Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın böyük oğlu Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib.
Bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və dörd il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib.
Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.