Bir neçə gün əvvəl Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kollegiya iclası keçirilib.
Bizimaz.az: Nazirlikdən Axar.az-a verilən məlumata görə, iclasda çıxış edən nazir Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qarşıdakı dövrdə də sosial sahədə islahatlar uğurla davam etdirilməklə və daha da genişləndirilməklə, bu islahatlarda əsas prioritet – idarəetmə və xidmət sahələrində şəffaflığın, vətəndaş məmnunluğu prinsipinin yüksək səviyyədə təminatı olacaq.
Nazir onu da qeyd edib ki, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi istiqamətində aparılan işlər nəticəsində 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığı müəyyən edilib:
“Həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısamüddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq”.
S.Babayev həmçinin 2500-dək yanlış əlillik təyinatının da aparılan araşdırmalar nəticəsində aşkar edilərək ləğv olunduğunu, bu istiqamətdə araşdırmaların davam edəcəyini deyib.
O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb.