Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisinin ikinci günündə Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.
Bizimaz.az bildirir ki, Müdafiə Sənayesi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.
Mədət Quliyev nazirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.
Səmimi görüşdən məmnunluq duyduğunu bildirən nazir Nebojsa Stefanovic Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.