Xəbər lenti

Kamaləddin Qafarov: “Azərbaycanın hərbi qüdrəti onun təhlükəsizliyinin təminatçısıdır”

“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuraraq torpaqlarımızın Ermənistan tərəfindən işğalına birdəfəlik son qoyduqdan sonra ölkə Prezidenti İlham Əliyev dövlətimizin qarşısında duran iki əsas vəzifəni prioritet istiqamət olaraq müəyyən etmişdir. Bunlardan biri azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, digəri isə ölkənin hərbi qüdrətinin artırılmasıdır. Təbii ki, hər iki istiqamət ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Azad edilmiş rayon və bölgələrimizin bərpası və yenidən qurulması, ilk növbədə, keçmiş məcburi köçkün vətəndaşlarımızın 30 illik fasilədən sonra yenidən öz dədə-baba torpaqlarına qayıda bilmələri və eyni zamanda Azərbaycan ərazisinin iyirmi faizinin ölkənin iqtisadiyyatına təkrar reinteqrasiyası üçün zəruridir. Qeyd olunmalıdır ki, hər iki məqsədə nail olmaq üçün hazırda bütün lazım olan tədbirlər görülür, iri miqyaslı dövlət layihələri böyük vüsətlə həyata keçirilir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, ordumuzun müasirləşdirilməsi, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi və yenilərinin yaradılması, azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinin tam əmin-amanlıq və sabitlik şəraitində aparılması, “Böyük qayıdış” proqramı çərçivəsində öz tarixi yurd yerlərinə daimi yaşayış məqsədilə geri dönən insanlarımızın təhlükəsiz həyat şəraitinin təmin olunması üçün vacibdir. “Beynəlxalq hüquq normalarının getdikcə daha çox və tez-tez pozulduğu, böyük dövlətlər tərəfindən bu hüququn əsas prinsiplərini təşviq edən beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar etinasızlıq göstərildiyi müasir dünyada bir ölkənin özünün suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının azadlılqlarını təmin edə bilməsi üçün güclü orduya malik olması vacib şərtdir.”

Deputat vurğulayıb ki, Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma işlərinin ölkəmizin öz hesabına həyata keçirilməsidir: “Ölkə Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək bildirdi ki, cari ilin altı ayı ərzində əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub. Bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin maliyyə durumu xeyli yaxşılaşıb. Bu il rekord həddə çataraq 33 milyard manatlıq göstəricini üstələyən dövlət büdcəsi, həm də ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra olunsun, dövlətin hərbi gücünü artırmaq üçün əhəmiyyətli addımlar atılsın. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində makroiqtisadi sabitlik uzun illərdir təmin edilir. Manatın məzənnəsinin son altı il ərzində sabit qalması bu gün dünya praktikasında müşahidə olunan çox nadir hadisədir.”
K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında Ermənistanla olan münasibətlərə dair səsləndirdiyi fikirlərin önəmini qeyd edərək deyib: “Bu gün Cənubi Qafqazda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunmasında Azərbaycan-Ermənistan münasibətlərinin vacib rol oynadığı hər kəsə məlumdur. Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə və bu əsasda yeni regional reallıqlar yaratmaqla bir çox üstünlüklərə sahib olmuşdur. Bu gün məhz Azərbaycanın yürütdüyü siyasət Ermənistan tərəfini də vacib müsbət addımlar atmağa sövq edir. Lakin nəticə yenə də təkcə bizim ölkədən asılı deyil. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Ermənistanla sülh sazişi də yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalana bilər. Dövlət başçımızın bu imkanların hələ ki, tükənmədiyinə dair ifadə etdiyi fikirlər son dərəcə böyük ümidlər yaradır. Xüsusilə bu ilin may ayında Ermənistanın artıq Azərbaycan ərazisinin parametrlərini Qarabağ və anklav kəndlərimiz da daxil olmaq şərtilə rəsmən tanıması müsbət haldır və bu fikirlərin kağız üzərində də müvafiq imzalarla öz təsdiqini tapması yeni, xoşməramlı münasibətlərin yaradılmasına güclü təkan verə bilər”.
 
 


Xəzər dənizində 5,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

***

 
 
 
 
 
 
 

 

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

 
Kamaləddin Qafarov: “Azərbaycanla Pakistan arasında münasibətlər  intensivləşir”

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hələ 2002-ci ildə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır. Pakistan işğal dövründə Azərbaycana dəstək verərək və həmrəylik nümayiş etdirərək, Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb və bu vəziyyət indi də davam edir. Pakistan istər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. Pakistan 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-Pakistan əlaqələri iki qardaş ölkə arasında olan səmimi münasibətlər əsasında formalaşıb”.

Bunları mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Baş nazir Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycana rəsmi səfərinin önəmini qeyd edən deputat bildirib ki, hər iki ölkənin rəhbərləri tərəfindən atılan məqsədyönlü addımlar dövlətlərarası münasibətlərin inkişafını stimullaşdırır: “Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərinin nəticələri də bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatında Ölkə Prezidenti İlham Əliyev bunu bir daha xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, onun Pakistanın Baş naziri ilə təmasları müntəzəm xarakter daşıyır. Cənab Prezident bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyini yüksək qiymətləndirdiyini bildirdi və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri olduğunu diqqət mərkəzinə çəkdi. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Azərbaycan və Pakistan bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Bu qarşılıqlı dəstək ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə məhz Türkiyə və Pakistan onunla bir yerdə idi”.

K.Qafarov daha sonra müzakirə olunan mövzuların əhəmiyyətindən bəhs edərək deyib: “Ölkə rəhbərlərinin görüşü zamanı həm Pakistan, həm də Azərbaycan üçün son dərəcə önəmli məsələlər müzakirə olunub. Qərara alınıb ki, Azərbaycandan müxtəlif sahələr üzrə bir neçə nümayəndə heyəti Pakistana səfər etsin. Bu heyətlər ticarət və sərmayə məsələsi, enerji məsələsi və əlbəttə ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsi ilə məşğul olacaqlar. Eyni zamanda, razılığa gəlinib ki, ölkələrarası ticarətin həcmini artırmaq üçün daha ciddi səylər göstərilsin. Bu məqsədlə ilkin olaraq anlaşma memorandumu imzalanacaq. Təbii ki, ən vacib məsələlərdən biri kimi, müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Birgə hərbi təlimlərin sayının artırılması məsələsi nəzərdən keçirilib. Həqiqətən də bu gün buna böyük ehtiyac var. Möhtərəm Prezidentimizin dediyi kimi, dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, güc amili getdikcə daha çox həlledici faktor kimi çıxış edir. Beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Bunu isə, əksər digər dövlətlərdən daha yaxşı məhz Azərbaycan və Pakistan bilirlər. Ona görə də bu gün dünyada məhz güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün əsas qarantına çevrilib. Bütün bu məsələlərdə ölkələrimiz arasında qarşılıqlı tam anlaşma var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar və bundan sonra da belə olacaqlar”.


Ukrayna ilə bağlı vəziyyət mürəkkəbdir və Kiyevin bəyan etdiyi mövqe əsasında sülh yolu ilə nizamlanma perspektivini göstərmir. Bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukrayna məsələsində vəziyyət hələ də mürəkkəbdir, nə qədər ki, Kiyevdən bəyan edilən həm rəsmi, həm də rəsmi olmayan mövqe əsasında sülh yolu ilə nizamlanma perspektivi yoxdur. Və hələlik bizim üçün hərbi əməliyyatları davam etdirmək üçün başqa yollar yoxdur”, - Peskov bildirib.



“Ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması yaşadığımız bu ilə böyük önəm vermiş oldu. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da, ilk növbədə, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda, vahid bir ölkə kimi varlığını qoruyub saxladı. Ulu Öndər dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqilliyinə nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”.

Bu sözləri mətbuata müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən birinin beynəlxalq mövqelərin möhkəmləndirilməsi olduğunu qeyd edib: “Müstəqilliyimizin ilk illərində bu müstəqilliyin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Həmin vaxt ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün effektiv, praqmatik xarici siyasət kursu tələb olunurdu. Ulu Öndər Heydər Əliyev 1994-cü il martın 9-da Pekin İctimai Elmlər Akademiyasında çıxış edərkən demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Məhz bu məqsədlə Ümummilli lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər xarici siyasəti Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri hesab edir və bu siyasətin sağlam, düşünülmüş və uzaqgörən şəkildə olmasını vurğulayırdı. Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi.”

K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin də əsasında məhz Heydər Əliyev siyasi kursunun durduğunu vurğulayaraq deyib: “Ulu Öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyevin milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi.”
 
 


Türkiyədə 6 fevral tarixində əsrin ən faciəli hadisələrdən biri – dəhşətli zəlzələ hadisəsi baş verdi. Gecə saatlarında mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirdi, yuz minə yaxın insan yaralandı və dağıntılar altında qaldı. Türkiyənin cənub-şərqində baş verən zəlzələ 12 ballıq şkala ilə 7,7 bal gücündə olub. Bu zəlzələ nəticəsində Türkiyənin 10 şəhəri, əsasən, Kahramanmaraş, Elazığ, Şanlı Urfa, Adana, Hatay, Diyarbəkir, İsgəndərun və s. şəhərlərində neçə yaşayış binaları dağıntıya məruz qalıb hələ də dağıntılar arasından cansız bədənlərin və yaxud da sağ qalanların çıxarılması davam etdirilir.

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələr Türkiyəyə həm humanitar, həm də dağıntılar altında qalan insanların çıxarılması üçün hər cür dəstək göstərilir. Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də kədərli günlərdə bir birinin yanındadır. İki qardaş xalq və dövlət olaraq hər zaman bir yerdəyik. 

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi və zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyi qeyd etməsi bir daha dediklərimizə misaldır.

Prezidenti İlham Əliyev fevralın 8-də isə Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardımı Azərbaycan göndərdi. Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə zəlzlə bölgəsində səhra qərərgahı yaradıldı. “Biz özümüzü sizdən ayrı hesab etmirik. Çiyin-çiyinə çalışırıq və çalışacağıq”deyən nazir müavini bu günədək Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır göndərildiyini söyləyib.Qeydedək ki, böyük çadırlar 30 nəfərlikdir. 25 minə yaxın adyal, eyni zamanda 401 ton tibbi ləvazimat, 1 200-dən çox generator göndərilib. Bəziləri böyük olduğu üçün təyyarə ilə yollanıldı. FHN-in xilasediciləri bu günədək zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Dərhal zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərildi. Azərbaycan xalqı səfərbər oldu. Dövlətimizin başçısının tapşırığına əsasən xilasedicilərdən ibarət ilk qrup elə həmin gün zəlzələ bölkəzsinə yola düşdü. Eləcə də zərərçəkənlər üçün zəruri ləvazimatlar göndərildi. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da Qaziantepə uçdu. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərildi. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil idi. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verd. 

Hal hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı da geniş yer ayırıb.
Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Həmin qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr qardaş ölkədə geçə-gündüz iş başındadırlar.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ücün ikinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.Qeyd edək ki,bu günədək  34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə gedib. 

Həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da Türkiyəyə gedib.Müdafiə Nazirliyindən verilən məlumata görə, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.

Zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzdülər. 
Eyni zamanda Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında da zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri buranı ziyarət edərək gül dəstələri düzürlər.

Zəlzələ hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edirik. 

Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.


ABŞ-nin nüfuzlu biznes jurnalı “Forbes”da Avropanın enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində Azərbaycanın mühüm rolundan, eləcə də ölkəmizdən enerji ehtiyatlarının tədarükünə təhlükə yarada biləcək amillərdən bəhs edən məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, enerji böhranının nəticələrinin yumşaldılmasına baxmayaraq, “qoca qitə” hələ də bu sahədə müəyyən çətinliklərlə üzləşir.

 “Avropa enerji böhranından tam çıxmayıb, siyasi risklər hələ də qalmaqdadır”, - müəllif qeyd edib.

“Forbes”da dərc edilən yazıda erməniəsilli rusiyalı milyarder, hazırda Azərbaycanın Qarabağ bölgəsində separatçılıqla məşğul olan Ruben Vardanyanın destruktiv fəaliyyətinə toxunulur.

“Vardanyan Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talayır. “Jamestown Foundation” fondunun baş əməkdaşı Yanuş Buqayski yanvarın 27-də “The Hill”də yazıb ki, Vardanyan saxta rəqəmlərlə sabitliyi pozmağa və vəziyyəti manipulyasiya etməyə çalışır”, - deyə müəllif qeyd edib.

 

Kamaləddin Qafarov: “Gənclər ölkəmizin gələcəyidir”

“ Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə daim ehtiyac olduğunu düzgün qiymətləndirən Ümummilli Lider Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ulu Öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələri müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.”

Bu sözləri Gənclər günü münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. 2002-ci il aprelin 9-da isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir.”

K.Qafarov bildirib ki, bu gün respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişafın əsas hərəkətverici qüvvəsi də məhz Azərbaycan gəncliyidir: “Hazırda ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Dövlətimizin başçısı tərəfindən 2005-ci ildə gənclərlə iş sahəsində növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi. Bundan başqa, 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bir sıra digər mühüm sənədlər Azərbaycan gəncliyinin cəmiyyətimizdə aparıcı mövqelərə sahib ola bilməsi üçün əsaslı zəmin yaratmışdır.”

K.Qafarov Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında gəncliyin müstəsna rolunu vurğulayaraq deyib: “Ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda hünərlə vuruşurlar.”


31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda qəbul edilən tarixi qərar gələcək həyatımızda yeni bir başlanğıc oldu. Bu, milli birliyə, həmrəyliyə nail olmağa başlanan yolun təməli idi.

Vətənə bağlılıq hissləri həmrəylikdən kecir

Bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.

70-dən çox ölkədə Həmrəylik Günü qeyd edilir

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Azərbaycanın tam müstəqillik qazanması Azərbaycan diasporunun həyatına mühüm canlanma gətirdi. Soydaşlarımızın diaspor fəaliyyətini vahid mərkəzdən koordinasiya edən Diaspor ilə iş üzrə Dövlət Komitəsinin yaradılması buna gözəl nümunədir. Bu günə qədər komitənin xətti ilə diaspor təşkilatlarımızın Bakıda bir araya gətirilərək keçirdiyi tədbirlər və fəaliyyət göstərdikləri ölkələrdə onlara verilən dəstək bu istiqamətdə nikbin perspektivlərdən xəbər verir.  Artıq 31 ildir ki, dünya azərbaycanlıları 31 dekabr gününü həmrəylik günü kimi qeyd edirlər. 

Həmrəylik ideyaları yaşadılır

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.

Diaspor həyatına canlanma hiss edilir

Bu gün məmnunluq hissi ilə qeyd edirik ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

 Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.




Tarixi köklərə və qardaşlığa söykənən dövr başlayıb



 2022-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi.Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazırıq. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ciddi əsaslara malikdir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi, təhsil və digər sahələrdə uğurla inkişaf edir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində bayraqlarımız ölkələrimizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdırdı. Ümumiyyətlə, dünya ölkələri, xüsusən də türk dünyası üçün örnək olan bu sarsılmaz birlik İkinci Qarabağ-Vətən müharibəsində daha da qabarıq şəkildə ifadə olunmuş və möhkəmlənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Türkiyə Cümhuriyyəti ilə münasibətlər bərabərhüquqlu qardaşlıq və əməkdaşlıq səviyyəsinə çatmışdır. Azərbaycanın və Türkiyənin strateji reallıqlarını və hədəflərini ifadə edən Şuşa Bəyannaməsi siyasi dillə ifadə olunan Birlik və Əməkdaşlıq marşıdır.

Şuşa Bəyannaməsi Birlik və Əməkdaşlıq marşıdır

  Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün ortaq təhlükəsizlik haqqında birgə fəaliyyət proqramıdır.

“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannamə”sində öz əksini tapmış aşağıdakı müddəalar Azərbaycan və Türkiyə dövlətlərinin ortaq taleyinin və maraqlarının hərbi cəhətdən birlikdə müdafiə olunmasının qarantı kimi səslənir: “Tərəflərdən hər hansı birinin fikrincə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və təcavüz edildiyi təqdirdə Tərəflər bir-birlərinə... BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər... Birgə tədbirlərin görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

 Həqiqətləri dünyaya catdırmaq hər kəsin mənəvi borcudur

Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır. 

“Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin qəbul edilməsi və yaşanan şanlı tarixi günlər Azərbaycan - Türkiyə münasibətlərinin, Qardaşlıq, Birlik və Həmrəyliyimizin böyük təntənəsi, mühüm Zəfəri və Zirvəsidir.

Azərbaycan və Türkiyə birlikdə Zəfərlərdən Zəfərlərə doğru aparan tarixi yolu müasir dövrdə şərəflə, məsuliyyətlə və uğurla davam etdirməkdədir.




Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

 



Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

 Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov