"Bəzən kurrikulum valideynlər, mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir . Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib" .
Bu sözləri təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov PIRLS 2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.
Onun sözlərinə görə, vacib məqamlardan biri məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi, bunun üçün icma əsaslı qrupların yaradılmasıdır: “ 2015-ci ilin yanvarın 1-dən diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin əməkhaqlarının artırılmasına başlanılıb. Təhsilin inkişafı ölkə
Prezidenti
İlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyən edilib, təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub. Bu siyasi iradənin bariz nümunəsi kimi qısa müddət ərzində bir sıra strateji dövlət sənədlərinin qəbul edilməsi, təhsil sahəsində köklü islahatlara yönəlmiş addımların atılmasını göstərmək olar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq
Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna nümunədir".
Beynəlxalq qiymətləndirmələrdə iştirakın davamlı olmasının vacibliyini vurğulayan C. Bayramov Azərbaycan PISA-2018 və TIMSS-2019 tədqiqatlarında iştirak edəcək şagird və müəllimlərimizə uğurlar arzulayıb.