Xəbər lenti


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə 2019-cu ilin iyununda Londonda məhkəmə prosesi keçiriləcək. Z.Hacıyeva noyabrın 2-də İngiltərənin paytaxtı Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb.

 

Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı 2 mənimsəmə ittihamı irəli sürüb.

Bizimaz.az bildirir ki, Musavat.com-un məlumatına görə, söhbət mənimsəmədən gedirsə, cəzası aşağıdakı maddələrlə müəyyən ediləcək:

Maddə 179. Mənimsəmə və ya israf etmə

179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

179.2. Eyni əməllər:

179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

179.2.2. təkrar törədildikdə;

179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

179.3.2. külli miqdarda törədildikdə;

179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə - 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəs Z.Hacıyevanın Azərbaycana ekstradisiyası mümkün olacaqmı? Məsələ ondadır ki, Z.Hacıyeva britaniyalı istintaqçılara ifadəsində pulların ona deyil, hazırda həbsdə olan əri C.Hacıyevə məxsus olduğunu deyib. Əgər istintaq bu yöndə gedərsə, başqa sözlə pullar C.Hacıyevin olubsa, bu halda onun xanımının cinayət məsuliyyətinə cəlb olunma perspektivi çox aşağıdır. Faktiki olaraq Z.Hacıyevanın ərinə qarşı ifadə verməsi düşünülmüş bir plandır, məqsəd xanım Hacıyevanı məsuliyyətdən yayındırmaq cəhdidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov