Ötən illər ərzində diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O, qeyd edib ki, dünya ölkələri və beynəlxalq təsisatlar ilə ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və il ərzində müxtəlif sahələri əhatə edən təqribən 100-ə yaxın ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.
Onun sözlərinə görə, Azərbaycan 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik və 2019-cu ildə 18-ci Zirvə toplantısına ev sahibliyi edəcək.