Son iki həftədə İranın 25 əyalətinə yağan intensiv yağışlar nəticəsində yaranan sel, daşqınlar və torpaq sürüşmələrində 64 nəfər həyatını itirib.
SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Tibbi Ekspertiza İdarəsi məlumat verib.
Bildirilib ki, ötən gün Qəzvin əyalətində şiddətli yağışlar və seldən sonra torpaq sürüşməsi və dağ uçqunu nəticəsində daha iki nəfər ölüb. Bu hesabla son iki həftədə İranda sel və ondan irəli gələn torpaq sürüşməsinə görə ölənlərin sayı 64-ə çatıb.
Bu təbii fəlakət daha çox İranın Şiraz şəhərində (19) can alıb. İranın Lorestan əyaləti və Qolestan əyaləti qurbanların sayına görə 2 və 3-cü yerdədirlər.
İranın aidiyyatı qurumları bu intensiv yağışların və ondan irəli gələn selin son 48 ildə ən şiddətli olduğunu bildirirlər.
Bu təbii fəlakət zamanı İranın şimalında Qolestan əyalətinin türkmənlər yaşayan Ağ Qala şəhəri və qərbində yerləşən Lorestan əyalətinin Pol-Doxtər (Qız Körpüsü) şəhəri daha çox maddi ziyana məruz qalan yaşayış massivləridir.