Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə etiraz doğurub.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.
Qeyd edək ki, M.Ə.Rəsulzadə Milli Şuranın sədri olub, “Azərbaycan Dövlət Cümhuriyyəti”nin deyil.
Bir kiçik barelyefdə bu qədər yanlışlıq böyük müzakirələrə səbəb olub və kəskin tənqid edilib.
Novxanı bələdiyyəsindən redaksiyamıza verilən məlumata görə, bələdiyyə sədri Şahin Tağıyev barelyefdəki səhvlərlə bağlı məlumatlandırılıb və o, hazırda məsələni "araşdırır".
***
Məsələ ilə bağlı danışan Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev səhvlərin düzəldilməsi üçün barelyefin ustaya göndərildiyini bildirib:
“Biz köhnə barelyefdə nə var idisə, onu yazdırmışıq. Orada bir səhv olub – “dövlət” yerinə “xalq” sözü olmalı idi. Həmin lövhə oymalarla işlənilib, ona görə də səhvlərin düzəldilməsi bir az çətin məsələdir. Görək hansı formada düzəldə bilirik. Bəzi kitablarda Rəsulzadənin adı “Məmmədəmin”, bəzilərində isə “Məhəmməd Əmin” kimi qeyd edilib. Bu səbəbdən həmin informasiyanı dəqiq verə bilmədik. Oğurlanmış lövhəni vaxtilə Xalq Cəbhəsinin rəhbərləri düzəltdirib. Kasıb vaxtımda o barelyefin yenidən hazırlanmasına 1800 manat pul vermişəm. Barelyefi hazırlayan usta ilə danışmışam, yəqin ki, bir-iki gün ərzində səhvləri düzəldəcək”.
Ş.Tağıyev oğurlanan barelyefin bələdiyyə tərəfindən götürülməsi barədə verdiyi açıqlamaya da aydınlıq gətirib:
“Barelyefin oğurlanması barədə məlumatlar yayılanda kəndimizin əhalisinə görə utandım. Necə deyim ki, mənim sakinim bizim fəxr etdiyimiz bir insanın barelyefini oğurlayıb?! Ona görə də "barelyef bələdiyyə tərəfindən götürülüb" dedim ki, kəndin adı pis çıxmasın və sonradan yenisini düzəltdirib yerinə qoyum".