Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Bizimaz.az bildirir ki, Unikal.org-un məlumatına görə, təbrik məktubu Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev tərəfindən oxunub.
Məktubda deyilir: "Hörmətli forum iştirakçıları, əziz gənclər. Sizi, Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzu edirəm.
Gənclərin növbəti forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında keçirilməsi rəmzi məna daşıyır. İstər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilib. Hazırda da gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir".
Dövlət başçısı qeyd edib ki, 1996-cı ildən Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur:
"Ənənəvi olaraq keçirilən forum ulu öndərin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır. İqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda ötən dövr ərzində gənclərin hərtərəfli inkişafını təmin edən və onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan ictimai təşəbbüsləri dəstəkləyən çoxsaylı tədbirlər həyata keçirilib".
Prezident bildirib ki, bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir:
"Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar. Gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, gənclər sahəsində Bakı öhdəliklərinin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda da həyata keçirilməkdə olan Azərbaycan Gənclərinin İnkişaf Strategiyası, "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.
Əminəm ki, forum dövlət gənclər siyasətinin daha səmərəli icrası ilə bağlı geniş və hərtərəfli müzakirələr, parlaq və innovativ ideyalar məkanına çevriləcək, gəncləri yeni uğurlara ruhlandıracaq. Bir daha sizə və VIII Forumun işinə uğurlar arzu edirəm".