Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı nəticəsində bu qruplarla bağlı bütün sosial proqramlar, həmçinin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı 2020-ci ildə daha da genişləndirilib.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin bir sıra rayonlarında daha 43 fərdi evin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.
Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən, erməni faşizmi üzərində əldə olunmuş tarixi Zəfərdən fərəh və iftixarla bəhs ediblər. Onlar bu qələbənin tariximizə qızıl hərflərlə həkk olunduğunu və gələcək nəsillərin də bu Zəfərlə daim qürur duyacaqlarını qeyd ediblər.
Tədbirdə Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib.
Ümumilikdə indiyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.
Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.