Xəbər lenti

Perulu jurnalist işğaldan azad olunmuş ərazilərimizə səfərindən yazıb - FOTO
 

“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, Azərbaycanda bu yaxında səfərdə olmuş Rikardo Sançes işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, Perulu jurnalist Peru Jurnalistlər Federasiyasının internet səhifəsində, həmçinin Perunun nüfuzlu internet xəbər portalı “Expreso”da  “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəsi altında məqalə dərc edib.

Müəllif yazıda uzun illər Ermənistanın işğalı altında olmuş və Azərbaycan ordusu tərəfindən azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa şəhərlərinə perulu jurnalistlərin ilk dəfə səfər etdiklərini qeyd edir.

R.Sançes Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşaya səfər edərək 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan tarixi torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin, kütləvi dağıntıların və talanların şahidi olduğunu, Cəbrayıl və Ağdam şəhərlərinin xüsusilə erməni vandalizminə məruz qaldığını, oradakı yaşayış infrastrukturu, tarixi və mədəniyyət abidələrin tamamilə məhv edildiyini qeyd edir. Müəllif Cəbrayıl şəhərində olarkən hər yerdə yalnız dağılmış evlər gördüklərini və qəbiristanlıqların talan edildiyini qeyd edərək bu mənzərələrdən dəhşətə gəldiyini vurğulayır. 

O, bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə “Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhərində şahid olduğu erməni vandalizmindən bəhs edərək işğal olunmuş ərazilərdə qədim məscidlərin, sarayların, tarixi memarlıq abidələrinin, mədəniyyət incilərinin və dini ibadət yerlərinin ermənilər tərəfindən dağıdılaraq yağmalanmaya məruz qaldığını diqqətə çatdırır.

Müəllif Gəncəyə səfərindən bəhs edərək 44 günlük müharibə zamanı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətlərin şahidi olduğunu yazır. O, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən döyüş əməliyyatları zonasından xeyli uzaqda yerləşən şəhəri ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğunu və yüzlərlə insanın yaralandığını oxucuların diqqətinə çatdırır.

Qeyd olunur ki, ermənilər bu kimi hərəkətləri ilə insanlar arasında qorxu yaymaq, mənəvi ruhu pozmaq və Azərbaycan xalqının əzmini sındırmaq istəsələr də, buna nail ola bilməyiblər, tam əks reaksiya ilə üzləşiblər.

Şuşa şəhərinin Azərbaycan üçün geosiyasi, tarixi, mədəni və hərbi-strateji vacibliyini açıqlayan jurnalist olduqca mürəkkəb xüsusi əməliyyat nəticəsində şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna simvolik əhəmiyyətə malik olduğunu qeyd edir. Jurnalist 30 il əvvəl öz yurdlarından qovulan vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün yerlə yeksan edilmiş bu ərazilərdə ölkə Prezidentinin rəhbərliyi altında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verir.

O, təəssüflə yazır ki, Ermənistan silahlı qüvvələrinin uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirməsi faktı bərpa işlərini mürəkkəbləşdirir. Ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata baxmayaraq, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış sahələrin xəritələrini verməkdən imtina etdiyini qeyd edən jurnalist Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, bu ərazilərin minalardan təmizlənməsi prosesinin illərlə çəkə biləcəyini bildirir.

Müəllif yazısında səfər zamanı azərbaycanlı qaçqınlarla görüşdüyünü, onların erməni təcavüzü nəticəsində doğma evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, çəkdikləri əzab və ağrılardan bəhs etdiklərini, lakin buna baxmayaraq, tezliklə öz doğma yurdlarına qayıdacaqları anı səbirsizliklə gözlədiklərini qeyd edir.

https://fpp.org.pe/el-horror-de-la-guerra-armenio-azeri/

https://www.expreso.com.pe/diplomacia/el-horror-de-la-guerra-armenio-azeri/

 

QALEREYA
 

Bu, mənim üçün böyük bir şərəfdir. Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam.

Ardını oxu...

 

Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı - Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələrinin əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşadıqları vurğulanır. Qeyd olunur ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Təbrikdə deyilir: “Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.

Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.

Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov