Xəbər lenti

 

Ötən ay Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq elan ediləndə Azərbaycanın paytaxtı Bakı şəhərinin küçələrində bunun qeyd olunacağı gözlənilən idi. Azərbaycan torpaqlarının 30 illik işğalından sonra təxminən 700 min azərbaycanlı məcburi köçkün öz doğma evlərinə qayıda biləcək. Həmin vaxt Azərbaycan bayraqlarının yanında İsrail bayraqları da qürurla dalğalanırdı və bir yəhudi dini lider olaraq bu, mənim üçün heç də təəccüblü deyildi.

 

Bu fikirlər Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər” adlı məqaləsində yer alıb.

Müəllif bəzi xarici media qurumları tərəfindən qeyd edildiyi kimi Azərbaycan heç də xristian Ermənistanla dini qarşıdurma yaradan və dözümsüzlük nümayiş etdirən bir müsəlman ölkəsi deyil, əksinə Azərbaycan dini və mədəni tolerantlığın, eləcə də inklüzivliyin hökm sürdüyü bir məkandır.

Şneor Seqal Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayır. O yazır: “Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum aşkenazi yəhudiləri. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”.

Baş ravvin yəhudi icmasının azərbaycanlılarla birlikdə yaşadığını və əməkdaşlıq etdiyini bildirir. O, Azərbaycan hökuməti tərəfindən katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrıldığı zaman həmin kilsənin tikintisinin maliyyələşdirilməsinə kömək etmək üçün ölkədə yaşayan müsəlmanların və yəhudilərin bir araya gəldiklərini vurğulayır. 2016-cı ildə eyni kilsədə ibadət edən Roma Papası Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib. O deyib ki, belə yaxşı münasibətlər dinc, yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycanda dini tolerantlığın şahidi olduğunu qeyd edən baş ravvin yəhudilərin dini atributları olan kipanı bu ölkədə qürurla geyindiklərini bildirir. O, bir çox Avropa ölkələrində hücum qorxusu ilə əlaqədar bağlı qalan sinaqoqların Azərbaycanda hər zaman açıq olduğunu vurğulayır.

Məqalədə vurğulanır ki, fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu ənənə yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Azərbaycan hökuməti dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verir. Vatikanda Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Hazırda isə Azərbaycan hökumətinin Dağlıq Qarabağın xristian irsini qoruyub saxlamaq, bərpa etmək üçün UNESCO ilə əməkdaşlıq etdiyi də qeyd olunur.

Sonda müəllif yazır ki, bütün bunlara baxmayaraq, mədəni soyqırımı qorxusu davam etməkdədir. Müxtəlif insanlar Qarabağda hərbi əməliyyatların bitməsindən sonra yaranmış xəbər boşluğunu doldurmaq üçün mütləq yazmağa bir şey axtarıb tapırlar. İndi bütün diqqəti bu çoxmədəniyyətli və tolerant bölgədə mövcud olan fərqli irq, mədəniyyət və dinləri bir araya gətirməyə yönəltmək lazımdır. Bu, çox çətin bir iş kimi görünə bilər, ancaq mümkündür. Azərbaycan bunun bariz nümunəsi və əyani sübutudur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov