Xəbər lenti


Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə görmə imkanları məhdud olan Zeynəb Ədalət qızı və Fərqan Arif oğlunun “Könül dünyası” adlı yaradıcılıq gecəsi keçirilib.

 

Bizimaz.az Kult.aza istinadən  xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan gecədə millət vəkili Qənirə Paşayeva çıxış edərək mesajlar verib.

“Əlil, şikəst sözünü sevmirəm və qəbul etmirəm. Çünki insanın əsas şikəstliyi mənəviyyatı ilə əlaqədardır. İnsanın könlünün, mənəviyyatının şikəst olması əsl faciədir. Bu gənclərin sadəcə görmələrində məhdudiyyət var. Amma onlar dünyanın əlvan rənglərini öz qaranlıq dünyalarının könül gözü ilə sağlam insanların çoxundan yaxşı görürlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fiziki imkanları məhdud şəxslərin həyat şəraitinin, məşğulluğunun yaxşılaşdırılması istiqamətində hər zaman mühüm işlər görülür. Bütün bunlar fiziki imkanları məhdud şəxslərə dövlət səviyyəsində qayğı və diqqətin bariz nümunəsidir”, - deputat vurğulayıb.

Millət vəkili tədbirə dəstəyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə təşəkkür edib.

“İnanırıq kı, bundan sonra fiziki imkanları məhdud insanlarla bağlı həyata keçirilən proqramlar, layihələr daha da artacaq”, - Q.Paşayeva qeyd edib.

Millət vəkili daha sonra Zeynəblə Fərqan haqqında öz fikirlərini bölüşüb:

“Fərqanın görmə imkanları məhdud olan həyat yoldaşı Yeganənin müəllim işləmək arzusunun gerçəkləşməsində göstərdiyi dəstəyə görə Təhsil naziri Ceyhun Bayramova təşəkkür edirik. Fərqanəgildə olanda sintezatorda ifa edən Fərqanı kəşf etdim, səsinə valeh oldum və onu cəmiyyətə daha geniş təqdim etməyi qərara aldım. Zeynəbin isə jurnalist olmaq arzusunu Yevlaxda fəaliyyət göstərən televiziyada bir müddət işləməsinə kömək etməklə reallaşdırmağa çalışdıq və Zeynəb çox uğurlu fəaliyyət göstərdi. Onun paytaxt televiziyalarında çalışan bir çox aparıcılardan daha dolğun, lakonik, sərrast ifadələrlə danışması və veriliş aparması məni düşündürdü. Zeynəbin gözəl, ürəyəyatımlı, düşündürən, cəmiyyətə mesaj verən şeirlərini dinlədikcə, bayağı şeirləri ilə cəmiyyətdə özlərinə yer tutmağa çalışanları müqayisə etdim. Belə gənclərə hər kəs qapısını açmalıdır”.

Daha sonra Zeynəbin kövrək həzin səsi ilə mərasimin bədii hissəsi davam etdirilib.

Tədbirə sözləri Zeynəb Ədalət qızına, musiqisi Fərqan Arif oğluna aid olan “İnsanlıq ölməyib” adlı musiqi əsəri ilə yekun vurulub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov