Xəbər lenti



Dünyada 650 017 974 koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (100 863 106), Hindistan (44 674 667 nəfər), Fransa (38 067 974 nəfər), Almaniya (36 557 861 nəfər) və Braziliyadır (35 408 852 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 21 617 601, Türkiyədə 17 005 537, İranda 7 559 855, Gürcüstanda 1 806 918, Ermənistanda isə 445 737 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 824 499 nəfərin 9 983-ü ölüb, 814 247 xəstə müalicə olunaraq sağalıb

Qətər builki çempionata rekord məbləğ xərclədi
Bu ilin noyabrında keçirilməsi planlaşdırılan Dünya Çempionatı ev sahibi Qətərə rekord məbləğə başa gələcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə böyük futbol tədbirinə ev sahibliyi edəcək Yaxın Şərq ölkəsi DÇ üçün 220 milyard dollar xərcləyib. Bu, 2018-ci ildə Rusiyada (11,6 milyard dollar), 2014-cü ildə isə Braziliyada (15 milyard dollar) keçirilən çempionatları geridə qoyub.

Bildirilir ki, vəsaitin böyük hissəsi Qətərin 2030-cu il üçün inkişaf planının bir hissəsi olan infrastruktur xərcləridir. Bu, mehmanxanalar, ən müasir metro şəbəkəsi, stadionlar və hava limanları olan innovasiya mərkəzinin tikintisini əhatə edir.

 

Qətərin təkcə bu tədbir üçün 8 stadion hazırladığı məlumdur. Onlardan yeddisi 2022-ci il Dünya Kuboku üçün sıfırdan tikilib. Səkkiz stadionun hər biri təxminən bir saatlıq məsafədədir. 

Səkkiz stadion günəş panelləri ilə təchiz ediləcək və ən müasir soyutma sistemlərinə, o cümlədən bəzi stadionlarda açıq hava kondisionerinə malik olacaq.

Təxmini hesablamalara görə, noyabrda Qətərə 1,5 milyona yaxın futbol azarkeşi gələcək

Gununxeberi.az 

Blinken İlham Əliyevə zəng etdiOktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Bizimaz.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilir ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edib. Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirən A.Blinken ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib.

 
 
 

Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib.

Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib. Dövlətimizin başçısı, həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər.

Dövlətimiz başçısı, eyni zamanda, həm Antoni Blinkenin, həm də Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.

Görüşdə Azərbaycan-Ermənistan əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.

Bu ölkə vətəndaşlarına Belarusu tərk etməyi tövsiyə etdi
Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfər etməməyi tövsiyə edib.

“Gununxeberi.az ” xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.

Qeyd edilir ki, tövsiyələr regionda artan gərginliklə bağlıdır.

Nazirlik vurğulayıb ki, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı “evakuasiya xeyli çətinləşə, hətta mümkünsüz ola bilər”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə Polşadan olan həmkarı Anjey Duda arasında təcili məsləhətləşmələr aparıldığı bildirilib.

 

İqtisadi elmlər üzrə Nobel mükafatının qalibləri məlum olub

 

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində sonuncu, iqtisadi elmlər üzrə mükafatın laureatları açıqlanıb.

Trend-in məlumatına görə, mükafatı bu il amerikalı iqtisadçılar Ben Bernanke, Duqlas Daymond və Filip Dibviq əldə edib.

Onlar bank sisteminin iqtisadiyyatda, xüsusilə maliyyə böhranları dövründə rolu sahəsində tədqiqatlara görə mükafata layiq görülüb.

 

Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya, fransalı yazıçı Anni Erno ədəbiyyat, belaruslu hüquq müdafiəçisi Ales Byalyatski, Rusiyanın "Memorial" insan hüquqları təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi sülh mükafatını qazanıblar.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Malik Həsənov: Praqa Bəyanatında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiqləndi

“Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri ölkə Prezidentinin şəxsiyyətinə hörmətin, mühüm məsələlərin həllində mövqeyinin və rəyinin xüsusi əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Cənab İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı zamanı bir daha bu məqama diqqəti yönəltdi ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsipləri əsasdır. Xüsusilə ərazi bütövlüyü prinsipini önə çəkərək bu məsələyə münasibətdə eyni yanaşmanın vacibliyini vurğuladı. Prezident İlham Əliyevin dövlət maraqlarının qorunması, beynəlxalq münasibətlərin inkişafı və yeni istiqamətlər üzrə genişləndirilməsi yönümündə atdığı addımlar təqdir edilir. Ümumilikdə Azərbaycanın həm Qərb, həm də Şərq üçün əhəmiyyəti yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sferasında deyil, təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də ifadə olunur. Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Ölkəmiz müasir dövrün reallıqları əsasında atdığı addımları ilə bu roluna yeni məzmun gətirir. Artıq iki ildir tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar dünyanın siyasətində də dəyişikliklərə yol açdı. Yeni yaradılan siyasi platformanın- “Avropa siyasi birliyi”nin məqsəd və məramına diqqət yetirdikdə qeyd etdiklərimiz özünün aydın ifadəsini tapır. Belə ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın təməlini qoyduğu milli platformanın – Azərbaycan Milli Şəhərsalma Forumunun ardınca “Avropa siyasi birliyi” beynəlxalq platformanın yaradılması postmünaqişə dövrünün reallıqlarının təbliğində mühüm rol oynayacaq: “Ölkəmiz bu milli platformanı yaratmaqla istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlavə imkanlar qazanır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bütün bu məqamlara işıq saldı. “Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 ildə daşlar bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Eyni vəziyyəti Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayır. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi məlumdur. Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.”

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, Qarabağı və Zəngəzuru yenidən quracağıq: “Buna heç bir şübhə yoxdur. Bu, milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir. Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.”

“Avropa siyasi birliyi” Zirvə Toplantısı, toplantı çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, həmşinin Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dördtərəfli görüşü Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin beynəlxalq səviyyədə qəbulunu bir daha təsdiqlədi. Dördtərəfli görüşün yekununda qəbul edilən Bəyanatda Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, o deməkdir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiq edildi. Bəyanatda əksini tapan müddəalar dövlət başçısı İlham Əliyevin Azərbaycanın maraqlarını layiqincə qoruduğunu, Ermənistanın isə suveren dövlət olmadığını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində Azərbaycan televiziya kanallarına müsahibəsi ölkəmizin beynəlxalq aləmdə artan rolunu, BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etməsini, Qarabağ məsələsinin gündəmdən çıxmasını, dünya birliyinin bu məsələnin Azərbaycanın daxili işi olmasını qəbul etdiyini özündə ehtiva etməklə ölkə və beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasında zəngin mənbədir. Praqa görüşündə Ermənistan növbəti mesajını aldı”, - deyə, Malik Həsənov bildirib.
Kamaləddin Qafarov: “Substantiv görüşlər sülh sazişinin imzalanmasını tezləşdirə  bilər”

“Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilmiş “Avropa siyasi birliyi” Zirvə Toplantısına Azərbaycanın dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətinin daha bir göstəricisidir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolunu nəzərə alsaq, əsas məqsədlərinə Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək də aid olan “Avropa siyasi birliyi”nin Azərbaycana olan marağı təbii ki, anlaşılandır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib
.

Millət vəkili bildirib ki, İlk dəfə keçirilən Zirvə Toplantısı qitənin ölkələri arasında yeni siyasi əlaqələndirmə platformasıdır. Tədbirdə ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər: “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair təklifi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında vahid müzakirə platformasının yaradılmasının vacibliyi və digər önəmli məsələlər barədə fikirlərini səsləndirib. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti qeyd edib ki, sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qədər qısa zaman kəsiyində başa çatdırılmalıdır. Özünün siyasi iradəsini və prinsipial mövqeyini bütün mötəbər beynəlxalq tədbirlərdə birmənalı şəkildə ifadə edən dövlətimizin başçısı bu dəfə də dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinin vacibliyini qeyd edib, bu prinsipə münasibətdə seçmə üsullu yanaşmaların, başqa sözlə desək, ikili standartların kənara qoyulmasının önəmini vurğulayıb.”

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Praqada keçirdiyi görüşlər Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlənəcəyinə dair böyük ümidlər verir:“ Substantiv görüşlər sülh sazişinin imzalanmasını tezləşdirə bilər. Dövlətimizin başçısı Praqada Azərbaycan televiziya kanallarına müsahibə verərkən xüsusi olaraq vurğuladı ki, davamlı sülhə nail olunması prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirir. Çünki həm Brüsseldə bir neçə dəfə keçirilmiş üçtərəfli görüşlər, həm də Praqada Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təşkil edilmiş dördtərəfli görüş tərəfləri hər dəfə sülhə daha da yaxınlaşdırır. Cənab Prezident İlham Əliyev artıq hər iki ölkənin işçi qrupları tərəfindən bilavasitə sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmağın vaxtı çatdığını da qeyd etdi.”

K.Qafarov Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas inkişaf istiqamətləri barədə Prezident İlham Əliyevin açıqlamalarının əhəmiyyətini vurğulayaraq deyib: “Jurnalistlərin suallarını cavablandıran dövlət başçımız qeyd etdi ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq əlaqələrində əsas istiqamət kimi enerji sahəsi aparıcı rol oynayır. Bu baxımdan əlbəttə ki, bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu xüsusi əhəmiyyət kəsb edir. Artıq sirr deyil ki, Avropada Azərbaycanın enerji resurslarına böyük tələbat var və bu tələbat getdikcə artır. Hazırda dünyada, o cümlədən Avropada gedən proseslər, mövcud olan geosiyasi vəziyyət Azərbaycanın resurslarına tələbatın bundan sonra da artacağını proqnozlaşdırmağa əsas verir. Digər tərəfdən isə Azərbaycan–Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin nəqliyyat sahəsində də inkişaf etdirilməsi üçün yeni perspektivlər yaranıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Ölkəmiz regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu, xüsusilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişafına mühüm töhfədir”.
 
 
Kamaləddin Qafarov: “Qüdrətli Azərbaycan Ordusu müstəqilliyimizin ən etibarlı qarantıdır”



“Artıq ikinci ildir ki, Azərbaycan xalqı öz şəhidlərinin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və şanlı Zəfərimizlə fəxr edirik. Qeyd etmək lazımdır ki, dövlət başçımızın Vətən müharibəsindən sonra Füzuli rayonuna ilk səfəri qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün sonra baş tutmuşdu. 2020-ci ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etmişdilər. Səfər çərçivəsində Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bizim işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışımızın ilk addımının artıq atıldığını bütün dünyaya bəyan etmişdi.”

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri Azərbaycanın bu torpaqların əsl sahibi olduğunu bütün dünyaya təkrar-təkrar nümayiş etdirir: “Şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonları, eləcə də Şuşa şəhəri əslində xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilmişdir. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılan abidə də məhz buna görə rəmzi məna daşımaqla böyük mənəvi əhəmiyyət kəsb edir. Tarixi missiyanı həyata keçirən Azərbaycanın qəhrəman övladları tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Şanlı Ordumuz bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.”

Sonda deputat bundan sonra da hər bir azərbaycanlının Vətənin keşiyində daha böyük əzmkarlıqla duracağına əmin olduğunu vurğulayıb: “Möhtərəm cənab Prezidentimizin dediyi kimi, Azərbaycanın hər bir vətəndaşı daim Vətənin, müstəqilliyimizin keşiyində durmalıdır və heç bir şübhə yoxdur ki, bu belə də olacaq. Bundan sonra Azərbaycan xalqı artıq heç zaman imkan verməz ki, bir daha düşmən başını qaldırsın və bizim üçün təhdid yaratsın. Bunun ən böyük qarantı isə qüdrətli Azərbaycan Ordusudur.”

aia.az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov