Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərinin istifadəsinə xitam verilməsi barədə xəbər yayılıb. Lakin qurum məlumatdan dərhal sonra rəsmi açıqlama yayaraq, avtomobillərinin əlindən alınmadığını bildirib.
Məsələ ilə bağlı agentlikdən Report-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə agentliyin nəqliyyat vasitələri üçün qoyulan limit aradan götürülüb:
“Yəni qərara əsasən, sadəcə limit götürülüb, avtomobillərin geri alınmasından söhbət getmir”.
Xatırladaq ki, indiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.
Bundan öncə 3 qurumun - Milli Arxiv İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin xidməti avtomobilləri geri alınmışdı. Bu 3 qurumun ümumilikdə 7 ədəd xidməti maşını var idi.
11 oktyabr tarixində isə Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı 71-dən 22-yə salınmışdı. Qərarın səbəbi açıqlanmasa da, təklifin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürüldüyü bildirilmişdi.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu addımı 10 oktyabr və 8 dekabr tarixlərində “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına əsaslanır.