Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_21yanvar2022_Zfr_Nayev.jpg

 

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçmiş oldu və bu nailiyyət, ilk növbədə, Prezident İlham Əliyevin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. Prezident İlham Əliyevin toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan qazının beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb. Azərbaycan keçən il bu istiqamətdə 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və ona tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərədaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib.

Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alır və bu göstəricilər də getdikcə artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran əsas məqamlardan biri də budur ki, Avropa ölkələrinin enerji resurslarına getdikcə artan tələbatı fonunda Azərbaycanın isbat edilmiş qaz ehtiyatları kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Bu barədə Məşvərət Şurasının toplantısında açıqlama verən dövlət başçımız bildirdi ki, bu göstərici 2,6 trilyon kubmetrdir. O cümlədən, ən böyük yataq bir trilyon kubmetr ehtiyatı təsdiqlənmiş “Şahdəniz” yatağıdır. Lakin mövcud perspektivlər Azərbaycanın isbat edilmiş qaz ehtiyatları göstəricilərinin yaxın gələcəkdə dəyişərək daha yüksək olacağını deməyə əsas verir. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və tərədaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqelərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafelərinə tamamilə uyğundur.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Ölkəmiz dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Hazırda qoyulan vəsaitlərin səmərəli xərclənməsi hesabına ölkəmizin elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Məsələn, yaxın vaxtlarda Bakının Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa hazırda ölkənin işğaldan azad edilmiş əraziləri üçün xüsusi proqram hazırlanıb. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.

Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Digər tərəfdən də bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Həm də ixracın həcmi getdikcə artır. Şübhəsiz, Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olsa, ölkə ixrac üçün daha çox qaza qənaət edə bilər. Bu məqsədlə Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram böyük əhəmiyyət kəsb edir. Artıq təsdiq olunub ki, Xəzər dənizinin texniki potensialı ilkin göstəricilərə əsasən 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan potensial enerji resurslarına malik bir ölkə və etibarlı tərəfdaşdır.

 

 

 

Zəfər Nağıyev,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

tabeliyində Dövlət Sosial Müdafiə Fondunun

2 saylı Şirvan-Salyan Regional Filialının direktoru



Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnstitutlarının rəhbərləri, ictimai xadimlər Akademiyanın prezidenti Ramiz Mehdiyevi istefaya səsləyir. “Qafqazinfo” xəbər verir ki, bu dəfə isə sabiq təhsil naziri, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov və millət vəkili Hikmət Babaoğlu Ramiz Mehdiyevə “get” deyib. Yeni Azərbaycan Partiyasının (YAP) hər iki üzvü AMEA prezidentinin dərhal tutduğu vəzifəni tərk etməli olduğunu bildirib.

Sabiq nazir, “Yeni müsavat”a açıqlamasında qeyd edib ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib: “Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb.

AMEA-nın necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib.

Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Pandemiya dövründə bu mənasız məsələnin yerlərdə icrasına bir neçə ay nahaq vaxt sərf edilmiş, bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur.

Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi.

Ramiz Mehdiyev prezident olduqdan sonra AMEA-nın idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişdirmiş, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis etmiş, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirmişdir.

AMEA-nın mərkəzi aparatında əsas vəzifələrdən biri olan İşlər İdarəsinin rəisi vəzifəsinə iki il ərzində akademiya ilə heç bir əlaqəsi olmayan müxtəlif şəxsləri təyin etmişdir”.

Misir Mərdanov qeyd edib ki, uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulub: “Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstruksiyasına kobud müdaxilə edilmiş, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılmışdır.

Bəs Akademiyanın əməkdaşlarının “boğazından kəsilib” belə şəxsi mənafelərə yönəldilən milyonların hesabatını kim verəcək? Nəinki sıravi əməkdaşların, professorların, akademiklərin, İnstitut direktorlarının, hətta 9 nəfər vitse-prezidentin, Rəyasət Heyətinin 15 nəfər üzvünün və 4 nəfər müşavirin ona “dur!” deməyə haqqı çatmır! “Xalqın pulunu hara sovurursan?”, “Niyə səni polis maşını müşayiət etməlidir?”, “Köhnə kadrların” nə vaxta qədər sənə yaltaqlıq edəcək?” kimi sualları verməyə cəsarət etmirlər. Soruşmaq istəmirlər ki, nə üçün İnstitut direktorlarının heç kəsi işə götürməyə ixtiyarı yoxdur, ciddi elmi tədqiqatla məşğul olmaq istəyən alimlər niyə gözümçıxdıya salınır, nə ixtiyarla öz sərəncamı ilə özünə “Nizami Gəncəvi qızıl medalı” verib və s.

Bütün bu deyilənlər az imiş kimi, bu günlərdə AMEA-nın rəsmi saytında mərkəzi aparat əməkdaşlarının, o cümlədən Ramiz Mehdiyevi aylıq əmək haqqının xeyli artırılması haqqında qəbul olunmuş qərar akademiyanın onsuz da az maaş alan əməkdaşlarını hiddətləndirmişdir”.

“Bakupost”a danışan millət vəkili Hikmət Babaoğlu da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getməli, kadr dəyişikliyi həyata keçirilməli olduğunu da bildirib: “Düşünürəm artıq vaxtı çatıb ki, AMEA yenilənsin və orada keyfiyyət dəyişikliyi olsun. Bu dəyişikliklərin nə vaxt olacağı ilə bağlı təxmini fikirlərim yoxdur, amma nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki zaman bizim əleyhimizə işləyir. Bu gün ölkəmizdə geniş, dərin islahatlar həyata keçirilir. Azərbaycan xalqı öz mədəni, ictimai, humanitar həyatının bütün sahələrində böyük nailiyyətlərə, yeniliklərə imza atıb. Bu coşqu elmin inkişafına da yeni stimul gətirməlidir. Çox yaxşı olardı ki, tez bir zamanda AMEA həqiqi funksiyasını yerinə yetirəcək quruma çevrilsin”.



“Bu gün Prezident İlham Əliyev tərəfindən “Media haqqında” Qanunun təsdiq olunması, eyni zamanda, güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına dəyişiklik edilməsi barədə fərmanın imzalanması islahatların tərkib hissəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində deyib.

 “Öncədən “Media haqqında” Qanunda göstərilmiş imtiyazlar məhz sosial rifahın gücləndirilməsi ilə bağlı görülən tədbirlər idi. Fərmana əsasən, artıq jurnalistlər də güzəştli kateqoriyaya daxil edildilər və digər kateqoriyadan olan şəxslərlə bərabərhüquqlu oldular.

Güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına dəyişiklik edilməsi ilə bağlı təklif media subyektləri və jurnalistlərin özlərinin təklif və müzakirəsində olan məsələ idi və bu, islahatların tərkib hissəsinə çevrildi”, - o qeyd edib.

Xatırladaq ki, sözgedən fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.



Azərbaycan Respublikası Audiovizual Şurası yaradılır və Milli Televiziya və Radioyayım Şurası ləğv olunur.

 

Bu barədə Prezident İham Əliyevin imzaladığı “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanda qeyd olunub.

Fərmana əsasən, Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.


Prezident İlham Əliyev Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncam “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası olaraq əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. 

Sənədə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1. 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməli;

2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etməlidir.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.
 
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandalı söyləyib.


Ölkədə koronavirusa yoluxma hallarının psixoloji həddi keçməsi bəzi müəssisələrdə qapanmaların olacağı haqqında məlumatların yayılmasına səbəb olub. Artıq bir neçə gündür sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı iddialar səsləndirilir.
 
BAKU.WS xəbər verir ki, yayılan məlumatda orta məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı qeyd olunub.
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə edilmir:
 
"Bizdə qapanma ilə bağlı bir məlumat yoxdur. Məktəblərin müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil”.


Belarus Prezidenti Aleksandr Lukaşenko “Solovyov Live” YouTube kanalına müsahibəsində bildirib ki, postsovet məkanının böyük hissəsinin sıx ittifaqda birləşməsi yaxın 15 ildə qaçılmazdır.

 “Qafqazinfo”nun regnum.ru-ya istinadən məlumatına görə, Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib: 

“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs” oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”.

Lukaşenko qeyd edib ki, Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır.



Virusdan 5 768 973 xəstə ölüb, 317 743 575 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (78 370 774 nəfər), Hindistan (42 339 611 nəfər), Braziliya (26 605 137 nəfər), Fransa (20 804 372 nəfər) və Böyük Britaniyadır (17 866 632 nəfər).

Türkiyədə 12 335 015, İranda 6 619 085, Gürcüstanda 1 325 838, Ermənistanda isə 391 588 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 703 334 nəfərin 8 898-i ölüb, 648 512 xəstə sağalıb.



WTI markalı neftin mart fyuçersləri 0,03 % bahalaşaraq bir bareli 91,35 ABŞ dolları olub

“Brent” markalı neftin aprel fyuçersləri 0,04 % ucuzlaşaraq bir bareli 92,65 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov