Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il sentyabr ayının 30-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

 

Bizimaz.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl ediblər.

Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınıb ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınıb.

"Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaların məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib.

Bü cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir.

Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir.

Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.