Xəbər lenti



Milli Məclisinin deputatı, professor Eldar Quliyevin müsahibəsi (davamı)


Bir il bundan öncə, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Vətən müharibəsinin başlanma səbəbləri, gedişi və nəticələri, eləcə də son bir ildə və xüsusilə postmüharibə dövründə ölkəmizdə və Cənubi Qafqazda müşahidə olunan proseslər və bir çox digər məsələlər barədə əməkdaşımızın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.


- Eldar müəllim, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərini necə şərh edə bilərsiz?

- Noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına etdikləri tarixi səfər xalqımızın yaşadığı qələbə sevincini daha da artırdı, insanlarımızın özünəinam hissini bir qədər də yüksəltdi. Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bizim işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışımızın ilk addımının artıq atıldığını bütün dünyaya bəyan etmiş oldu. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın ilk günü quruculuq işlərinə start verilməsilə əlamətdar oldu. Həmin gün Füzuli – Şuşa avtomobil yolunun çəkilişinə başlandı. Ali Baş Komandan və xanımı Mehriban Əliyeva yolun təməlqoyma mərasimində iştirak etdilər. Çox qürurverici bir haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına başlanmış ilk layihə məhz Füzuli – Şuşa yolu oldu. Bu yolun əlbəttə ki, müstəsna əhəmiyyəti vardır. Möhtərəm Prezidentimizin də Füzuli rayonunda sakinlərlə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Füzuli – Şuşa yolunun inşasına başlanması həm də Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun bir göstərisidir. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan ermənilər həmin ərazilərdə tək bir quruculuq işinə də imza atmamış, yalnız dağıtmaq, viran qoymaq və talan etməklə məşğul olmuşdular. Budur erməni xislətinin mahiyyəti. Lakin Azərbaycan xalqına bu xüsusiyyətlər yaddır. Azərbaycan xalqı yalnız quruculuq, sülh və əmin-amanlıq tərəfdarıdır. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra artıq cənab Ali Baş Komandanın ayaq basdığı yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlandı. Heç şübhəsiz bu səfər özü-özlüyündə ayrıca bir tarixi hadisədir və Azərbaycanlıların tezliklə işğaldan azad edilmiş bütün torpaqlarına həmişəlik qayıdacaqlarına və bu torpaqlarda artıq əbədi yaşayacaqlarına dair bütün dünyaya ünvanlanmış bir mesaj xarakteri kəsb etmişdir.


- Ümumiyyətlə etiraf olunmalıdır ki, bu gün Azərbaycanın təklif etdiyi regional nəqliyyat layihələri Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olması baxımından xüsusi önəm kəsb edir. Bu barədə nə deyə bilərsiniz?

- İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bildiyiniz kimi, bu ilin əvvəlində, fevral ayının 14-də Füzuli rayonunda səfərdə olarkən Ölkə Prezidenti cənab İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsində, həm də yüklərin daşınmasında müstəsna rol oynayacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvana aparan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu istiqamətdə işlər görülür. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihənin icrası ilə uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, Azərbaycanın həm strateji, həm iqtisadi, həm də siyasi məqsədləri həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Digər tərəfdən isə, möhtərəm Prezidentimizin dediyi kimi, bölgənin digər ölkələri də bu layihəyə öz müsbət qiymətini vermişlər. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr bu layihələrdən faydalana biləcəklər.


- Eldar müəllim, son dərəcə diqqətəlayiq bir haldır ki, Azərbaycan hətta Vətən müharibəsinin davam etdiyi dövrdə belə beynəlxalq enerji layihələrinin icrası çərçivəsində üzərinə düşən öhdəliklərin həyata keçirilməsinə ara vermədi. Elə Cənub Qaz Dəhlizinin vaxtında istismara verilməsi faktı da bunun bir sübutudur. Fikrinizcə bu layihə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində nə kimi rol oynayacaq?

- Birmənalı olaraq qeyd etmək lazımdır ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması və bu gün TAP-ın istismara verilməsilə artıq daha yüksək səviyyəyə keçid alması ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində mümkün olub. Həqiqətən də bu möhtəşəm layihə qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edir. Artıq bundan sonra ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri tamamilə yeni formatda davam edəcəkdir ki, bu formatın da Azərbaycanın milli maraqlarına tam uyğun olması heç bir şübhə doğurmur. Aydındır ki, bu layihənin həyata keçirilməsində bütün iştirakçı ölkələrin zəhməti, payı vardır. Lakin danılmaz həqiqət budur ki, məhz Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında xidmətləri müstəsna dərəcədə böyükdür. Əslində bu layihənin gerçəkləşməsi bütün bu illər ərzində dövlətimizin başçısı tərəfindən nümayiş etdirilən prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində mümkün olub. Azərbaycan bu nöqtəyə çatmaq üçün uzun bir yol keçib. Bu yolda atılan ilk addım isə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı enerji şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi” oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi və 1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. Heç şübhəsiz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması bütün Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edəcək tarixi nailiyyətdir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi hazırda Avropanı Xəzər dənizi ilə bağlayır. Yəni bu layihə dünya miqyaslı infrastruktur vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirir, iqlim, iqtisadi və kommersiya məqsədlərinə nail olunmasına böyük töhfələr verir. İlk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub. Əslində bu layihə bütün Avrasiya məkanında yeni geoiqtisadi mühiti və dayanıqlı inkişafı, qlobal əməkdaşlığı təşviq edən bir formasiya yaradır. Öz növbəsində Azərbaycan öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməklə enerji dəhlizinin fiziki təhlükəsizliyini artırmış və bu layihəyə hərbi hədələri aradan qaldırmışdır. Beləliklə, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır.


- Məlumdur ki, Azərbaycan 2019-cu ildən dünyanın ən böyük siyasi təsisatlarımdan biri olan Qoşulmama Hərəkatına da sədrlik edir. Bu təşkilata üzv olan ölkələrin Vətən müharibəsinin gedişində ölkəmizə verdikləri dəstəyi necə qiymətləndirirsiniz?

- Həqiqətən də Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Bu ilin iyul ayının 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilmiş aralıq konfransında videoformatda çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu təşkilatın təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, son vaxtlar dünyada müşahidə olunan mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğuna görə ölkəmiz 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən düşünülmüş və praqmatik xarici siyasət qısa müddət ərzində Azərbaycana Hərəkatda olduqca böyük nüfuz və etimad qazandırıb. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdu. Təşkilata üzv ölkələrin Azərbaycana verdikləri dəstəyə gəlincə isə demək lazımdır ki, Qoşulmama Hərəkatı ölkələri beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstək veriblər. O cümlədən Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Qoşulmama Hərəkatından Azərbaycana daha bir güclü dəstək isə ötən ilin noyabr ayında gəlmişdi. Şuşanın işğaldan azad edilməsindən bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilmiş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın da daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkələrin dövlət və hökumət başçılarına məktublar göndərərək, BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə təşəkkürünü bildirmişdi.


- Eldar müəllim, istərdim bir daha Azərbaycan-Türkiyə münasibətlərinə dönüş edək. Bildiyiniz kimi, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Müttəfiqlik Bəyannaməsi imzalandı. Bu sənədin ölkələrimiz arasında mühasibətlərin gələcək inkişafındakı rolu barədə nə deyə bilərsiniz?

- Qars müqaviləsindən düz 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi həm siyasi, həm də tarixi baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Bu sənəd hər iki ölkənin maraqlarının qorunması və imkanların birləşdirilməsi və regionda sülhün qorunması istiqamətində atılan çox ciddi bir addım kimi dəyərləndirilməlidir. Şuşa Bəyannaməsi təkcə qardaş ölkələr olan Azərbaycan və Türkiyə üçün deyil, həmçinin bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir. Bu gün Azərbaycan və Türkiyə arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır. İyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi də iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanın yaradılmasını nəzərdə tutur. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı, eləcə də Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”ifadəsi bu Bəyannamənin imzalanması ilə bir daha öz təsdiqini tapdı. Ən başlıcası da Şuşa Bəyannaməsi ümumi təhlükəsizliyin və sülhün təminatı baxımından bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir. Eyni zamanda da Şuşa Bəyannaməsində Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda mövqeylərini daha da gücləndirir. Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən yol verməyəcək.


- Vətən müharibəsinin gedişi zamanı Ölkə Prezidenti cənab İlham Əliyevin bu savaşı həm də informasiya cəbhəsində uğurla apardığı barədə fikirlərinizi bir qədər əvvəl bildirdiniz. Lakin informasiya müharibəsi bu gün də davam edir. Bu aspektdən Azərbaycan Prezidentinin avqustun 14-də “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində ifadə etdiyi fikirləri necə şərh edərsiniz?

- Prezident İlham Əliyev hər zaman olduğu kimi, “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi və regionda əsas söz sahibi kimi beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən fikirlər səsləndirdi. Dövlətimizin başçısı öz müsahibəsində bəzi dünya güclərinin hələ də həyata keçirdikləri ikili standartlar siyasətini bir daha ifşa etdi və qətiyyətlə pislədi. Azərbaycan Prezidenti birmənalı olaraq bildirdi ki, saxta “erməni soyqırımı”nı tanıyan ölkələr həqiqətləri deyil, saxta tarixi qəbul edirlər. O cümlədən dövlətimizin başçısı erməni faşizminin, erməni vəhşiliyinin ən dəhşətli təzahürlərindən biri olan Xocalı soyqırımının hələ də bir çox dövlətlər tərəfindən tanınmaması faktını qətiyyətlə pislədi. Prezident İlham Əliyev dedi ki, bu vəziyyətin davam etməsində ikili standartlar əsas rol oynayır, çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib və yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Qeyd etmək lazımdır ki, bu 13 ölkə tərəfindən Xocalı soyqırımının tanınması faktı da birbaşa dövlət başçımızın yürütdüyü xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin siyasəti son illər ərzində Azərbaycana bir çox müttəfiqlər qazandırıb. Ancaq bu gün də saxta “erməni soyqırımı”nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Burada da əsas amil siyasi amildir. Lakin Azərbaycana artıq bu kimi vasitələrlə təsir etmək qeyri-mümkündür. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə öz əsas hədəfinə Qarabağın və Şərqi Zəngəzurun azad edilməsinə nail oldu və indi artıq bizim qarşımızda yeni hədəflər durur ki, dövlət başçımızın qətiyyəti və siyasi iradəsi, eləcə də xalqımızın əzmi sayəsində biz onlara da ən qısa zamanda nail olacağıq.


- Eldar müəllim, əslində bu sualla müsahibəni bitirməyi düşünürdüm. Amma siz qarşımızda duran yeni hədəflərdən bəhs edərkən nədənsə gözümün önündə artıq ilk sınaq reyslərinin keçirildiyi Füzuli beynəlxalq hava limanının görüntüləri canlandı. Yəqin ki, bu infrastruktur layihəsinin əhəmiyyəti barədə fikirlərinizi bilmək oxucularımız üçün də maraqlı olar.

- İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, Füzulidə hava limanının inşası və ümumiyyətlə işğaldan azad olunmuş ərazilərimizdə yeni, müasir kommunikasiyaların tikilməsi həmin torpaqlara böyük qayıdışımız üçün ən vacib prioritetlərdəndir. Bildiyiniz kimi, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi də dövlət başçısının iştirakı ilə həmin ilin yanvar ayının 14-də baş tutdu. Cəmi 7 ay sonra isə hava limanl artıq ilk təyyarəni qəbul edir. Bu həqiqətən də böyük bir nailiyyətdir. Füzuli hava limanının belə qısa zamanda inşa olunaraq istifadəyə verilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti çox böyükdür. Aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli hava limanının xüsusi rolu olacaq. O cümlədən beynəlxalq daşımalar rahatlaşacaq və onların həcmi artacaq. Həmçinin hava limanı bölgənin və ümumilikdə ölkəmizin turizm sektorunun inkişafına çox müsbət təsir edəcək. Nəhayət, zərurət yaranacağı tədqirdə hava limanından hərbi məqsədlər üçün də istifadə oluna bilər. Əminliklə demək olar ki, Füzuli beynəlxalq hava limanının işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, bərpası və dünyaya tanıdılmasında xüsusi rolu olacaqdır.


- Eldar müəllim, Sizə ətraflı, dolğun müsahibənizə görə redaksiyamız adından və oxucularımız adından dərin təşəkkürümüzü bildirirəm. Çox sağ olun.

- Siz də sağ olun.


Söhbətləşdi: Azər Məmmədov
aia.az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov