Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib, SMS məlumatlandırma yaradılıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən irəli sürülən bu təklif müsbət həllini tapıb.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, idarə DİN rəhbərliyinin tapşırığı ilə əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “ASAN” xidmətə müraciət edib:
“ASAN Xidmətə texniki baxışın bitməsi barədə sürücülərə SMS vasitəsi ilə məlumat verilməsi xidmətinin yaradılması təklif edilib. Verilən təklif müsbət qiymətləndirilərək bu xidmət operativ şəkildə aktiv olunub.
Bundan sonra nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışın bitməsinə 10 gün qalmış SMS-lə xəbərdarlıq ediləcək. Həmçinin növbəti texniki baxışdan keçirilməsinədək olan vaxt barədə də məlumat verilcək”.
K.Əliyev bilidirib ki, burada sürücülərin də atmalı olduğu addımlar var:
“Hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılmış elekton kabinetdə texniki baxışla əlaqədar müvafiq məlumatların yerləşdirilməsinə baxmayaraq, əvvəllər sürücülər narazılıq edirdi ki, texniki baxışdan keçmə vaxtını unutmuşam, üstündən 1-2 il vaxt keçib, yadımda qalmayıb, elektron kabinetdən də istifadə edə bilmirəm. Biz də bu problemi həll etmək üçün ASAN Xidmətin köməyi ilə SMS məlumatlandırma xidmətini yaratmaq qərarına gəldik. Amma bunun üçün sürücülərin də atmalı olduğu bəzi addımlar var”.
Şöbə rəisi Asanpay.az saytında qeydiyyatdan keçməyən sürücülərdən xahiş edir ki, həmin saytda FİN kod vasitəsilə elektron qaydada qeydiyyatdan keçsinlər və bu xidmət avtomatik olaraq həmin sürücülər də aktiv olsun. Çünki sürücünün telefon nömrəsi sistemdə olmadıqda onlar bu xidmətdən yararlana bilməyəcəklər.