“Rossiya onlayn” portalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr edilmiş məqalə dərc olunub.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, məqalədə Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti barədə məlumat verilir.
“Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqalə əsasında hazırlanmış yazıda vurğulanır ki, Mehriban Əliyevanın fəaliyyətinin əsasını öz xalqına sevgi təşkil edir. Vətənə və xalqa hədsiz bağlılığı sayəsində hər kəsin sevgisini qazanmış Mehriban Əliyeva Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqının xoşbəxt gələcəyi üçün çoxsaylı layihələrin müəllifidir.
Məqalədə vurğulanır ki, Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, beynəlxalq miqyasda həmişə Azərbaycanın mövqeyini qoruyur, uşaqdan böyüyə qədər hər kəsin qayğısını çəkir, öz möhkəm iradəsi və cəsarəti sayəsində cəmiyyətdə mövcud problemlərin həllinə nail olur. Bir sözlə, onun fəaliyyət sahəsi son dərəcə məsuliyyətli və gərgin sahədir. Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatının mənasını təşkil edir.