Paytaxtda quraşdırılan kitab köşkünün sökülməsinə aydınlıq gətirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə gün öncə şəhərin mərkəzində kitab oxumaq üçün “Kitab dayanacağı” adlı köşk quraşdırılıb və içində müxtəlif kitablar yerləşdirilib. Köşk dünən axşam saatlarında sökülüb.
Məlumata görə, həmin köşk SOCAR əməkdaşları tərəfindən quraşdırılıb və üzərində dövlət neft şirkətinin loqusu da olub. Həmin köşkü İcra Hakimiyyəti deyil, quraşdıran şəxslər özləri söküb.
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurum əməkdaşlarının da üzvü olduğu ictimai birlik bir müddət əvvəl belə təklif irəli sürübmüş: “Onlar SOCAR-a məxsus ərazilərdə kitab köşklərinin quraşdırılmasını təklif etmişdilər. Həmin vaxt bu təklif razılaşdırma mərhələsində idi. Lakin bu köşklərin quraşdırılmasını SOCAR maliyyələşdirmir. Həmin ictimai birlik həyata keçirəcəkdi. Sözügedən köşkün quraşdırılması və sökülməsindən isə məlumatım yoxdur”.
İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən “Qafqazinfo”ya verilən açıqlamaya görə, məqsədindən asılı olmayaraq istənilən halda şəhərin mərkəzində hər hansı köşk quraşdırılması üçün müvafiq qurumların icazəsi olmalıdır.