəlib dedi ki, qurğunu yerləşdirmək üçün maşın lazımdır. Ona bir KAMAZ 555 maşın verdim. Bunlardan başqa, o dövrdə Qazax hərbi hissəsi üçün 10 dənə QAZ 66 (hər birinin dəyəri 17 000rubl) maşını verdim.
- Vidadi müəllim, Cəmiyyət təkcə mahalımıza deyil, Qarabağ və digər bölgələrə də yardım əlini uzadırdı. Bu barədə nə deyə bilərsiniz ?
- Doğru deyirsən. O zamanlar Qazaxdan başqa digər rayonlara və qaçqınlara köməklik göstərirdik. Ağdam qaçqınları üçün bir KAMAZ geyim, yatacaq əşyaları və ərzaq apardıq. Bu işdə mənə o zamanlarPenitensianer İdarəsinin məsul işçisi olan Nizami və Bayram Bayramov köməklik göstərdilər. Goranboyda yerləşən Xocalı qaçqınları üçün öz hesabımdan 3 t un və cəmiyyətin ümumi hesabından ərzaq məhsulları apardıq...
- Vidadi müəllim, o dövrdə Sizdən başqa əsgərlərə, qaçqınlara yardım edənlərdən kimləri qeyd edə bilərsiniz ?
- Ən əvvəl Bakı şəhər baş Polis İdarəsinin o zamankı rəisi Abdulla Allahverdiyevin adını çəkə bilərəm. O hərbi hissələrə 3 maşın silah-sursat, paltar, ayaqqabı göndərmişdir. Buzovnadakı hərbi zavodun direktoru Məmməd Namazov əsgərlərimizi isti yeməklə təmin etmək məqsədilə çoxlu sayda 20-25 litrlik termoslar göndərdi. Polkovnik Tapdıq Osmanov erməni daşnaklarının yararsız hala saldığı xəstəxananını tam təmir etdirdi. Bundan başqa, zavod direktoru Faiq Əfəndiyev, Rabitə nazirinin müavini Omar Hüseynov, ayaqqabı fabrikinin direktoru Dursun Mustafayev, ”Dəli Kür” restoranının müdiri Arif Əliyev, şirkət rəhbərləri Puşkin Əhmədov, Vidadi Dəmirçiyev və başqaları qaçqınlarımıza və əsgərlərimizə geyim əşyaları, ərzaqla,silah-sursatla köməklik göstərmişdilər. Cəmiyyətimizin Qaradağ rayonu üzrə məsul işçisi Səfər Rəhimov və Bəhruz Dilbazinin də adlarını unutmaq olmaz.
- Sizin yaddaşınıza qibtə etməmək olmur. Heç bir sənədə baxmadan bu qədər faktı yadda saxlamaq... Vidadi müəllim, xalqın təkidli tələbindən sonra Ümumilli Liderimiz H.Əliyev yenidən hakimiyyətə qayıtdı.Az sonra atəşkəs elan olundu. Bu illərdə Cəmiyyətin sədri kimi hansı işləri qeyd edə bilərsiniz ?
- Doğrudur ki, Ümumilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikada hər şey köklü surətdə yaxşılaşmağa başladı. Əvvəl nizami ordu yaradıldı və atəşkəs elan olundu. Bundan sonra xalq rahat nəfəs almağa başladı. Qazax Xeyriyyə Cəmiyyəti isə daha çox kütləvi tədbirlər keçirir,görkəmli şair və yazıçıların yubileylərin qeyd edirdik.Fəxri Xiyabanda dəfn olunan görkəmli ədəbiyyat,elm və incəsənət xadimlərinin məzarlarını ziyarət edir,onlara ehtiramımızı bildiririk.Bu işdə bizə cəmiyyətimizin idarə heyyətinin üzvü, hazırki sədrimiz professor İlham Pərməmmədov maddi və mənəvi dəstəyini əsirgəmirdi. 1994-cü ildən “Dəli Kür” qəzetini nəşr etməyə başladıq.
- Vidadi vüəllim, sözünüzü kəsdiyimə görə üzr istəyirəm. “Dəli Kür” qəzetinin çap edilməsinin maraqlı tarixi var.
- Doğru deyirsən. 1994-cü il idi. Bir gün xalq şairimiz Nəriman Həsənzadə təklif etdi ki, cəmiyyətin qəzetini təsis edək. Ən ciddi etirazı mən etdim. Çünki mətbuatdan uzaq idim, onu necə çıxaracığımı bilmirdim. Nəriman müəllim məni “ovsunlaya” bildi. Onda təklif etdim ki, qəzetin adı böyük yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” pomanının şərəfinə “Dəli Kür” olsun. İdarə Heyətinin bir çox üzvləri buna eiraz etdilər. Mən bu məsələ ilə bağlı İsmayıl müəllimlə görüşdüm. Əvvəlcə razı olmadı, mən israr etdim. Bir şərtlə razı oldu ki, çox şeir verməyək. Bir müddət buna əməl etdik. Sonra mümkün olmadı. Nə isə...
Qəzetin çap olunmasında Salatın Əhmədlinin xidmətləri çox olmuşdur.Bu dövrdə gördüyüm işlərdən ən yaxşısı kimi ilk sədrimiz olmuş şair Aslan Kəmərlinin abidəsinin hazırlanması və Kəmərli kənd məktəbinə onun adının verilməsi oldu.Heykəltəraş İbrahim Aşırlı onun heykəlini düzətdi və heykəli adını daşıdığı məktəbin həyətinə qoyduq.
-Vidadi müəllim,geniş müsahibəyə görə sağ olun.Özgə nəsə demək istəyirsinizmi?
- Ürəyim doludur. Mahalımıza, elimizə-obamıza nə etmişiksə yenə azdır. Sevinirəm ki, mən öz yerimi məhz professor İlham Pirməmmədovu verməklə heç də səhv etməmişəm.Az vaxtda çox böyük işlər görüb və görəcəkdir.Biz hamımız ona kömək etməliyik.Sözümün sonunda qanlı-qanalı günlərə bizimlə Qazağa,Ağstafaya,Ağdama,Goranboya getmiş həmyerlilərimizin adını çəkmək istəriyəm ki,tarixdə qalsın.Ölənlərə Allah rəhmət etsin,qalanlara can sağlığı arzu edirəm.Yaddaşımda belə bir siyahı yaşayır:
Vidadi Bayramov, Vidadi Babanlı, Teymur Bünyadov,Nəriman Həsənzadə,Həmid Abbas,Həmzə Əliyev,Mürsəl Həkimov,Bayram Bayramov,Hüseyn Xəlilov,Fərman Eyvazlı,Rövşən Babanlı,Şirin Hacıkərimov,Həsən Nəbiyev,Yaqub Nəbiyev,Sayad Yolçuyev, Yolçu Rəfiyev, Eyvaz Eyvazov,Fəridə Ləman,Qərənfil Xəlilova,Gülnarə Musayeva,Aydın Yusubov,Aslan Məmmədov,Qərib Məmmədov,Qəvvas Əhmədov,İsa Cəfərov,Qafar Sarıvəlli,Firudin Orucov,Ramiz Əliyev,Məhəmməd Sarıvəliyev,Ayaz Dərgahquliyev,Süleyman Osmanoğlu, Elşad Əzimov, Şəmistan Nəzirli, Elxan Musayev, Ralis Qaravəliyev, Temuraz Orucov, Vaqif Vəlibəyli, Valeh Nəsibov, Baba Mirzəyev (ansamblı ilə birlikdə) Miskər Məmmədov, Rəhim Qasımov, Nazilə Məmmədova.Yadımdan çıxan varsa , məni bağışlasın.
-Müsahibəyə görə çox sagolun.
OSMAN MUSAYEV