31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda qəbul edilən tarixi qərar gələcək həyatımızda yeni bir başlanğıc oldu. Bu, milli birliyə, həmrəyliyə nail olmağa başlanan yolun təməli idi.
Vətənə bağlılıq hissləri həmrəylikdən kecir
Bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
70-dən çox ölkədə Həmrəylik Günü qeyd edilir
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Azərbaycanın tam müstəqillik qazanması Azərbaycan diasporunun həyatına mühüm canlanma gətirdi. Soydaşlarımızın diaspor fəaliyyətini vahid mərkəzdən koordinasiya edən Diaspor ilə iş üzrə Dövlət Komitəsinin yaradılması buna gözəl nümunədir. Bu günə qədər komitənin xətti ilə diaspor təşkilatlarımızın Bakıda bir araya gətirilərək keçirdiyi tədbirlər və fəaliyyət göstərdikləri ölkələrdə onlara verilən dəstək bu istiqamətdə nikbin perspektivlərdən xəbər verir. Artıq 31 ildir ki, dünya azərbaycanlıları 31 dekabr gününü həmrəylik günü kimi qeyd edirlər.
Həmrəylik ideyaları yaşadılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.
Diaspor həyatına canlanma hiss edilir
Bu gün məmnunluq hissi ilə qeyd edirik ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.
Tarixi köklərə və qardaşlığa söykənən dövr başlayıb
2022-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi.Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazırıq. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ciddi əsaslara malikdir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi, təhsil və digər sahələrdə uğurla inkişaf edir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində bayraqlarımız ölkələrimizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdırdı. Ümumiyyətlə, dünya ölkələri, xüsusən də türk dünyası üçün örnək olan bu sarsılmaz birlik İkinci Qarabağ-Vətən müharibəsində daha da qabarıq şəkildə ifadə olunmuş və möhkəmlənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Türkiyə Cümhuriyyəti ilə münasibətlər bərabərhüquqlu qardaşlıq və əməkdaşlıq səviyyəsinə çatmışdır. Azərbaycanın və Türkiyənin strateji reallıqlarını və hədəflərini ifadə edən Şuşa Bəyannaməsi siyasi dillə ifadə olunan Birlik və Əməkdaşlıq marşıdır.
Şuşa Bəyannaməsi Birlik və Əməkdaşlıq marşıdır
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün ortaq təhlükəsizlik haqqında birgə fəaliyyət proqramıdır.
“Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannamə”sində öz əksini tapmış aşağıdakı müddəalar Azərbaycan və Türkiyə dövlətlərinin ortaq taleyinin və maraqlarının hərbi cəhətdən birlikdə müdafiə olunmasının qarantı kimi səslənir: “Tərəflərdən hər hansı birinin fikrincə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və təcavüz edildiyi təqdirdə Tərəflər bir-birlərinə... BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər... Birgə tədbirlərin görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Həqiqətləri dünyaya catdırmaq hər kəsin mənəvi borcudur
Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır.
“Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin qəbul edilməsi və yaşanan şanlı tarixi günlər Azərbaycan - Türkiyə münasibətlərinin, Qardaşlıq, Birlik və Həmrəyliyimizin böyük təntənəsi, mühüm Zəfəri və Zirvəsidir.
Azərbaycan və Türkiyə birlikdə Zəfərlərdən Zəfərlərə doğru aparan tarixi yolu müasir dövrdə şərəflə, məsuliyyətlə və uğurla davam etdirməkdədir.
Ceyhun Cahangirov
Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.