Xəbər lenti



Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür.

Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub.

 O, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. 

Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.

Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycanda elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində Birləşmiş İxtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində Aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə Şurasının üzvüdür.

Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik edib. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirib, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak edib.

Əməkdar elm xadimi 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.

Bizimaz.az görkəmli alim, akademik Arif Paşayevi doğum günü münasibətilə təbrik edir!

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov