"Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətlənib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deputat Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, Milli Lider yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat idi. 2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəldi. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur.
Qeyd edib ki, əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu.
"Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stabilliyin və iqtisadi inkişafın formalaşmasına imkan yaradıb. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırıb. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inklüziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müasir çağırışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olunub".
Mina Mikayılova