Xəbər lenti


 
Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyev erməni faşizmini dirçəltmək istəyənlərə bir daha xəbərdarlıq etdi

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a verdiyi müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim etdi. Hər zaman olduğu kimi, dövlətimizin başçısı açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu və ölkəmizin maraqlarının hər bir halda prioritet olduğunu bir daha vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində bir neçə mühüm mədəni, sosial obyektlərin açılışını etdi, təməlini qoydu. O cümlədən Gəncədə yeni “ASAN xidmət” Mərkəzinin, Gəncə Dram Teatrının açılışı oldu. Gəncə İdman Sarayının tikintisi də sürətlə davam edir. Bu əlamətdar hadisələr onu göstərir ki, digər bölgələrimiz kimi Gəncənin də inkişafı və şəhərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün əsas diqqət işğaldan azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzura yönəlsə də eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.

Bu sözləri açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputat Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində bir sıra mədəni, sosial obyektlərin açılışında şəxsən iştirak etməsinin bu sahələrə göstərilən dövlət qayğısının təzahürü olduğunu vurğulayıb. Vətən müharibəsi dövründə Gəncənin erməni faşist ordusu tərəfindən dağıdılmış ərazisində Memorial Kompleksin yaradılmasının vacib siyasi məsələ olduğunu qeyd edən Aqiyə Naxçıvanlı bildirib: “Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Bu namərd hücumlar nəticəsində təkcə Gəncə şəhərində 26 mülki vətəndaş həlak oldu ki, onların da arasında uşaqlar, qadınlar, yaşlı insanlar var idi. Bütün dünya gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu isə müharibə dövründə belə cinayətlərə əl atmayıb, müharibəni ləyaqətlə aparıb və yalnız döyüş meydanında düşmənə cavab verib. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda cənab Ali Baş Komandan deyirdi ki, biz döyüş meydanında qisasımızı alacağıq və bu, belə də oldu. Ermənistan döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək diz çökdü, məğlub oldu. Azərbaycan Ordusu erməni faşizmini məğlub etdi və tarixi ədaləti bərpa etdi. Dünən Gəncədə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Memorial Kompleks isə erməni vandalizminin tarix boyu yaddaşlardan silinməməsinə xidmət edəcək. Dünya bu erməni vəhşiliyini unutmamalıdır. Dövlətimizin başçısının dediyi kimi, müharibə başa çatıb və bundan sonra sülh olmalıdır. Ancaq Azərbaycan xalqı heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmamalıdır”.

Rusiya teleməkanında erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına münasibət bildirən Milli Məclisin deputatı deyib ki, bütün MDB məkanı üçün mühüm siyasi əhəmiyyət kəsb edən bu hadisə şəxsən Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan erməni faşizmini məğlub etdi. İndi isə biz hamımız səylərimizi ona yönəltməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın. Bu baxımdan Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması da həm Rusiya, həm Azərbaycan, həm də bütün MDB məkanı üçün xüsusi əhəmiyyət kəsb edən siyasi hadisədir. Əlbəttə ki, bu məsələ Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Çünki ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən məhz möhtərəm dövlət başçımız olub. Prezident İlham Əliyev əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarında məsələ qaldırıb və beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında qəti mövqeyini ortaya qoyaraq bildirib ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Həmçinin dövlətimizin başçısı MDB Zirvə görüşlərinin birində öz çıxışında cəllad Njde ilə bağlı məsələni qaldırmış və birmənalı olaraq bəyan etmişdi ki, Njdeyə Ermənistanın paytaxtı İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Tarixi faktdır ki, bu adam faşist cəlladı olub. İlk öncə günahsız azərbaycanlıları və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ermənistanda isə onun qəhrəmanlaşdırılması gedir. Həmçinin Ermənistanın bugünkü hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Əlbəttə ki, Rusiyanın özünün də eynən Azərbaycan kimi faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralarda olmasına rəğmən Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Rusiya faşizmin baş qaldırmasının, İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinin yolverilməz olması xüsusunda bütün səviyyələrdə tamamilə həmrəydilər. İrəvanda faşist Njdenin adını daşıyan küçələrin, meydanların, metro stansiyasının olması, ona böyük abidənin qoyulması onu göstərir ki, erməni faşizmi hələ də yaşayır. Əlbəttə, onlar İkinci Qarabağ müharibəsində aldıqları ölümcül zərbədən sonra artıq əvvəlki illərdə olduqları qədər fəal deyillər. Lakin Ermənistanda faşizm yenidən baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan yenə də meydan sulamağa çalışırlar. Buna yol verməmək üçün gərək bütün ölkələr və beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Öz müsahibəsində bu məsələ ilə bağlı konkret mövqeyini növbəti dəfə ortaya qoyaraq, Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, regionda erməni faşizmi yenidən baş qaldırsın. Əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o, yerindəcə məhv ediləcək və bunu hər kəs bilməlidir.

AİA.Az
 
 


 
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz  adını xalqımızın ən yeni tarixinə  qızıl hərflərlə yazdı”

“Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafın əsas hərəkətverici qüvvəsi Azərbaycan gəncliyidir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən baza amillərindən biri məhz gənclərin potensialından səmərəli istifadədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, ölkəmizdə gənc nəslə diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verib.

“Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Təsadüfi deyil ki, H.Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndərimizin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə

gəlişindən sonra isə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bundan bir il sonra, 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb”, - deyə K.Qafarov bildirib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaradılmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına böyük stimul verilmişdir.

“Ümummilli Liderin imzaladığı həmin Fərmanla, o cümlədən Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi Araşdırmalar Mərkəzi yaradılmışdır. 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən Gənclər siyasətinin

təməlində də Ulu Öndər siyasi irsi durur. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi”, – deyə K.Qafarov qeyd edib.

Millət vəkili bildirib ki, Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün Azərbaycanda artıq yeni, daha yüksək mərhələyə qədəm qoymuşdur. Gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənəglər imzalanmışdır.

“İlk növbədə, belə bir önəmli faktı qeyd etmək lazımdır ki, dövlətimizin başçısı tərəfindən 2005-ci ildə növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi. Bu proqram sözsüz ki, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının bariz təzahürü idi. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının daha bir göstəricisi oldu. Əlbəttə ki, Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bir sıra digər mühüm sənədlər imzalanmışdır.

Millət vəkili sonda deyib: ”Nəhayət, ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Azərbaycan gəncləri Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün bütün Azərbaycan gəncliyi ölkəmizin gələcəyini birmənalı olaraq yalnız Prezident İlham Əliyevlə bağlayır və öz yüksək potensialını xalqına, Vətəninə və dövlətinə şərəf və ləyaqətlə xidmətə yönəldir.”

AİA.Az
Cəsarət Əhmədov: “Dövlət Gömrük Komitəsinin fəaliyyəti dövlətə sədaqət və xalqa xidmət prinsipləri əsasında düzgün qurulub”


Bu gün Dövlət Gömrük Komitəsinin yaradılmasından 30 il keçir. Demək lazımdır ki, Komitə 1992-ci ildə yaradılsa da, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının bütün digər sahələri kimi gömrük xidməti də ciddi tənəzzül dövrünü yaşayırdı. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü kadr islahatları və məqsədyönlü tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsi də stabil və dinamik inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin səylri nəticəsində Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandı: dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu xeyli artırıldı, gömrük qanunvericiliyi bazasının yaradılmasına başlanıldı, gömrük sahəsində iqtisadi göstəricilər yaxşılaşdı, maddi-texniki baza möhkəmləndirildi, elektron informasiya təminatı yaradıldı, qaçaqmalçılığa və gömrük qaydalarının pozulmasına qarşı mübarizə gücləndirildi.


Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasına uyğun olaraq Dövlət Gömrük Komitəsi daha da inkişaf edib və ölkəmizin mühüm dövlət təsisatlarından birinə çevrilib. Xüsusilə son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında da bir sıra mütərəqqi yeniliklər tətbiq edilib, şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub. Hazırda Azərbaycan gömrüyündə beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atılır.

Sonda mən həm də bir sahibkar olaraq Dövlət Gömrük Komitəsinin bilavasitə sahibkarlarla iş yönümündə göstərdiyi fəaliyyətilə bağlı bir neçə kəlmə ilə də olsa ürək sözlərimi deməyi özümə borc bilirəm. Sahibkarlıq dövlətin sütunudur. Ölkə iqtisadiyyatının inkişafı, xalqın rifah yüksəlişi birbaşa sahibkarlığın inkişafına bağlıdır. Bu baxımdan əlbəttə ki, ölkəyə müxtəlif məhsullar idxal edən sahibkarların da fəaliyyətlərinin səmərəliliyi bilavasitə gömrük orqanlarının işindən çox asılıdır. Mən özüm də bu gün Azərbaycana mal idxal edən bir sahibkar kimi Dövlət Gömrük Komitəsinin fəaliyyətilə yaxından tanışam. Deməliyəm ki, bu gün həqiqətən də gömrük orqanlarında sahibkarlara qarşı son dərəcə ədalətli münasibət formalaşıb. Hətta bəzən biz sahibkarlar tərəfindən müəyyən nöqsanlara yol verildikdə belə gömrük əməkdaşları ilk növbədə həmin nöqsanların aradan qaldırılması məqsədilə tövsiyyə xarakterli məsləhətlər verir, sahibkarın maraqlarına ziyan dəyməməsi üçün, onların hər hansı bir problemlə rastlaşmamaları üçün bütün lazımi addımları atırlar. Əlbəttə ki, bu cür ədalətli, düzgün qərarlar yalnız dövlətin, xalqın mənafeyini düşünən, ölkə iqtisadiyyatının inkişafı üçün çalışan məmurlar tərəfindən verilə bilər. Yalnız ləyaqətli, ədalətli, savadlı və eyni zamanda da ölkəsini və xalqını sevən, dövlət başçısına sədaqətilə seçilən bir şəxsin rəhbərlik etdiyi qurum bu cür düzgün və səmərəli işləyə bilər. Allah da ədalətli məmurları, insanları sevər.

İstənilən bir dövlət qurumunun fəaliyyəti barədə hər kəs istədiyi kimi danışa bilər. Lakin həqiqəti demək yalnız ədalətli insanlara xas olan bir xüsusiyyətdir. Yalnız ədalətli insanlar tutduğu vəzifəsindən, sahib olduğu mövqeyindən asılı olmayaraq ölkə üçün, Vətən üçün, dövlət üçün, xalq üçün görülən işlərə düzgün qiymət verməyi bacarırlar. Mənim də Dövlət Gömrük Komitəsinin fəaliyyətilə bağlı söylədiyim fikirlər qətiyyən gəlişigözəl sözlər deyil, reallıqları əks etdirən əsil həqiqətdir. Və mən bu həqiqəti deməyi özümə şərəf borcu hesab edirəm. Birmənalı olaraq deyə bilərəm ki, bu gün Dövlət Gömrük Komitəsinin fəaliyyəti dövlətə sədaqət və xalqa xidmət prinsipləri əsasında düzgün qurulub və bu fəaliyyət bundan sonra da ölkəmizin inkişafına, dövlətimizin daha da güclənməsinə gözəl töhfələr verəcəkdir.

Bir daha öz adımdan, həmçinin rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyasının bütün üzvləri, kollektivi və idmançılarımız adından Dövlət Gömrük Komitəsinin rəhbərliyini və bütün kollektivini qurumun yaradılmasının 30 illiyi və Azərbaycan Respublikasının gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə ürəkdən təbrik edirəm, işlərində hər zaman müvəffəqiyyət və doğma Vətənimizin inkişafı naminə yeni-yeni uğurlar arzulayıram!

Cəsarət Əhmədov,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti

Aia.az 
 
Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə  xidmət edir”


“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq üçün yeni, daha geniş perspektivlər açmış oldu. Prezident İlham Əliyev dəfələrlə öz çıxış və bəyanatlarında vurğulayıb ki, yaranmış imkanlardan bütün region ölkələri və qonşu dövlətlər yararlana biləcəklər. Bunun üçün, ilk növbədə, yeni reallıqları olduğu kimi qəbul etmək və regional əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məsələsinə də məhz bu aspektdən yanaşmaq lazımdır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, bu gün digər qonşu dövlətlər kimi, İran İslam Respublikasının da Azərbaycanla əməkdaşlıq çərçivəsini daha da genişləndirmək niyyətini nümayiş etdirməsi çox müsbət tendensiyadır.

“Məlum olduğu kimi, Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Həmçinin müasir dövrdə də bu münasibətlər ticari və iqtisadi sahələrdə dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən bərpa-quruculuq işlərinə İran şirkətlərinin də cəlb olunması hər iki tərəf üçün müsbət hal olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələyə toxunaraq regional əməkdaşlığın formalaşdırılması və genişləndirilməsi üçün bir müddət əvvəl yaradılmış 3+3 əməkdaşlıq platformasının əhəmiyyətini vurğulamışdır. Həqiqətən də Vətən müharibəsindən sonra Cənubi Qafqazda regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb. Bu baxımdan müharibədən sonrakı dövrdə İran-Azərbaycan əlaqələrinin də bu istiqamətdə daha da inkişaf edəcəyi gözlənilən və arzu olunandır”, - deyə K.Qafarov bildirib.

Millət vəkili Azərbaycanla İran arasında əməkdaşlıq əlaqələrinin bütün regionda sülhün və sabitliyin möhkəmlənməsinə, ümumi inkişafın sürətlənməsinə gözəl töhfələr verəcəyini vurğulayıb.

“Azərbaycan hər zaman regional sülhün və inkişafın tərəfdarı olub və bu istiqamətdə mütəmadi olaraq səmərəli təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər təkcə Azərbaycan xalqının deyil, bütün region ölkələrinin və qonşu dövlətlərin xalqlarının rifahına və tərəqqisinə xidmət edib. Bu gün də Azərbaycan eyni siyasəti həyata keçirməkdə davam edir. O cümlədən, Vətən müharibəsindən sonra ölkəmizin irəli sürdüyü beynəlxalq nəqliyyat layihələri bütün regionun inkişafına, Avropaya çıxışın daha rahat marşrutlarının yaranmasına xidmət edəcək. Qonşu İran dövlətinin də həmin layihələrdə, eyni zamanda Azərbaycanın azad olunmuş ərazilərində gedən bərpa-quruculuq işlərində iştirakı bütün regionda sülhün və sabitliyin möhkəmlənməsinə, ümumi inkaşafın sürətlənməsinə gözəl töhfələr verəcək. Bu baxımdan diqqətəlayiq haldır ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri məhz azad edilmiş torpaqlardan başlayıb. Onlar İrandan birbaşa Füzuliyə- Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmiş və Füzulidən sonra Zəngilanda da olmuşlar. Səfər çərçivəsində qonaqlar Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmuşlar. Bu isə öz növbəsində İran dövlətinin Azərbaycan tərəfindən irəli sürülmüş növbəti beynəlxalq nəqliyyat layihəsində maraqlı olduğunu nümayiş etdirir.

Sevindirici haldır ki, artıq Ermənistan tərəfindən də onların yeni reallıqları qəbul etməyə hazır olduqlarına dair müsbət xəbərlər daxil olmaqdadır. Dövlət başçımız bu məsələni də xüsusi olaraq vurğulamış və bildirmişdir ki, Ermənistanın bu işlərə qoşulmağı planlaşdırmasına dair daxil olan məlumatlar bundan sonra bütün region üçün yeni imkanlar açılacağını deməyə əsas verir. Prezident İlham Əliyev İran İslam Respublikasının bu işlərə töhfəsinin çox önəmli olduğunu qeyd edib. Bu baxımdan da ölkələrimiz arasında həyata keçiriləcək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyasının, Astaraçay üzərində körpünün inşa edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlər kimi diqqət mərkəzində saxlanılır”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.

aia.az


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov