Xəbər lenti



Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, “İmprotex” şirkətlər qrupunun qurucusu və prezidenti Füzuli Ələkbərov ilə bağlı sensasiyalı video yayılıb. Avtosfer.az saytının yaydığı videoda F.Ələkbərovun ikinci İsmayıllı hadisələrini Bakının yaxınlığında-Sahil qəsəbəsində hazırladığı iddia olunur. Bildirilir ki, xalqın yolunu kəsib, dənizə çıxışını bağlayan Ələkbərovlar vaxtilə, İsmayıllıda xalqı dövlətə qarşı üsyan həddinə çıxartdı. 

 Belə ki, tarixə İsmayıllı hadisələri kimi keçən olaylar 23 yanvar 2013-cü ildə başladı. Füzuli Ələkbərovun oğlu Vüqar “Hammer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döydü. Rayon sakinləri buna mane olmağa çalışsa da, Füzuli Ələkbərovun oğlu və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döyüb və Ələkbərova məxsus olan Çıraq hotelini və Hammer markalı maşını yandırdılar. Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş etdilər.

Yalnız sərt tədbirlər nəticəsində xalq üsyanının qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Bir neçə ay sonra isə Vüqar Ələkbərovun atası Füzuli Ələkbərov da tutduğu vəzifədən uzaqlaşdırıldı. 

Hazırda isə xalq Ələkbərovların əlindən Sahil qəsəbəsində cana doyub. Belə ki, F.Ələkbərov yaşadığı Sahil qəsəbəsini rəsmən iki yerə bölüb. “Primorski” də adlandırılan kiçik qəsəbə əslində Ələkbərovların Azərbaycana ikinci “İsmayıllı hədiyyəsi” olması mümkündür. Belə ki, qəsəbədə az qala hər daşın sahibi olmaqla bərabər dənizə gedən yolu “şlaqbaum”la kəsən Ələkbərovlar dənizi də rəsmən işğal ediblər. Belə ki, dənizin sahilində gəzmək istəyən insanlar gərək yüz metrə dənizə girərək, üzə-üzə sabiq nazirə məxsus “Batabat” restoranının ətrafından fırlansınlar, ya da tamamən qəsəbənin içinə doğru gedib, kilometrlərlə məsafə qət edərək, “Batabat”ın digər tərəfinə keçsinlər. Çünki nazirin restoranı Çin səddi kimi ərazini işğal edib.

Yəqin ki, dövlət Sahil qəsəbəsində insanların əsəbləri ilə oynayan, eynilə İsmayıllıda olduğu kimi sadə vətəndaşlara təhqiramiz münasibət sərgiləyən Ələkbərovların bu özbaşınalığına “dur” deyəcək və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də Xəzəri “batabat”a salan “Çin səddi”ni yerlə-yeksan edəcək. Bu bütün sahillilərin arzusudur.



Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb".

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

S.Babayev yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” qanundan irəli gələn məsələlər barədə məlumat verərək bildirib ki, bu qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Nazir yeni qanunda məşğulluq xidmətlərinin əsasən elektron müstəvidə təşkilinin irəli sürüldüyünü diqqətə çatdıraraq bildirib ki, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını, həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını və s. halları nəzərdə tutur. Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək. Sahil Babayev Prezidentin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə məşğulluq altsisteminin yaradılması istiqamətində işlərin sürətləndiyini qeyd edib. "Görülmüş bu işlər son nəticədə məşğulluq xidmətlərinin daha şəffaf və əlçatan olması, həmçinin qeyri-rəsmi məşğulluqla mübarizədə effektiv nəticələr verəcək", - nazir bildirib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan özünüməşğulluq proqramının əhəmiyyətindən danışan S.Babayev deyib ki, bu proqramla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurması, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırması, həmçinin kiçik və orta sahibkarlığın inkişafı təmin olunur. İlin sonuna qədər ən azı yeddi min ailənin bu proqrama cəlb edilməsi qarşıya qoyulmuş hədəfdir. Bununla bağlı məşğulluq orqanları qarşısında sərt tələblər qoyulub.

S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin "Məşğulluq haqqında" qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.

İclasda əmək bazarının səmərəli tənzimlənməsi istiqamətində tədbirlər, normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırlması üçün görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün hazırlanan təkliflər, beynəlxalıq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.



Rusiyanın mail.ru mediaresursunun “Ledi” bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və onun dəb aləmində üstünlük verdiklərinə həsr olunmuş məqalə dərc edilib. Məqalənin müəllifləri Azərbaycanın birinci xanımını stil ikonası adlandırıblar.

Nəşr qeyd edir ki, Azərbaycan özünə əsas Avropa tendensiyalarını hopdursa da, Şərqin mədəni və dini ənənələrini qoruyub saxlaya bilib. Bu həm memarlıqda, həm müasir mədəniyyətdə, həm təhsildə, həm də dəbdə özünü göstərir.

Birinci xanım Mehriban Əliyeva isə həmin maraqlı uyğunlaşmanı əks etdirir. Bu onun həm ictimai-siyasi işində, həm də stilində təzahürünü tapır.

Aliyeva3.JPG (69 KB)

Mehriban Əliyevanın geyimində üstünlük verdiyi zövq məşhur modelyerləri ilhama gətirir. Məsələn, Vyaçeslav Zaytsev deyirdi ki, Bakıda olduğu vaxt Azərbaycan prezidentinin xanımının stili onda böyük təəssürat doğurub: “Ecazkar görünmək bacarığı, onun ünsiyyət tərzi – bütün bunlar gözəl uyğunlaşır və çox gözəl təəssürat doğurur. Sözün əsl mənasında ecazkar qadındır və mən səmimi şəkildə valeh oldum”.

Azərbaycanın Birinci vitse-prezidenti geyimdə eleqant mötədilliyə, sakit tonlara və səlis xətlərə üstünlük verir.

Aliyeva2.JPG (64 KB)

“Mötədillik və sona qədər deyilməmək, ola bilsin ki, müəyyən mənada mənim xasiyyətimi əks etdirir, - Mehriban Əliyeva şərh edir. – Halbuki, heç vaxt bu əlaqə barədə ciddi düşünməmişəm. Stil özünü xırdalıqlarda, təfərrüatlarda, nüanslarda, davranış tərzində və insandan ayrı təsəvvür edilməyən bir çox şeydə özünü göstərir. Mənə belə gəlir ki, bunu sırf rasional mövqelərdən izah etmək çətindir”.

Məqalənin müəllifləri qeyd edirlər ki, birinci xanımda bütün bu nüansları nəzərə almaq alınır, o hətta qərb dəb evlərinin kolleksiyalarında ənənəvi şərq motivlərindən istifadə edilmiş geyimləri tapa bilir ki, həmin geyimlər “Giorgio Armani”, “Karl Lagerfeld” və “Ralph Lauren” kimi müasir və tanınmış modelyerlərin yaratdıqlarıdır.

Aliyeva1.JPG (64 KB)

Öz ölkəsinin əsl vətənpərvəri kimi birinci xanım Azərbaycanın dizaynerlərini və modelyerlərini dəstəkləyir. Misal üçün, IV İslam Oyunlarının bağlanış mərasiminə Birinci vitse-prezident həmvətəni olan modelyer Rüfət İsmayılın hazırladığı kostyumda gəlmişdi.

Bununla bərabər, Mehriban Əliyeva bəzək əşyalarından çox istifadə etməkdən çəkinir və onun sevimli aksessuarı kimi eynəyi göstərmək olar. O, eynəklərini dəbdən, əhvalından və ya tədbirin mahiyyətindən asılı olaraq dəyişir.

O ki qaldı sevimli fasonlara, bunlar, şübhəsiz ki, futlyar-paltardır və bu hər zaman Mehriban Əliyevanın bəyəndiyi platforma üzərində ayaqqabılarla və qayıqşəkilli ayaqqabılarla çox uğurla uzlaşır.

Aliyeva4.JPG (58 KB)

Mehriban Əliyevanın iştirak etdiyi əksər görüşlər əsas etibarilə kişilərin iştirakı ilə keçirilir. Bunlar tanınmış siyasətçilər, iş adamları, ictimai xadimlərdir. Lakin birinci xanım parlaq görünməkdən çəkinmir. Bu onda çox üzvi şəkildə alınır və danışıqlar üzrə həmkarlarının mötədil kişi kostyumları birinci xanımın geyimlərini uğurlu şəkildə vurğulayır.

Xeyli alovların və sofitlərin olduğu iri səhnələrdən rəsmi çıxışlar üçün Mehriban Əliyeva qapalı uzun, ciddi görkəmli, lakin eyni zamanda yumşaq tonları olan paltarlar geyir.

Azərbaycanlı rəssam-modelyer Fəxriyyə Xələfova Mehriban Əliyeva haqqında bunları deyir: “Onun bir çox missiyaları və maraqlı istiqamətləri var ki, onları həyata keçirir. Lakin mən birini də əlavə edərdim – O, gözəllik səfiridir”.

Virtualaz.org

bizimaz.az Bədənimizin hansısa bir hissəsi və ya belimiz ağrıyanda buna çox da əhəmiyyət vermirik. Elə hesab edirik ki, bu, yorğunluqdandır və ya nəsə ağır bir yük qaldırmışıq. Heç təsəvvür də etmirik ki, bədənimizdə yaranan bu dəhşətli ağrıların səbəbi yırtıqlar ola bilər. Yırtıq hansısa bir orqan və ya toxumanın ətrafındakı əzələ arasından kiçik bir nöqtədən çölə çıxmasıdır. Yırtıqlar bədənin müxtəlif yerlərində ola bilər. Bunların hamısı insan həyatı üçün təhlükəlidir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, son vaxtlar insanlar arasında daha çox yayılanı isə beldə olan yırtıqdır. Məlumdur ki, bel nahiyəsində 31 ədəd onurğa sümüyü var. Bu onurğa sümükləri arasındakı hərəkəti asanlaşdıran, onun dayanıqlı olmasına kömək edən bağ toxuması var. Tibb elmində bağ toxumasına disk də deyilir. Disk onurğa sümüklərini zərbələrə qarşı qoruyur. Disk iki qismə ayrılır: xarici və daxili. Bəzən xaricdə olan təbəqə öz formasını dəyişir. Bu zaman daxildə olan təbəqə xaricə doğru çıxır. Beləcə, bel nahiyəsində yırtıq yaranır. Yırtılan hissədən maye ifraz olunur. Bu maye güclü ağrılar yaradır. Xəstəlik hər yaşda özünü büruzə verə bilər.

Xəstəliyin məkanı: 
Omba, bel, qarın, döş qəfəsi, göbək, əməliyyat olunan hissə. 
Yırtıq haqqında ilk məlumatlar eramızdan 1500 il əvvələ aid olan papiruslar üzərində tapılıb. Xəstəlik haqqında diaqnozu eradan əvvəl 400-cü ildə Cos adlı mütəxəssis qoymuşdu. Həmin dövrdə insanları uzun illər yataq rejimində saxlayaraq, müalicə etməyə çalışırdılar. Orta əsrlərdə isə belə xəstələrin bellərinə ağır yük bağlayıb, onları saatlarla gəzməyə məcbur edirdilər. Xəstəliyin yaranma səbəbi isə uzun illər tibb elminə məlum olmayıb. 1721-ci ildə Renerulin adlı həkim yırtığın yüksək təzyiq nəticəsində əmələ gəlmə ehtimalını irəli sürüb. Xəstəliyin müasir müalicəsi 1877-ci ildə V.Czerni tərəfindən təyin olunub. 

Əgər səndə
Bel, qarın və ya başqa bölgələrdə nəzərəçarpan şiş, bel və ayaqda ağrılar, yeriməkdə çətinlik çəkmək, qıçda keyləşmə, güc itkisi, qıcıqlanma, ürəkbulanma və qəbizlik varsa, demək, sən yırtıqdan əziyyət çəkirsən. Bədəninin hansısa bir yerində və belində yırtıq olan insanlar yeriyərkən axsayır, əvvəlki iş qabiliyyətlərini itirirlər.

Səbəb nədir?
Bədəndə yırtıqların yaranmasının əsas və daha çox yayılmış səbəbi ağır yük qaldırmaq, qəfil hərəkət etməkdir. Diskin qidalanma funksiyasının pozulması da yırtıq əmələ gətirə bilər. İnsan yaşlandıqca bədənində diskləri və damarları qidalandıran suyun miqdarı azalır. Bu da getdikcə diskin kiçilməsinə gətirb çıxarır. Həm də diskdə oksigen azalmağa başlayır. İnsanların idmanla məşğul olmaması, hüceyrələrinin sayının get-gedə azalması yırtıq əmələ gətirən risk faktorları sırasındadır. Xəstəliyə səbəb olan amillər sırasında irsi faktorlar da var.

 

Kimlər risk altındadır?
• Oturaq işdə çalışanlar
• Siqaret çəkən və spirtli içkiyə meyilli olanlar
• Stresdən əziyyət çəkənlər
• Qəbizliyi olanlar
• Vaxtlı-vaxtında qidalanmayanlar
• Doğuşdan əzələ zəifliyi olanlar
• Xroniki öskürəyi olanlar
• Hamilə qadınlar 
• Artıq çəkidən əziyyət çəkənlər 
• İdmançılar

Xəstəliyin dəhşətli fəsadları
Yırtıqdan əziyyət çəkən xəstə müalicəsiz qalarsa, get-gedə hərəkət qabiliyyətini itirər. Xəstəlik daha da irəliləyərsə, bu, cinsi pozğunluq, sidik və defekasiya aktının pozulmasına səbəb olar. Hamiləlik zamanı yaranan yırtıq isə bəzən uşağın vaxtından tez doğulmasına və ya tələf olmasına gətirib çıxarır. Yırtıq müalicəsiz qaldıqda bədəndəki bütün toxumaları məhv edir. Bağırsaqda olan yırtıq daha dəhşətli fəsadlar meydana çıxarır. O, infeksiyaya, qanqrenaya, bağırsaq deşilməsinə, şoka, hətta ölümə də səbəb ola bilər. 

Müalicə necə aparılmalıdır?
Çalış, professional bir həkimə müraciət et. Xəstəyə dərman müalicəsi təyin olunur. Əsasən əzələyığıcı, ağrıkəsici dərmanlardan istifadə edilir. Bel nahiyəsində yırtıq olanlara sərt yataqda yatmaq tapşırılır. Əvvəlcə, fiziki müalicə üsulu tətbiq edilir. Daha sonra xəstəliyin tamamilə aradan qaldırılması üçün xəstə əməliyyat olunmalıdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov