Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək.



Bizimaz.az: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapır.

Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına  daha geniş şərait yaradılmasıdır.

İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədi ilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin, təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək.

Azərbaycan Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.

Bu dəyişiklik, eyni zamanda, milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”na uyğunlaşdırılması istiqamətində növbəti addımdır.

Belə ki, ölkəmizin 2 oktyabr 2008-ci ildə ratifikasiya etdiyi həmin Konvensiyanın 21-ci maddəsinə əsasən, bu sənədə qoşulan ölkələrin öhdəliklərindən biri kimi jest dillərinin, Brayl əlifbasının, əlilliyi olan şəxslərin seçiminə uyğun gücləndirici və alternativ üsulların, ünsiyyətin bütün digər üsullarının, metod və formatların rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinin təmin olunmasıdır.