Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsi keçirilib.
MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, iclasda ilk dəfədir ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov da iştirak edir.
Onun sözlərinə görə, buna səbəb bələdiyyələrlə bağlı səsləndirilən fikirlərə yerində və zamanında cavab almaqdır:
“Çünki bəzən komitəmizdə səslənən fikirlərə rəsmi cavab almaq bir qədər çətin olur”.
V. Zahirov isə bildirib ki, 2017-ci il bələdiyyələrin fəaliyyətində uğurlu il olub.
“Bələdiyyələrlə iş iki istiqamətdə aparılıb və uğurlu nəticələr əldə edilib”.
Nazir müavini xüsusilə bələdiyyə qulluqçularının Etik davranış Kodeksinin qəbulunun bələdiyyələrin fəaliyyətində mühüm rol oynadığını və bundan sonra da oynayacağını bildirib.
O deyib ki, 65 minə yaxın bələdiyyə aktı daxil olub və onların qanunverciliyə uyğunluğu yoxlanılıb, bəziləri dəyişdirilməsi üçün geri qaytarılıb:
“1979 aktın ləğvi və ya dəyişdirilməsi qərara alınmışdı ki, nəticədə onlardan 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Qalanları ilə bağlı müzakirələr davam edir”.
Nazir müavini bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edildiyini bildirib və əlavə edib ki, artıq 24 faktla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq sənədlər göndərilib:
“Artıq 15 fakt üzrə cinayət işi başlanılıb”.