Xəbər lenti


     
           

Deputat: “Artıq insanlar anlayırlar ki, torpaqlarımızı geri almaq üçün məqam yetişib”

Milli Məclis rəsmi qaydada yay tətilinə çıxsa da, koronavirus pandemiyasının ardınca erməni virusunun yeni dalğası istirahəti deputatlara unutdurub. İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər ölkədə milli ruhu yüksəldib və hər kəs Vətən savaşının başlanmasını istəyir. Deputat, Milli Məclisdə 113 saylı Şəki şəhər seçki dairəsini təmsil edən Vüqar İsgəndərov bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırdb.

- Vüqar bəy, Tovuz cəbhəsində baş verən təxribatlar, düşmənin xain hücumu ilə bağlı fikirləriniz necədir? Bu gün bir çoxlarının səsləndirdiyi “niyə Tovuz?” sualına sizin cavabınız necədir?

- Əvvəla, bu, çox məkrli, düşünülmüş bir təxribatdır. Biz bilirik ki, Ermənistan adlı müstəqil dövlət yoxdur. Onun müstəqil siyasəti haqda danışmaq gülüncdür. Bu məsələdə, təbii ki, Ermənistanı dəstəkləyən qüvvələr aparıcı rol oynayır. Ona görə də bu təxribat Ermənistanın arxasındakı qüvvələr tərəfindən hesablanmış, həyata keçirilmiş təxribatdır. Ancaq Ermənistan gözləmirdi ki, Azərbaycan onlara bu qədər adekvat, dəqiq cavab verə bilər, həm siyasi arenada, həm də cəbhədə. İkinci, Paşinyanın ən böyük səhvi o oldu ki, KTMT-ni bu oyuna cəlb edə biləcəyini düşündü. Amma unutdu ki, Azərbaycanın Ermənistandan başqa, oradakı bütün üzv ölkələrlə ikitərəfli ən yüksək münasibətləri var. Ona görə də heç kim Azərbaycanı qoyub, zəlil siyasət həyata keçirən, təklənmiş Ermənistanı dəstəkləyə bilməz. Çünki biz bütün sahələrdə həmin ölkələrin həm çətin dövründə, həm də yaxşı günlərində yanlarında olmuşuq. Azərbaycan Prezidenti sözü ilə əməli bir olan böyük siyasətçidir, liderdir. Biz artıq o sahədə də Ermənistanı qabaqlamışıq. Lakin Ermənistan bütün bunları hesablaya bilməmişdi. Ona görə də özü qazdığı quyuya özü düşüb. Təsəvvür edin, NATO-dakı nümayəndəsinə tapşırıq verib ki, bu qurumdan kömək istəsin. Görün necə çətin vəziyyətə düşüb ki, başqa bir blokda olan ölkə NATO-dan yardım istəyir. Bu, həm böyük siyasi səhvdir, həm də gülüncdür. Ermənistan KTMT-dən də təcrid olunmuş halda qalıb. 

 - Bəs indiki şəraitdə Azərbaycan hansı addımları atmalıdır, hərbi əməliyyatlara başlamalıyıq, yoxsa beynəlxalq çağırışlara diqqət etmək  lazım gələcək yenə də? Yeri gəlmişkən, Azərbaycan prezidenti “şəhidlərimizin qisası alınıb və alınmaqda davam edəcək” dedi. Siz qarşıdakı dönəm üçün nə gözləyirsiniz?

- Təbii ki, vətəndaşlarımız artıq atəşkəsdən yorulub. Bunu cənab prezident də deyir. Artıq insanlar anlayırlar ki, torpaqlarımızı geri almaq üçün məqam yetişib. Amma digər məsələlər də var: cənab prezident Nazirlər Kabinetinin müşavirəsində dedi ki, elə məsələlər var, onları açıq söyləmək düzgün deyil. Əks təqdirdə biz düşmənə hansısa məsələlərdə şans verə bilərik. Digər tərəfdən, bu gün Azərbaycan üçün çox yaxşı məqam yetişib. Vaxtilə erməni tərəf müəyyən dairələr tərəfindən dəstəklənirdi. Amma son illərdə Azərbaycanın yeritdiyi siyasət sayəsində biz artıq o maneələri aşmışıq. İndi bizim qarşımızda ovaxtkı baryerlər yoxdur. Beynəlxalq təşkilatlar, dünya ölkələri Azərbaycanı açıq-aşkar dəstəkləyirlər. Lakin biz istərdik ki, bir neçə böyük ölkə ən azı neytral qalsın. Bunun üçün də hələlik bəzi siyasi məsələlər həllini tapmalıdır. Müharibəni udmaq üçün ən əvvəla, müharibəyə qədərki siyasi proseslər var ki, onlar həyata keçirilməlidir. Yəni artıq biz əmin olmalıyıq ki, qısa vaxt ərzində öz torpaqlarımızı geri qaytaracağıq. O zaman da bu, müharibə deyil, antiterror əməliyyatı olacaq. Biz öz torpağımızda müharibə edə bilmərik ki... Ermənistan terrorçuları ərazilərimizi zəbt ediblər və orda qanunsuz olaraq, məskunlaşma həyata keçirirlər. Bir sıra məsələlər də var ki, onları cənab prezident daha yaxşı bilir. Elə bilirəm ki, artıq məqamı çatanda Ali Baş Komandan əmr verəcək və xalqımız silaha sarılaraq torpaqlarımızı azad edəcək. Belə başa düşürəm ki, məqam yetişməkdədir, çünki heç vaxt belə unikal fürsət yaranmayıb.

- Xalqımız həm də ona qəzəblidir ki, düşmən Azərbaycanın igid övladlarını qətlə yetirib, general itirmişik...

- Mən elə sizinlə İkinci Fəxri Xiyabanın qarşısından danışıram, generalımızın, mayorumuzun ziyarətinə gəlmişəm. Bir neçə deputat həmkarımızla gəlmişik ki, şəhidlərimizə Allahdan rəhmət diləyək, onların qanının yerdə qalmayacağına and içək. Yaralılarımıza isə Allahdan şəfa diləyirik.

- Vüqar bəy, bilirəm ki, siz sovet ordusunda xidmət etmisiniz, həm də idmançısınız. Bu gün zərurət yaransa, döyüşə hazırsınızmı?





“Əminəm ki, yeni xarici işlər nazirinin təyin olunması  ilə bizim bu sahədə də gücümüz ikiqat artacaq”

- Bəli, mən karate üzrə peşəkar idmançı olmuşam. Ona görə də statusumuz öz yerində, vətəndaş kimi qanım coşur, əlimə silah alıb ən ön cəbhədə döyüşməyə hazıram. Biz həm də ehtiyatda olan zabitik. Ancaq zabit kimi də yox, əsgər kimi vuruşmağa hazıram! Təbii ki, zərurət yaransa, mən də ön sırada olacaq insanlardan biriyəm. Ölkəmizdəki vətənpərvərlik ruhunun yüksək səviyyədə olması da qürurvericidir. Təsəvvür edin ki, vaxt var idi biz əsasən Türkiyə cəmiyyətini vətənpərvərlik məsələsində misal çəkirdik. Amma aparılan siyasət, vətənpərvərlik tərbiyəsi öz bəhrəsini verib. Bu gün Azərbaycan xalqı görünməmiş dərəcədə vətənpərvərdir. Hətta bəylərimizlə bərabər, xanımlarımız da döyüşə getməyə hazır olduğunu bildiriblər və müraciət ediblər. Artıq millət bir yumruq kimi birləşib. Artıq yaşından asılı olmayaraq, insanlarımızı Qarabağ dərdi birləşdirib. Biz bu gün tamamilə anlayırıq ki, dövlətimizi gələcək nəsillərə bütöv, torpaqları işğaldan azad olunmuş halda verməliyik. Gənc nəsillərimiz azad, firavan, Qarabağın azad olunduğu Azərbaycanda yaşamalıdırlar. Artıq bütün insanlarımız bunu dərk edir və böyük vətənpərvərlik hissi ilə Ali Baş Komandanı müdafiə edir. Şəhidlərimizə ogünkü heç kim tərəfindən təşkil olunmamış izdihamlı yürüş də - sonda baş verən xoşagəlməz hadisələri bir kənara qoyuram - sübut etdi ki, bu, insanlarımızın ürəyindən gələn məsələdir. Bütün dünya insanı gördü ki, Azərbaycan xalqı artıq bütün sahələrdə birləşib, vətənpərvərlik duyğuları ən yüksək səviyyədədir və artıq bizi heç bir qüvvə torpaqların bağışlanmasına sövq edə bilməz. İqtidarlı-müxalifətli Qarabağ məsələsində vahid mövqe ortaya qoyaraq dünyaya nümunə göstərir.  

- Bu ərəfədə diplomatik savaş, hücum diplomatiyası həyata keçirməli olan qurumun - XİN-in rəhbərliyində dəyişiklik oldu. Yeni təyinat barədə nə deyə bilərsiniz?

- Yeni nazirdən çox yüksək fəaliyyət gözləyirik. Cənab prezident qeyd etdi, Ceyhun müəllim təcrübəli insandır, bir çox vəzifələrdə işləyib, nazir kimi də özünü çox yaxşı göstərib. Çox savadlı, təmkinli, rus və ingilis dillərində sərbəst danışan insandır. Elə bilirəm ki, qısa vaxt ərzində yeni dəst-xətt göstərəcək. XİN-də elə bil ki, ətalət var idi, orda bir təmizləmə işləri aparacaq, nazirliyə yeni nəfəs gətirəcək. Həm də faktiki olaraq cənab prezident təkbaşına xarici siyasət aparırdı, bunu hamımız görürdük. Əminəm ki, yeni xarici işlər nazirinin təyin olunması  ilə bizim bu sahədə də gücümüz ikiqat artacaq. Xarici siyasət arenasında da Azərbaycan nazir və nazirlik səviyyəsində yeni baxışlar, yanaşmaları ilə tək müdafiə, Minsk Qrupunun arxasında gizlənməklə yox, qarşısında olaraq Azərbaycan xarici siyasətini dünya arenasında yüksək səviyyədə təmsil etməsi yolunda yeni addımların şahidi olacağımıza heç şübhəm yoxdur.    

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 





Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır. 

Ardını oxu...