Xəbər verdiyimiz kimi, Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyini bağlayacağı ilə əlaqədar məlumat yayıb.
Bizimaz.az Unikal.orga istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva açıqlamasında qərarın təəssüf doğurduğunu bildirib.
"Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan "Equinor” (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olmuş və "Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə Azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib”.
L.Abdullayeva əlavə edib ki, hazırda olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir:
"Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”.