Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev ukraynalı həmkarının prezident vəzifəsinə seçilməyindən bir neçə ay sonra Azərbaycana rəsmi səfər etməsini yüksək dəyərləndirib.
“Cənab Prezident, sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizin səfərinizə biz çox böyük önəm veririk. Şadam ki, səfər çox uğurlu keçir. Bu gün aparılan danışıqlar onu göstərir ki, gələcək əməkdaşlıq üçün çox gözəl imkan və perspektivlər var.
Mən çox şadam ki, prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu sizin bizim ölkəmizə olan diqqətin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk”, -deyə Azərbaycan Prezidenti qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Azərbaycana səfər dəvətinə görə İlham Əliyevə təşəkkür edib:
“Gözəl ölkənizə səfər edirik və sizin bu qonaqpərvərliyinizə görə minnətdaram. Bizim münasibətlərimiz zamanın sınağından keçib və biz bir-birimizə çətin zamanlarda dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji müttəfiq olub və bu gün də bu belədir”.