Dünən səhər saatlarında Ağstafa rayonunda baş vermiş dəhşətli cinayət nəticəsində vəfat edən 4 nəfərin cənazəsi ailələrinə təhvil verilib.
Bizimaz.az: Ağstafa rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstəxananın morquna yerləşdirilən 4 meyit ailələrinə verilib və onlar bu gün dəfn ediləcəklər.
Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü... - Azərbaycandakı olayın ŞOK TƏFƏRRÜATI - FOTO/VİDEO (YENİLƏNDİ)
Bildirilir ki, hadisədən sonra ərazidə səyyar polis postu təşkil edilib və baş verə biləcək hər hansı hadisənin qarşısının alınması məqsədi ilə digər profilaktik tədbirlər görülüb.
Qeyd edək ki, dünən saat 08 radələrindı Ağstafanın Sadıqlı kənd sakini, 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu kənd bazarında “Koloşnikov” markalı avtomatla atəş açaraq, kənd sakinləri – 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb. Bazarda satıcı işləyən 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. İlkin araşdırma zamanı məlum olub ki, qisasın tarixi 12 il əvvələ gedib çıxır. 12 il əvvəl – 2007-ci ilin məhz iyun ayında Ağstafa rayonunun ərazisində “Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olan rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruzla qonşuları, yəni Elnurun atası Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib.
Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz də orada vəfat edib. Taleh isə ağır vəziyyətdə olub.
Hadisədən dərhal sonra Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmiddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb.
Olay baş verən vaxt cəmi 12-13 yaşı olan Elnur atasının və əmisinin qatillərinin həbsxanadan çıxmasını gözləyib və dünən səhər saatlarında intiqam almaq məqsədi ilə dəhşətli cinayət törədib.
Hadisə zamanı Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənov yaralanıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.