Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumların nümayəndələrinin iştirakı ilə Şəmkir rayonu ərazisində balıq buraxılışı həyata keçirilib.
“Bizimaz.az ” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Yenikənd və Şəmkir su anbarlarına ümumilikdə 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.
Tədbirin davamı olaraq yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Nazirliyin iştirakı ilə Şəmkir və Samux rayonları ərazisində ağacəkmə aksiyaları təşkil olunub, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib.
2023-cü il noyabrın 23-25-də (cümə axşamı-şənbə) Bakıda əlamətdar hadisə - SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.
“Bizimaz.az ”nun məlumatına görə, bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın sakinlərinə və qonaqlarına xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində, eləcə də xarici və xarici vətəndaşların əsas marşrut xətlərində keçiriləcək. Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.
“Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar.
Qonaqların tədbir yerlərinə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - deyə Araz Əsgərli vurğulayıb.
9 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub. Mikrofon önünə çıxan 3 sakin qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Yeni Yaşma kənd sakinlərindən 2 nəfəri isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Qalan 4 müraciətə gəlincə, bunlar qaz sayğacının yerinin dəyişdirilməsi və debitor borcun araşdırılması ilə bağlı olub. Görüşdə səsləndirilən hər bir müraciət qeydə alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azərbaycan Respublikasında yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, nəticə olaraq, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib.
2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur.
Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib.
Məlumdur ki, istənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir. Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.
Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən xəbərə görə, bu səbəbdən də metronun “20 Yanvar”stansiyası istiqamətində sıxlıq yaranıb.
Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub. Sıxlığın aradan qaldırılması üçün işlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadə həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə açılmış işin istintaqı başa çatıb. İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə bildirilib ki, ETSN-in Meşələrin İnkişafı Xidmətinin Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktoru İlqar Qəribov 2020-ci ildə vəzifədən azad edilib. İşində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi açılan və həbs edilən İ.Qəribovun yerinə həmin vaxt 1983-cü il təvəllüdlü Alim Əlizadə təyin edilib. Lakin sonradan A.Əlizadənin də oxşar əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bir neçə ay əvvəl A.Əlizadə işdən çıxarılıb və barəsində cinayət işi açılıb.
Bildirilib ki, A.Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, söhbətgahların salınması məqsədilə müxtəlif şəxslərdən rüşvət qismində külli miqdarda pul alıb.
Məhkəmədə A.Əlizadə özünü təqsirli bilməyib və ona müraciət edən iş adamlarına yalnız məsləhət verdiyini deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlizadəyə 8 il 6 ay müddətinə həbs cəzası verilib.
Fotoda: Həbsdə olan digər idarə rəisi İlqar Qəribov
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Nizami” metrostansiyasında təlim keçirilib.
FHN-dən “Qafqazinfo”ya bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Nizami” stansiyasında qısaqapanma nəticəsində şərti qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 35 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi polis polkovniki Oruc Əmiraslanov vəzifəsindən azad edilərək, Ağsu Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini polis polkovnik-leytenantı Anar Xəlilov vəzifəsindən azad edilərək Hacıqabul Rayon Polis Şöbəsinin rəisi təyin edilib. A.Xəlilov bu günə qədər bir çox vəzifələrdə, o cümlədən Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi və həmin rayonun polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifələrində xidmət edib.