Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək, metropolitenin iş vaxtı 1 saat uzadılacaq.
Metropolitendən verilən məlumata görə, 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində şəhər mərkəzinə, həmçinin bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.
Sərnişin axını nəzərə alınmaqla, bayram günlərində qatarların hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2.5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq. Lakin mümkün sərnişin sıxlığı nəzərə alınmaqla, günün istənilən vaxtında xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.