Satışa çıxardığım bağ evim hələ də satılmayıb.
Bizimaz.az: Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Brilliant Dadaşova söyləyib.
Sənətçi satışa çıxardığı bağ evinin ucuz olduğunu dilə gətirdi:
“Kömək edin, bağ evimi satım. “Maklerlər” evi satışa çıxardığımı bilirlər. Amma mənim bağ evim o qədər də bahalı və cah-cəllalı deyil. Yaxşı olardı ki, tezliklə satılardı, amma hələ də gözləyirəm”.
“Sizinlə eyni zamanda sənətə gələn bir çox incəsənət nümayəndələrinin evləri, avtomobilləri var. Amma sizin bir bağ eviniz var, onu da satırsınız” sualına B.Dadaşova sərt reaksiya verib, giley-güzar etdi:
“Mən ömür boyu qazancımı geyimimə, mahnılara, aranjimanlara, kliplərə xərcləmişəm. Özünüz də gördünüz ki, türk bəstəkarları pulumu alıb iş görmək istəmədilər. Metin Özülküyə 19 min dollar, Fettah Cana isə 18 min dollar pul verdim. Bunları nəyə görə etdim? Təbii ki, incəsənət xətrinə yeni mahnılar olmalıdır. Ömür boyu qazancımı ailəmə və sənətimə xərcləmişəm. Ailə deyəndə, üç nəfəri nəzərdə tutmuram. İçində 30 dan çox qohum-əqrəba var”.
Xalq artisti Brilliant Dadaşovanın türk bəstəkarlarından 37 min dollara aldığı mahnıların aqibətinin bundan sonra necə olacağına, bu cür münasibət bildirdi:
“O, bəstəkarlardan mahnıları alıb, Azərbaycan dinləyicisinə qulaq asdırmaq istəyirdim. Onlar da bu cür münasibət göstərdilər. Mahnılar hələ də qalıb. Kamal Aslan isə söz verib ki, bəstələri ondan alıb, mənə təhvil verəcək. Onlar elə bilirdilər ki, mahnılara görə qapılarında oturub gözləyəcəm.
İki-üç dəfə hər iki bəstəkara səslənsəm də, özüm deyib, özüm də eşitdim. Ona görə mən də vaz keçdim. Mənim qürurum hər şeydən önəmlidir. Dedim ki, onlarla Allah danışsın, daha bundan sonra danışan deyiləm. Pul söhbətinə gələndə, biz öz vətənimizdə belə mahnıları bəstəkarlardan pulla alırıq. Təmənnasız təqdim etdiyimiz mahnılara bir ətək pul xərcləyirik”.