Azərbaycan dövləti həmişə qadınların fədakar əməyini yüksək qiymətləndirib. Bu gün də müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları daha əzmlə çalışmağa, böyük uğurlar əldə etməyə sövq edir.
Bizimaz.az xəbər verir ki, bu sözlər Mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsində fəaliyyət göstərən xanımlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlandığı təbrikdə qeyd olunub.
"Mənəvi dünyamızda qadın daim müqəddəs bir yerə sahib olub. Bu, qadınların həyatın eniş-yoxuşunda ömür-gün yoldaşına arxa-dayaq olması, ailə dəyərlərinin qorunmasında mühüm bir missiyanı ləyaqətlə yerinə yetirməsi ilə bağlıdır. Azərbaycan qadınlarının fədakarlığı, mətinliyi onların dəyərini yüksəklərə qaldırmış, müxtəlif bədii yaradıcılıq sahələrinin əsas mövzularından birinə çevirmişdir. Təsadüfi deyil ki, əsrlərdir bədii nümunələrdə qadınlarımızın gözəlliyi, etibarı, sədaqəti poetik dillə tərənnüm olunur. Şifahi xalq ədəbiyyatımızda da qadının, ananın ailədə, cəmiyyətdə yeri və rolu müxtəlif vasitələrlə ifadə edilmişdir. “Ana haqqı Tanrı haqqıdır” deyimi bəlkə də bütün bəşəriyyətdə qadına-anaya verilən ən yüksək qiymətdir.
Bu gün dövlət tərəfindən qadınların ölkə həyatının müxtəlif sahələrində rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Məmnunluqla qeyd edə bilərəm ki, mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti qadınlardan ibarətdir. Onlar dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində yaxından iştirak edirlər. Hər il neçə-neçə xanım əməkdaş fəaliyyətində qazandığı uğurlara görə nazirlik tərəfindən təltif olunur.
Mədəniyyət sahəsində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, ailə xoşbəxtliyi və işlərində uğurlar arzulayıram" - təbrikdə qeyd olunub.