Xəbər lenti



Son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyin edilənlərin sayı artıb. Hazırda isə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək. Bütün bunlar sosial ödənişlərin davamlı artımı ilə bərabər, sosial təminatın əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sosial təminat sisteminin gücləndirilməsinə və sosial müdafiə proqramlarının genişlənməsinə imkan verib. Hər il bu istiqamətdə mühüm addımlar atılır.

Qeyd edilib ki, əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrılıb. 

2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb. Keçən il yalnız pensiya təminatı istiqaməti üzrə əhaliyə 4,6 milyard manat vəsait ödənilib. Bu da əvvəlki ilə nisbətən 118 milyon manat çoxdur. Cari ilin əvvəlindən edilən artımlar onu deməyə əsas verir ki, 2022-ci ildə də sosial təminat üzrə ayrılan vəsaitlərdə növbəti ciddi artım olacaq.

Bütün bunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl irəliləyişləri göstərir.

Digər sosial ödənişlər (müavinət, təqaüd və s.) kimi, pensiyaların məbləği də ildən-ilə artır, üç il əvvələ nisbətən minimum pensiya məbləğində 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləğində 60% artım olub. Dövlət başçısının 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyalarda orta hesabla daha 9 faiz artıma nail olunub ki, nəticədə pensiyaların orta aylıq məbləğinin bu il 360 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı gözlənilir.  

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) payı ötən il bir qədər də azalaraq 25,2 faizə endiyi də diqqətə çatdırılıb. Bildirilib ki, ümumilikdə transfertin payı DSMF gəlirlərində 2017-ci illə (38,1 faiz) müqayisədə 12,9 faiz azalıb. Bu müsbət dinamika sosial sığorta daxil olmalarında mütəmadi artımın, fəaliyyət sahələrində şəffaflığın təminatı və optimallaşdırma tədbirlərinin nəticəsi olmaqla, DSMF-nin maliyyə dayanıqlığının möhkəmlənməkdə davam etdiyini göstərir.

Nazirliyin strukturuna daxil olan və tabeliyidəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşılarında duran vəzifələr müzakirə olunub.



Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində bəzi maliyyə pozuntuları aşkarlayıb.

 

Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində sinif komplektlərinin artıq saxlanıldığı, müəllimlər tərəfindən sinif jurnallarında dərslərin keçirilməsi barədə qeydlər olmadığı müəyyən olunub.

Habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənildiyi aşkar olunub.

Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.

Nəzarət tədbirləri üzrə prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilib, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.



“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibindən çıxarılıb.



Qars rəhbərliyi Türkiyənin ticarət naziri ilə Ermənistanla sərhəddə keçid məntəqəsinin açılması məsələsini müzakirə edib. Bu barədə KarsGazete xəbər verir.

Qars vilayətinin rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Görüş zamanı Ermənistanla sərhəd-keçid məntəqəsinin açılması məsələsi müzakirə olunub.

virtualaz.org



Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd edilib.



Prezident İlham Əliyev “Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, təhsil nazirinin səlahiyyətində dəyişiklik edilib.

 

Fərmanla Əsasnamənin 13.4-2-ci bəndi dəyişdirilib.

Bununla təhsil naziri nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq.

Yəni nazir tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8948 nəfər vəfat edib. 49 085 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, bu günə qədər isə ümumilikdə 6 316 102 test icra olunub.

b_500_300_16777215_00_images_xeber_sekilleri_21yanvar2022_lviyy_Mirzyeva.jpg

 

Azərbaycan hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Hazırda ölkəmizdə 2,6 trilyon kubmetr qaz ehtiyatı məlumdur. Texnologiyaların sürətlə inkişafı deməyə əsas verir ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkəmizin beynəlxalq miqyasda aparıcı enerji lahiyələrində özünəməxsus rolu vardır. Xüsusən Cənub Qaz Dəhlizi kimi iri lyihələrdə əvəzedilməz tərəfdaş hesab edilən Azərbaycan üçün bu layihə həm iqtisadi əhəmiyyəti, həm də siyasi önəmi var. Cənub Qaz Dəhlizi həmçinin, Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır.

Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya layihənin həyata keçirilməsində bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycanın beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac potensialı artmış  və eyni  zamanda ölkəmiz Avropa dövlətləri üçün əsas enerji təsisatçısına çevirilmişdir. Təbii ki, ölkəmizdə də əhalinin sayı artdıqca istehlak və tələbat da artmaqdadır. Həyata  keçirilməkdə olan iqtisadi layihələr və islahatlar nəticəsində ölkə iqtisadiyyatında  xüsusi sıçrayışlı inkişaf nəzərə çarpmaqdadır.

Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Bu iqtisadi uğurlar daxili tələbatın  ödənilməsində başlıca rol oynamaqdadır. Son illər ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusən  istehsal  texnologiyalarının təkmilləşdirilməsi, müasir yönümlü bazar iqtisadiyyatının tələblərinin  uyğunlaşdırılması  bu  iqtisadi  uğurlarımızı  daha da  yüksəltməkdədir.  Həmçinin enerji  istehsalında   yüksək  nəticələrin əldə  edilməsi, enerjiyə  olan  daxili  tələbatın  ödənilməsinə və Azərbaycanın beynəlxalq aləmdə əsas enerji təchizatçısına  çevirilməsinə səbəb olub. Azərbaycanda 100% elektrikləşmə mövcuddur. Bu gücün alınmasında istilik elektrik stansiyaları 60% payla üstünlük təşkil edir.

Ölkəmiz son zamanlar mövcud istehsal və ötürücü güclərin artırılması və modernləşdirilməsi üzrə irimiqyaslı investisiya proqramını həyata keçirməsinə nail olmuş, enerji resurslarının istehsalı infrastrukturunun irimiqyaslı yenidən qurulmasını həyata keçirmişdir. Bu gün ölkəmiz qonşu ölkələrlə transsərhəd elektrik enerjisi ticarəti aparır və əsasən, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu isə o deməkdir ki, artıq Azərbaycan elektrik enerjisinin xalis ixracatçısıdır və elektrik enerjisi istehsalı üzrə öz izafi istehsal potensialından istifadə edərək regional bazarda öz sözünü deyir.

Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq bu şəraitdə də dövlət başçısının uzaqgörən və ağıllı siyəsəti nəticəsində Azərbaycan elə addımlar atır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında ola bilsin. Nəticədə, ölkəmiz vaxt itirmədən bütün sahələrdə yeni inkişaf dinamikasına sahib olacaq.

 

 

Ülviyyə Mirzəyeva,

Salyan rayon Xurşud kənd ümumi orta məktəbin direktoru

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov