Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Camal Haşoqqinin öldürülməsindən 5 ay əvvəl, jurnalistin işlədiyi "Washington Post" qəzetinin rəhbəri Cef Bezosun (Jeff Bezos) telefonundakı şəxsi məlumatları haker müdaxiləsi ilə ələ keçirib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu iddia ilə "The Guardian" qəzeti çıxış edib.
Nəşrin yazdığına görə, "Washington Post" qəzetinin müdiri və "Amazon" alış-veriş saytının sahibi Cef Bezosun mobil telefonu bin Salmanın "WhatsApp" hesabından göndərilən video mesajla hakerlər tərəfindən ələ keçib.
1 may 2018-ci ildə göndərilən mesajdan sonra Bezosun mobil telefonundakı çox sayda məlumat yüklənib.
Qeyd edildi ki, Camal Haşoqqinin qətl hadisəsi haker hücumundan 5 ay sonra törədilib və Bezosun şəxsi həyatı ilə bağlı xəbərlər 9 ay sonra ABŞ-da dərc olunan "National Enquirer" qəzetində yayımlanmağa başlayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Haşoqqinin İstanbuldakı konsulluqda qətlə yetirilməsində ittiham olunan 5 nəfər barəsində edam qərarı çıxarıb.